ABŞ-Azərbaycan münasibətləri DALANA DİRƏNİB? - GƏLİŞMƏ

24-09-2021, 11:58           
ABŞ-Azərbaycan münasibətləri DALANA DİRƏNİB? - GƏLİŞMƏ
Sentyabrın 21-də ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Qarabağ münaqişəsini və digər mövzuları müzakirə etmək üçün Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. “Yeni Müsavat” xatırladır ki, Nuland görüşün yekunları ilə bağlı tvitterdə yazıb. Onun sözlərinə görə, ABŞ tərəqqini, o cümlədən Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə regionda sülhə və sabitliyə yardım etmək, saxlanılan şəxslərin azad edilməsi, minalardan təmizlənmə və siyasi barışıq üçün tərəqqini səbirsizliklə gözləyir.

Dövlət Departamentinin yüksək vəzifəli məmuru jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, ABŞ Bakı ilə İrəvan arasında sülh və barış danışıqlarına dəstək vermək üçün yardım etməyə hazırdır və Vaşinqton hər iki tərəfə eyni təklifi etməyi planlaşdırır. Qarabağ məsələsi dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında da müzakirə olunub. Nuland xatırladıb ki, Vaşinqton “saxlanılanların bəzisinin azad edilməsi üçün ermənilərin azərbaycanlılara verdikləri minalanmış ərazilərin xəritələrinin” mübadiləsində iştirak edib. “İndi sual yaranır, ABŞ-ın, Minsk Qrupunun digər ölkələrin və Türkiyənin dəstəyi ilə sülh və barış prosesinə yol açmaq üçün iki ölkə arasında həm sərhəddə, həm məhbuslara münasibətdə, həm də qalan minalarla bağlı gərginliyin azaldılmasına yardım etmək üçün daha çox iş görmək mümkündürmü”, - deyib. Sonda əlavə edib ki, “dövlət katibi bu proseslərə ciddi şəkildə cəlb edilmiş Türkiyəyə işarə edib ki, ABŞ faydalı olmağa hazırdır”.

ABŞ-da keçirilən görüşlər onu deməyə əsas verir ki, Vaşinqton Cənubi Qafqazda siyasətini gücləndirməyə qərar verib. Təqdirəlayiq haldır ki, ABŞ regionda Türkiyənin varlığını qəbul edib və Ankara olmadan danışıqların faydasız olduğunu anlayır. Blinkenin Çavuşoğlu ilə görüşü də buna sübutdur. Amma ABŞ-ın sülh prosesinə səmimi şəkildə qoşulması, xanım Nulandın da dediyi kimi, “hər iki tərəfə eyni təklifi verməsi” şübhələr doğurur. Çünki məsələn, ABŞ-ın Ermənistandakı səfirinin son açıqlamaları sülhə deyil, regionda gərginliyi artırmağa yönəlib. Bu isə səfirin özbaşınalığı deyil, Dövlət Departamentinin mövqeyi kimi başa düşülür. O halda, Ağ Evin prosesə “qırğıları” da qoşması və verilən açıqlamalar diqqət çəkir. ABŞ danışıqlarda tərəfsiz vasitəçi missiyasını davam etdirməsi üçün gorbagor olmuş status məsələsini birdəfəlik gündəmindən çıxarmalıdır. Ancaq belə görünür ki, Vaşinqton tərəflərə təkliflərində status mövzusunu yenidən masaya qaytarmağa hazırlaşır.

Bəs ABŞ-ın regionda fəallaşması nə vəd edir, Rusiyanın reaksiyası necə ola bilər? ABŞ rəsmilərinin açıqlamalarının pərdəarxasında nələr var? Bakı birmənalı olaraq “status” barədə hər hansı danışıqların əleyhinədir. Bu halda Vaşinqtonun təzyiqləri nədən ibarət ola bilər?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İrəvandakı amerikalı səfirin status mövzusunda çıxışları Vaşinqtonun maraqlarına zərbə vurur. Onun fikrincə, səfir erməni diasporasına xoş görünmək üçün belə danışır: “Türkiyə və Azərbaycan arasında müttəfiqliyin güclənməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab verir.

Lakin erməni diasporasına xoş görünmək üçün bu cür açıqlamalar verənlər olur. Konqresdə də onların lobbi qrupları var, Türkiyəyə və Azərbaycana öz nifrətlərini ifadə edirlər. Bu lobbinin özü Amerikaya zərbədir. Çünki Türkiyə Amerikanın əsas müttəfiqidir, NATO-nun ən güclü silahlı qüvvəsi Amerikadan sonra Türkiyədir, son illərdə qardaş ölkənin hərbi sənayesi sürətlə inkişaf edir".

A.Mollazadə hesab edir ki, Türkiyə-Azərbaycan birliyi, buna dəstək verən Pakistan kimi ölkələr bölgəmizdə sülh, sabitlik istəyirlər: “Bu da ABŞ-ın maraqlarına uyğundur. Türkiyə və Azərbaycanın siyasəti əməkdaşlığa, sabitliyə söykənir, bu siyasət enerji sistemlərinin formalaşmasından ibarətdir. Ona görə regionda stabilliyin olmasını istəyən Bakı və Ankaranın bu siyasəti Amerikanın maraqlarına uyğundur”.

Politoloq Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Cənubi Qafqaz həmişə ABŞ-ın marağında olub: “Xüsusən də Azərbaycanla bağlı diqqəti var. Çünki bizim Xəzərə çıxışımız var, həm Rusiya, həm Türkiyə və İranla sərhədlərimiz var. Amerika üçün Rusiya və İranın hansı əhəmiyyət kəsb etdiyini yaxşı bilirik. Eyni zamanda ən böyük diplomatik korpusundan biri Ermənistanda yerləşir. Yəni Amerikanın regiona marağı heç zaman azalmayıb. Bu gün də Minsk Qrupu vasitəsilə bölgədəki proseslərdə iştirak etmək istəyir”.

Ekspertin fikrincə, Türkiyənin regionda varlığı Azərbaycanın ürəyincə olmaqla yanaşı, ABŞ-ı da qane edir: “Çünki Türkiyə Amerikanın NATO-da müttəfiqidir. Ona görə ABŞ-dan verilən açıqlamalar bizim üçün müsbət haldır. Vaşinqton Ankaranın bölgədə iştirakını qəbul edir. Ancaq Amerikanın Ermənistandakı səfirinin açıqlamaları dövlətin bu mövqeyi ilə uzlaşmır. Əslində ABŞ-ın 200-dən çox ölkədə səfiri var, onların hansısa bəyanatları heç də dövlətin xarici siyasətini müəyyən etmir, təsir göstərmir. Mənə elə gəlir ki, səfirin statusla bağlı mövqeyi Ermənistanın daxili auditoriyasına hesablanıb, yəni erməni cəmiyyətini sakitləşdirmək niyyəti güdülür”.

X.Bəşirovun sözlərinə görə, istənilən halda bu cür bəyanatlar maraqlarımıza ziddir və ABŞ öz səfirinin absurd fikirlərindən fərqli düşündüyünü ortaya qoymalıdır: “Azərbaycan regionda yeni reallıq yaradıb və 10 noyabr sənədində göstərilən müddəalar icra olunmalıdır, həmin sazişdə isə heç bir statusdan söhbət getmir. Əgər bu sənəddə status haqda bir sətir də yoxdursa, ABŞ-ın İrəvandakı səfiri də bu yöndə çıxışlarına son qoymalıdır. Amerika rəsmiləri beynəlxalq hüquqa hörmət etməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.