MN-i nəyi gözləyirdi? Nə qədər eyni şeyin təkrarı olar?
11-09-2020, 08:03
![MN-i nəyi gözləyirdi? Nə qədər eyni şeyin təkrarı olar?](/uploads/posts/2020-09/1599797026_1.jpg)
Tovuz döyüşlərində general P.Həşimovun və polkovnik İ.Mirzəyevin həlak olmaları, yüksək rütbəli hərbçilərin döyüşdə həlak olması ilə bağlı çoxsaylı suallar doğurdu.
Müdafiə Nazirliyi zabitlərin həlak olması şəraitinə aydınlıq gətirmədiyinə görə yaranmış informasiya vakuumunu (artıq ənənəvi olaraq) ən ağlasığmaz şayələr, versiyalar doldurdu.
Şəhidlərimizin qisasını almaq niyətilə düşmənə endirilən yüksəkdəqiqli hava zərbələrin videonümayişi, cəmiyəti narahat edən əsas suala cavab vermədi.
Vəziyət elə yerə gəlmişdi ki, ermənilər az.dilli sosial şəbəkədən versiyalar oxuyub, cəmiyətimizdə çaşqınlığın, siyasi və hərbi rəhbərliyə inamı qıran, bədbinliyin, şübhələrin dərinləşməsinə xidmət edən “məlumatlar” yayırdılar.
Bir ay gözləyəndən sonra, nəhayət MN-i, “general 31 km-dən vurulmayıb”, cümləsini sanki son nəfəsində çıxarda bildi.
MN-i nəyi gözləyirdi? Nə qədər eyni şeyin təkrarı olar?
2014 avqust, 2016 aprel, 2017 fevral, 2018 may və daha kiçik hadisələrdə daim informasiya boşluğunun, çevikliyin olmamasının ictimai rəydə yaratdığı çaşqınlıq, bədbinlik, düşmənə sərf edən “daxili satqınlar” fobiyası və s.
Ermənistan müdafiə nazirliyində “İnformasiya təxribatları” idarəsi var, işləyir. İnformasiya döyüşündə kim qalib gələcək, “yuxarıdan” komanda və mətn gözləyən Dərgahlı ya düşmənin infoirmasiya müharibəsi idarəsi?, sualı ritorik səslənir.
Lakin MN-nin informasiya fəaliyətini ümumilikdə qeyri-çevik saymaq düzgün olmazdı. Polad Həşimovun “31 km-dən vurulmaması” barədə o Şəhid olandan bir ay sonra məlumat verən MN-i həmin günlər Nəcməddin Sadıkovla bağlı məlumat vermişdi ki, N.Sadıkov türk hərbçilərinə qıcıqlanmayıb. Buna həsr olunmuş ətraflı yazı MN-nin fb-səhifəsində bir aya yaxın yuxarıda bərkidilmiş qaldı ki, hər daxil olan ilk onu görüb, tanış olsun.
Görünür MN-i N.Sadıkovun reytinqini, cəmiyətin, yüksək rütbəli zabitlərin cəbhədə hansı şəraitdə Şəhid olmaları barədə fikrindən daha önəmli sayır. Ona görə birində yüksək çeviklik və xidməti canfəşanlıq göstərir, digərində süstlük.
Hər kəsə aydındır ki, MN-nin informasiya fəaliyətində prioritetlər doğru müəyyən olunmayıb. Baş qərargahın reputasiyası, əlbəttə, önəmlidir. Ancaq onun barəsində cəmiyətdə artıq çoxdan oturuşmuş fikir var və daxili məsələdir. Cəbhədə baş verənlərsə, düşmənlə birbaşa və hər an yenilənən informasiya qarşıdurmasıdır. İstənilən qarşıdurmada təşəbbüsü itirdinsə, ciddi zərbələr alırsan və müdafiə olunursan. N.Sadıkovun reytinqi ilə cəbhədən gələn xəbərlərin informasiya dəyərində fərq bundadır.
Hərbi əməliyatların informasiya təminatına(-hərbi dildə bu belə adlanır) MN-nin münasibəti köklü şəkildə 180 dərəcə dəyişməsə, çeviklik, kreativlik olmasa, müharibə vaxtı ictimai rəyimizi düşmən manipulyasiya edəcək. Bunu layiqincə qiymətləndirə bilməyən, müharibəni “dubovı” sovet zabiti kimi anlayan aidiyatlı kolleqalarım müasir müharibəyə yararsızdılar.
Nazim Bayram
Hərbi ekspert
Teref.az