İşgəncə, şantaj və külli miqdarda pullar...
8-09-2021, 07:13

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hərbi əks-kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, general Nizami Şirinovun və onunla birlikdə məsuliyyətə cəlb edilmiş digər vəzifəli şəxslərin cinayət işi üzrə istintaq tamamlanıb. Bu haqda Baş prokurorluğun mətbuat xidməti bildirir.
General Nizami Şirinov və MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev bu ilin aprelində həbs edilmişdilər. Baş prokurorluq o zaman bildirmişdi ki, Nizami Şirinovun hərbi əks-kəşfiyyat Baş İdarəsinin rəisi işlədiyi müddətdə MTN-nin Akademiyasına müdavim qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə digər fiqurantlar Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İndi Baş prokurorluq istintaqın yekunlarına əsasən bildirir ki, Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
“Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib”,-məlumatda deyilir.
General Nizami Şirinov milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. O, 90-cı illərdə MTN-nin hərbi əks-kəşfiyyat Baş İdarəsində işləyib, lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb. Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.
KİV-lərin yazdığına görə N.Şirinov hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirdi. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib. Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrlar, zabitlər də işdən əsassız yerə işdən uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizələrində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.
Nizami Şirinov MTN-nin ləğvindən sonra daha bir neçə ay yeni yaradılan DTX-də işini davam etdirib, amma 2015-ci ildə bu sistemdən uzaqlaşdırılıb.
virtualaz.org