“Nazirlər Kabineti Operativ Qərargahın, TƏBİB-in və s. fəaliyyətini dərindən yoxlamalıdır...”

16-09-2020, 08:31           
“Nazirlər Kabineti Operativ Qərargahın, TƏBİB-in və s. fəaliyyətini dərindən yoxlamalıdır...”
“Ölkə və ümumbəşəri miqyasda koronavirus dərslərindən ibrət götürülməlidir...”
"Ümumiyyətlə, yaxşı olar ki, bütün idarə və təşkilatlar pandemiya dövründəki vəziyyəti öz xətləri ilə təhlil edib təsirli tədbirlər görsünlər..."


Hüquq elmləri doktoru, professor Bəhram Zahidov Moderator.az redaksiyasına “COVİD-19” infeksiyası meydana çıxan günlərdən bəri dünyada və Azərbaycanda baş verən gerçək proseslərin qısa təhlili ilə bağlı “Ölkə və ümumbəşəri miqyasda koronavirus dərslərindən ibrət götürülməlidir...” başlıqlı məqaləsini təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı oxucuların müzakirəsinə buraxırıq:

“Təqsirli şəxslər və dövlətlər məsuliyyətə cəlb edilməli, bu kimi bəşəri cinayətlərin təkrar edilməməsi üçün qətiyyətli tədbir görülməlidir...”

“Reallıq bundan ibarətdir ki, bu gün bizim də sıralarında təmsil olunduğumuz insanlıq, tarixin ən çətin və ən mürəkkəb dövrünü yaşamaqdadır. Bunu fəlakətlər dövrü də adlandıra bilərik. Ona görə yox ki, gözəgörünməz bir virus, mikrob zaman–zaman formalaşmış, nizam-tərəzinin tarazlığını pozmuşdur, həm də ona görə ki, yalnız insanların qiymətləndirə biləcəyi dəyərlərin həm əhəmiyyəti, həm də ölçü meyarları itmişdir. Bunun acı nəticələri onda ifadə olunur ki, bu virus bizi, bəşəriyyətin əşrəfi olan insanı ümüdsizliyə, çarəsizliyə, sabahsızlığa, başıpozuqluluğa, bir sözlə, indiyə qədər düşmədiyimiz, görmədiyimiz, duymadığımız anormal, çıxılmaz bir vəziyyətə salmışdır. Bu anormallığın zamanı mücərrəd, məkanı isə intəasızdır. Dünyanın ən böyük, ən qüdrətli, ən güclü dövlətləri belə, ümidsizlüyə qapanmışdır, çıxılmaz vəziyyətə düşmüşdür. Nə bu gün nə olacağını, nə də sabah nə baş verəcəyini bilirlər, bilməkdə acizdirlər...

İllər əvvəl, ibtidai dövrlərdə olduğu kimi, bu gün insan baş verənlərin fövqündə ümidini, pənahını, üzünü yenə də uca Tanrıya, Böyük Allaha doğru yönəltmişdir. Çünki dünyanın əşrəfi olan insan həm də bəzən nankor, unutqan, ehtibarsız bir varlıq olaraq onu Yaradana, ona Can Verənə arxa çevirir, sanki üzünü şeytana doğru yönəldir. İndi isə çıxılmazlığa düçar olarkən yenidən üzünü Allaha çevirir və son ümidini ona bağlamaqla ona pənah aparır. Çünki indi dünyada daha çox şeytanlar meydan sulayır. Biz isə şeytana üz tutanlardan deyilik...

Üzücü, yorucu karantin dövründə insan ətrafında baş verənləri bir daha dərindən təhlil etməyə, düşünməyə, nələrin baş verdiyini dərk etməyə çalışır. Dəryada qalmış tənha insan kimi ümidlərini yalnız Allahın rəhminə və təsadüflərə bağlayır. Etiraf edim ki, düşünüb daşındıqca buz kimi soyuq, səhra kimi bom-boz ümidsizlik insanı üzür, onu öldürücü bir vəziyyətə salır. Daha yaşamağın mənası qalmır. İnsan pandemiya burulğanında boğulur, çabalayır...

Adını “Yeni Koronavirus” qoyduqları “COVİD-19” virusunun mənşəyi, əlamətləri, təzahürləri, nəticələri haqqında saysız hesabsız məlumatlar içərisində, hər işə qadir olan insan çox aciz görünür. Dünyaya meydan oxuyan, inqilabi kəşfləri ilə, hətta görünməyən planetləri, keçmişi və gələcəyi, dünəni və sabahı görə bilən, dünyanın ən yeni və ən qlobal gücü ilə fəth etmək qabiliyyətinə malik olan dövlətlər, elm məddahları nə üçün belə aciz və miskin görünürlər? Dünyanı bölüşdürmək uğrunda insanlığı dünya müharibələrinə cəlb edən, millətləri və xalqları, dilləri və dinləri, dövlətləri və bölgələri bir-birinə qarşı qoyan dünya fatehləri- Şərq, Qərb, ABŞ, Avropa ölkələri, ən nəhayət, bütün bəşəriyyətə artıq məlum olan saxta, süni yollarla yaradılan, bic doğulan, amma adı hətta “korona” qoyulan, gözlə görünməyən, eybəcər bir virusun qarşısında nə üçün aciz qalmışdır?..

Tədqiqatlar göstərir ki, ABŞ-ın Milli Səhiyyə İnstitutunun Harvard və Boston universitetindəki kimya və biologiya bölməsinin rəhbəri, doktor Çarlz Libere Çinin Hubey əyalətinin Uhan universiteti ilə bağladığı qrant müqaviləsi əsasında “COVİD-19” virusunu yaratmış və onu sifarişçi Çinə satmışdır. Bu üzdəniraq alim bunun əvəzində 1,5 miliyon ABŞ dolları məbləğində qrant almışdır. ABŞ-ın “WCVB” televiziya kanalı buna görə hətta Çarlz Liberenin həbsə alınması barədə məlumatlar yaymışdır...

Digər bir məlumata görə isə əsas məsələ “BP” şirkətinin neftdaşıyan katerlərindən okeana axmış və onu çirkləndirmiş neft qalıqlarını təmizləmək üçün belə bir virusun yaradılması zərurəti doğması olmuşdur. Fakt bundan ibarətdir ki, ya zəlzələdən ya vəlvələdən dünyanı və bəşəriyyəti böyük fəlakət qarşısında qoyan, mükəmməl bioloji silah hesab edilən koronavirus insan tərəfindən yaradılmışdır. Bununla da bəşəriyyətə qarşı ağır cinayəti əməli törədilmişdir. Nəticədə Hubey əyalətinin Uhan şəhəri yaxınlığındakı ət və dəniz məhsulları bazarında okeandan tutulmus balıqların sakinlərə satılmasi nəticəsində ilk pnevmoniya xəstələrinin ağırlaşmasi nəticəsində üzə çıxmışdır. Bunu gizlədə bilməyən Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə pandemiyanın başlaması haqqında Ümumdünya Səhiyyə Təşkilatina məlumat vermiş, 22 yanvarda isə Uhanda karantin rejimi tətbiq edilməyə başlanmışdır. Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə komitəsində məsələ müzakirə edilərək “Yeni Koronavirusun” yayılmasının beynəlxalq səviyyəli nəticələr doğuracağı nəzərə alınaraq bir sıra ölkələrdə karantin rejiminin tətbiq edilməsi barədə tövsiyələr verilmişdir. Bununla da bu günə qədər davam edən ağır və üzücü proseslər davam etməkdədir. ABŞ Prezidenti Donald Tramp bununla bağlı olaraq Ümumdünya Səhiyyə Təşkilatını və onun rəhbərlərini vaxtında və qətiyyətli tədbir görməməkdə ittiham etmiş və bu təşkilata maliyyə yardımı ayırmaqdan imtina etmişdir. Mən cənab Trampın bu mövqeyini ədalətli və qanuni hesab edirəm. Çünki təhlillər göstərir ki dövlətlərin maliyyə vəsaiti ilə yaradılmış və onların hesabına yaşayan beynəlxalq təşkilatların bəziləri artıq etimadı doğrultmurlar. Məsələn, elə uzun müddətdir ki, yaradılan və bizim maliyyə vəsaitimizlə yaşayan ATƏT-in Minsk Qrupunun fəaliyyəti buna misal ola bilər. Yaxud Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinin indiyə qədər icra olunmaması səbəbi dünyada ikili standartların geniş vüsət aldığını tam təsdiq edir...

Avropa İttifaqında, onun ayrı-ayrı dövlətlərində korrupsiyanın və rüşvətxorluğun tüğyan etməsi artıq sirr deyil. Məsələn, Avropa İttifaqının Daxili İşlər Komissarı Cecilia Malmstroemun mətbuatda açıq yazır ki, bu gün Avropa ölkələrində korrupsiya və rüşvətxorluğun geniş vüsət alması bu ölkələrdə demokratiya və qanunçuluq prinsiplərinə inamı köklü surətdə sarsıtmış, iqtisadi resursların tükənməsinə səbəb olmuşdur. Koronavirusa münasibət də qənaətbəxş deyildir. Bu bioloji silahı yaradan ölkələr və alimlər haqqında zəruri araşdırmalar aparılmır, onların beynəlxalq və insanlıq əleyhinə törətdikləri belə ağır cinayətlərə görə hələ də hərbi tribunal yaradılmamışdır. Məlumatlar isə koronavirusun dünya ölkələrinə vurduğu maddi və mənəvi zərərlərin heç də Birinci və ya İkinci Dünya müharibəsindən az təhlükəli olmadığını təsdiq edir. Bəşəriyyət isə susur və belə canilərin əməllərinə layiqincə cavab vermək üçün qətiyyətli tədbirlər görmür. İtkilər, qurbanlar gündən-günə artır, hətta bu xəstəlikdən sağalanların belə yarımcan olduqları qeyd olunur. Bu prosesin hələ 2 il də davam edəcəyi ehtimal olunur...

Bizim respublikamızda ölkə rəhbəri, cənab İlham Əliyevin ağıllı, müdrik, qətiyyətlə və vaxtında gördüyü sistemli tədbirlər öz müsbət nəticələrini vermişdir. Mən, müharibə ilə müqayisə edilə biləcək pandemiya dövründə baş verən hadisələrə, gördüyüm, bildiyim bəzi məsələlərə dair öz fikirlərimi də bildirmək istərdim. Məsələn, cənab Prezident İlham Əliyevin, ölkənin hüquq mühafizə orqanlarının, xüsusilə DİN-in, bəzi tibb işçilərinin fədakarlıqla həyata keçirdiyi tədbirlərə görə onlara dərin minnətdarlığımı bildirirəm. Bununla belə Səhiyyə Nazirliyinin, TƏBİB-in, Operativ Qərargahın fəaliyyətinin də yarıtmaz təşkil edildiyini qeyd etməyə bilmərəm. Adi bir şeyi vurğulamaq istərdim ki, məsələn, insan hüquq və azadlıqları ilə bağlı, ölkə üzrə kütləvi qadağalar müəyyən edən Operativ Qərargahın statusu mənə aydın deyildir. Onun hüquqları, vəzifələri, öhdəlikləri nədən ibarətdir? Rəhbəri kimdir? Hansı normativ hüquqi aktla tənzim edilir? Onun qəbul etdiyi qərarların bir çoxu tibbi-sosial və hüquqi cəhətdən kifayət qədər əsaslandırılmadan, faktlara söykənmədən, subyektiv mülahizələr əsasında qəbul edilməsi nə dərəcədə düzdür? İnsanlara vəziyyəti izah etmək, onları maarifləndirici yolla lazım olmayan hərəkətlərdən çəkindirmək əvəzinə, çox vaxt insanlar qorxudulur, ümidsizliyə çağırışlar edilir, açıq-aşkar inamsızlıq təlqin edilir. Bütün bunlar isə zənnimcə, yolverilməzdir. Onsuz da əsəb gərginliyi, qorxu və həyəcan içində çarpışan insanların taleyi ilə bu qaydada oynamaq, zarafata, lağ-lağıya çevirmək nə dərəcədə düzdür? Hesab edirəm ki, Nazirlər Kabineti mütəxəssislərdən, ədalətli və təcrübəli ekspertlərdən ibarət komissiya yaratmaqla Operativ Qərargahın, TƏBİB-in və pandemiya dövründə özünü təcrid edən Səhiyyə Nazirinin fəaliyyətini dərindən yoxlamalı və təhlil etməlidir. Xüsusilə, pandemiya dövründə baş vermiş ölüm faktlarının həkim səhlənkarlığı ilə səbəbli əlaqədə olub olmaması, təcili yardım xidmətinin çağırışlara vaxtında gəlməməsi, xəstələrin xəstəxanalarda vaxtında qəbul edilməməsi, onlara vaxtında tibbi yardım göstərilməməsinin və təhlükədə qoyulmasının (Cinayət Məcəlləsinin 142-ci və 143-cü maddələri ilə məsuliyyət yaradır) səbəbləri araşdırılmalı, “COVİD-19” virusuna yoluxub-yoluxmamaların müəyyən edilməsi üçün testlərin qiymətinin bəzən süni surətdə şişirdilməsi, yaxud insanların test üçün özəl klinikalara göndərilməsi (deyilir ki, bu klinikalar guya elə Ramin Bayramlının özünə məxsusdur) səbəbləri, bu zaman sui-istifadə və korrupsiya faktlarına yol verilib-verilməməsi məsələsi aydınlaşdırılmalı və sərt tədbirlər görülməlidir. Koronavirusun uzun müddət davam etməsində maddi marağı olan vəzifəli şəxslərin, bəzən ictimai yalanlara geniş yer verməsi səbəbləri ciddi araşdırılmalı, bu barədə ictimaiyyətə və ölkə rəhbərliyinə məlumat verilməlidir...

Koronavirus dövründə müvafiq qurumların şəhəri susuz qoyması, bununla da antisanitar vəziyyət yaratmaqla yoluxmaların artmasına rəvac verməsi də cinayətdir. Heç olmasa, həmin qurumların rəhbərləri ölkə rəhbərliyinin sərt iradlarından nəticə çıxarmalıdır. Vaxtilə böyük vəsaitlər qoyulub Bakını fasiləsiz su ilə təmin etnək məqsədi ilə görülmüş işləri hörmətsiz etmək olmaz axı. Məsələn, Fikrət Əmirov küçəsində su borularının strandartdan kənar çürümüş qaz boruları ilə çəkilməsi nəticəsində elə indinin özündə də borular gündə bir neçə dəfə partlayır, su küçələrə dağılır, əhali isə günlərlə susuz qalır. Bunu bu gün də yerində yoxlayıb ekspertiza keçirməklə belə cinayətlərə yol vermiş iş icraçılarının və əlaqədar vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbir görməlidirlər. Ümumiyyətlə, yaxşı olar ki, bütün idarə və təşkilatlar pandemiya dövründəki vəziyyəti öz xətləri ilə təhlil edib təsirli tədbirlər görsünlər...

Araşdırma zamanı insan hüquq və azadlıqlarının ölkə üzrə kütləvi məhdudlaşdırılmasının hüquqi əsaslarının olub-olmaması, baş vermiş ölüm faktlarının həkim səhlənkarlığı ilə səbəbli əlaqələri aydınlaşdırılmalı, təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu ona görə lazımdır ki, ondan ibrət dərsi götürsünlər, bilsinlər ki, dövlətin siyasətinin əleyhinə getmək olmaz. Hər bir vəzifəli şəxs ölkə prezidentinin narahatçılığından, qayğı və diqqətindən nümunə götürməli, tapşırılan işə vicdanla yanaşmalıdır. Bütün bunları yekunlaşdıraraq koronavirus dərslərindən aşağıdakı nəticələr çıxarılmasını və əlaqədar təşkilatların beynəlxalq birlik qarşısında məsələlər qaldırılmasını arzu edərdim...

Hesab edirəm ki BMT-nin himayəsi altında dünyanın böyük dövlətləri mütəxəssislərdən ibarət komissiya yaratmaqla koronavirusun nə vaxt, hansı ölkədə, kimlər tərəfindən, hansı məqsədlə yaradılmasını dəqiq müəyyən etməli, onun yayılmasında iştirakı olan dövlətlərin və şəxslərin rolunu dəqiqləşdirməli və onların məsuliyyət məsələsini həll etmək üçün tədbirlər görməlidir. Eyni zamanda hər bir ölkə də öz miqyasında ona vurulan zərərlərin həcmini və dairəsini müəyyən edib, toplanmış materialları beynəlxalq səviyyədə yaradılmış komissiyaya- hərbi tribunala təqdim etməlidir. Təqsirli şəxslər və dövlətlər məsuliyyətə cəlb edilməli, bu kimi bəşəri cinayətlərin təkrar edilməməsi üçün qətiyyətli tədbir görülməlidir. Koronavirusu hansı ölkə yaratmışdırsa, dövlətlərə və ayrı-ayrı şəxslərə vurulmuş maddi zərərlər həmin ölkə tərəfindən ödənilməlidir...

Dünya dövlətlərinin və ya beynəlxalq təşkilatların təşəbbüsü ilə koronavirus qətliamı ilə bağlı xüsusi hərbi tribunallar yaradılmalı, materiallar təhlil edilib, maddi zərərlərin ödənilməsi və təqsirli şəxslərin beynəlxalq tribunala verilməklə, onların bəşəriyyətə qarşı törətdikləri ağır cinayətə görə ədalətli cəzalanmaları təmin edilməlidir.

Ölkələrin maliyyə vəsaiti hesabına formalaşan Beynəlxalq Səhiyyə Təşkilatının koronavirusla mübarizədə rolu araşdırılmalı, onların ayrı-ayrı ölkələr üzrə fəaliyyəti təhlil edilməli, vaxtında tədbir görmədiklərinə görə onların cəzalanması və maddi məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməlidir...

Xüsusilə, koronavirusun süni olaraq yaradılmasında Amerika və Çin dövlətinin, onların ayrı-ayrı təşkilatlarının, universitetlərinin, tədqiqatçılarının və alimlərinin rolu dəqiq müəyyən edilməli, fərdiləşdirilməli, onların mülki və cinayət məsuliyyətinə cəlb edilmələri üçün hüququn imkanlarından geniş istifadə edilməlidir...

Koronavirusun dərsləri ibrətamiz və gələcək üçün çox əhəmiyyətlidir. Onun nəticələrindən faydalanmaq və səmərəli tədbirlər həyata keçirmək hər bir dövlət üçün çox önəmli və vacibdir. Tarixin dərslərindən lazımi nəticə çıxarmayan dövlətlərin və xalqların talelərinin yeni-yeni uğursuzluqlara düçar olması isə qaçılmazdır. Buna görə də koronavirus dərslərindən hamı nəticə çıxarmalıdır...

Bəhram Zahidov,
Hüquq elmləri doktoru, professor".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.