Qarabağ bərpa olunur: “ağıllı kənd”lərin salınmasına İtaliya şirkətləri də cəlb edilib

3-05-2021, 07:22           
Qarabağ bərpa olunur: “ağıllı kənd”lərin salınmasına İtaliya şirkətləri də cəlb edilib
KmetroO, İtaliya
Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu günlərdə son Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarını ziyarət ediblər.

Zəngilan rayonunun Ağalı kəndində mənzil, istehsalat, sosial xidmətlər, “ağıllı təsərrüfat” və alternativ enerji kimi beş sektoru özündə cəmləşdirəcək ilk “ağıllı kənd” layihəsinin təqdimatı olub.

Layihə çərçivəsində ilkin mərhələdə innovativ və izolyasiyaedici tikinti materialları ilə tam izolyasiya edilmiş 200 ədəd şəxsi evin tikintisi nəzərdə tutulur. Burada daxili rabitə, istilik sistemləri də “ağıllı texnologiya”lar əsasında qurulacaq. Bölgədə müasir məktəblər, uşaq bağçaları, poliklinikalar, elektron idarəetmə mərkəzləri də inşa ediləcək, turizm infrastrukturu yaradılacaq. Bütün yaşayış evləri, sosial təyinatlı tikililər, inzibati və ictimai iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Layihənin həyata keçirilməsində Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Yeri gəlmişkən, Azərbaycan prezidenti bu layihələrin icrasında maraqlı olan əcnəbi şirkətlərin nümayəndələrilə videokonfrans formatında görüş keçirib. Konfrans zamanı İtaliyadan olan Cuzeppe Qrizoliya bildirib ki, onun şirkətinin biznes yanaşması Zəngilan kimi strateji ərazidə camışların saxlanacağı tam təchizatlı süd fabrikini işə salmaqdan, burada mozzarella, burrata və digər yüksək keyfiyyətli camış pendirləri istehsal etməkdən ibarətdir.

“Azərbaycana istehsal prosesindəki təcrübə və biliklərimizlə gəlirik. Süd məhsullarının istehsalı ilə yanaşı, burada təlimlər keçməyi də planlaşdırırıq. Bu təlimlər sayəsində Azərbaycan birinci nəsil ixtisaslı pendir istehsalçılarından olacaq. Keyfiyyətsiz məhsullar deyil, yüksək keyfiyyətli süd məhsulları sektoru yaratmaq istəyirik. Nəticədə Azərbaycan da İtaliya kimi, müstəsna camış pendiri istehsalçılarından birinə çevriləcək. Burada heç bir kompromisdən söhbət gedə bilməz! Hədəfimiz yalnız birinci növ məhsullar istehsal etməkdir! Bunun üçün azərbaycanlı dostlarımızla birgə əlimizdən gələni edəcəyik”, - deyə o, qeyd edib.

Prezident İlham Əliyev isə bildirib ki, “Ağıllı kənd” konsepsiyası işğaldan azad edilmiş ərazilərdə icra olunacaq ilk pilot layihədir və bu layihəyə xüsusi önəm verilir. Çünki onun uğurlu icrası Azərbaycanın ən qısa zamanda bu ərazilərdə yenidənqurma işlərinə nə dərəcədə istəkli olduğunu dəqiqliyi ilə göstərəcək.

“Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir. Bu, həqiqətən də yaxşı beynəlxalq əməkdaşlıqdır və mən əminəm ki, bu, sadəcə olaraq, ilk addımdır. Bu layihənin uğurlu icrası sözsüz, bizə imkan verəcək ki, bu təcrübədən Qarabağın digər yerlərində istifadə edək”, - deyə İlham Əliyev qeyd edib: “Çünki biz yüzlərlə kənd, qəsəbə və şəhərləri bərpa etməliyik”.

Səfər zamanı prezident həmçinin üç kilometr uzunluğunda uçuş zolağına malik olacaq və ağır yük təyyarələri də daxil olmaqla, bütün növ təyyarələri qəbul edə biləcək Zəngilan Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində də iştirak edib. İnşası davam etməkdə olan Füzuli və inşasına tezliklə start veriləcək Zəngilan hava limanları, eyni zamanda Laçında inşa olunacaq üçüncü hava limanı bütün Qarabağa və Zəngəzurun şərq hissəsinə xidmət göstərəcək. Buradan Naxçıvana dəmir yolları və magistral yollar da çəkiləcək.

Prezident İlham Əliyev eyni zamanda strateji əhəmiyyəti olan 124 kilometrlik 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. O, işğal dövründə ermənilər tərəfindən dağıdılmış və Heydər Əliyev Fondu tərəfindən bərpa ediləcək Zəngilan məscidinə də baş çəkib.

İlham Əliyevin Zəngilan rayonuna səfərindı son dayanacağı Mincivan qəsəbəsi olub. O, erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmiş Mincivan dəmir yolu stansiyası binasının yerləşdiyi əraziyə baxıb. “Bu dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verilib. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək”, - deyə Azərbaycan prezidenti bildirib.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.