İranlı nazir Moskvadan "əliboş" qayıtdı: “Qeyri-ciddi çağırışlara cavab belə olmalı idi”

8-10-2021, 12:48           
İranlı nazir Moskvadan "əliboş" qayıtdı:
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiyaya səfəri zamanı rəsmi Moskvanın diqqətini Azərbaycanın keçirdiyi hərbi təlimlərə yönəldib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə H.Abdullahian regional proseslərə münasibətdə rəsmi Moskvanın dəstəyini almağa çalışıb. İranlı nazir Rusiyadan cənub sərhədlərində “sionist rejim”in və terrorçuların fəaliyyətinə biganə qalmamağa çağırıb. Lakin Rusiya tərəfi Abdullahianın bu açıqlamasına reaksiya verməyib.

Bundan başqa, Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Lavrovun Cənubi Qafqazda hərbi təlimlərin aparılması ilə bağlı dediklərinə toxunaraq qeyd edib:

“Cənab Lavrov Qafqaz bölgəsindəki hərbi manevrlərə işarə etdi. Azərbaycan Respublikası və digər ölkələr tərəfindən 6 təlim həyata keçirilib. İran son bir neçə gündə diplomatik kanallarla digər ölkələrə elan edilmiş yalnız bir təlim həyata keçirib. Bu manevrlər İranın daxilində İran silahlı qüvvələri tərəfindən həyata keçirilib. Onların mesajı bölgədə sülh, dostluq və təhlükəsizliyə yönəlib”.

Əslində, Abdullahian bu ifadəni işlətməklə Azərbaycanın Türkiyə və Pakistanla birlikdə keçirdiyi hərbi təlimlərə işarə edib. Lavrov isə H.Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabına qısa cavab verib. “Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”,-deyə Lavrov bildirib.

Lakin Rusiya XİN rəhbərinin “Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var”deməsi Abdullahianın Moskvadan "əliboş" qayıtdığını deməyə əsas verir.

Siyasi analitik Murad Sadəddinov hesab edir ki, Rusiyanın Azərbaycanla münasibətləri İranla müqayisədə xeyli üstündür. Ona görə də Rusiya regional əməkdaşlığın inkişafında maraqlı olan Rusiya bu prosesi pozmağa çalışan İranın mövqeyini dəstəkləmir:
Rusiya və Türkiyə bölgədə “3+3” platformasını irəli sürüb. Bu formata İran da daxildir. Yəni İrana Cənubi Qafqazda əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Üstündən bir il ötəndən sonra İranın qıcıqlanması və xarici işlər nazirinin verdiyi bəyanatlar təəccüb doğurur. Çünki Azərbaycanın keçirdiyi hərbi təlimlərə təxribat deyir, amma özləri də hərbi təlim keçirir. Əgər hərbi təlim keçirmək təxribatdırsa, onda bunu özlərinə də aid etməlidirlər. Rusiya da artıq Cənubi Qafqazın inkişaf modelini Türkiyə ilə razılaşdırıb. Bunun detalları da 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatda öz əksini tapıb. Bura nəqliyyat və kommunikasiya vasitələrinin açılması və digər tədbirlər daxildir”.

Qeyd edək ki, Rusiyanı narazı salan digər səbəb isə İran xarici işlər nazirinin bölgədəki geosiyasi proseslərə münasibətdə Moskvanın maraqlarına zidd mövqedən çıxış etməsi olub. İranın xarici işlər naziri bəyan edib ki, Qafqazın geosiyasətinə toxunulmamalıdır. “Biz Qafqaz regionundakı geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik”,-deyən Abdullahian həmçinin deyib: “Xarici müdaxilə Qafqaz bölgəsinin geosiyasi və coğrafiyasına zərər verməməlidir”.

O əlavə edib ki, İsrailin sionist rejimi və digər əcnəbilər, eləcə də Cənubi Qafqaz bölgəsindəki terrorçular İran, Azərbaycan və Ermənistanın yaxşı qonşuları üçün çətinliklər yaradır. Murad Sadəddinovun sözlərinə görə, İranın çağırışları qeyri-ciddi olduğundan Rusiya ona cavab verməyib. Ekspert bildirdi ki, sərhədlər dəyişiləcəyi barədə İran rejiminin düşüncəsi səhvdir.

“Azərbaycan, İran, Ermənistan, Türkiyə, Rusiya 1992-ci ildə BMT-yə üzv qəbul ediləndə mövcud sərhədləri beynəlxalq səviyyədə tanınıb. Ona görə də İranın yanaşması anlaşılmazdır. İkincisi, onlar “sionist rejimi” deyərkən nəyi, hansı insanları nəzərdə tuturlar? Qarabağda başqa dövlətin ordusu yoxdur axı. Cənab Prezident də dedi ki, əgər bununla bağlı faktları varsa, təqdim etsinlər. Fransa Prezidenti terrorçular haqqında danışdı, danışdı, sonra yox oldu. İndi də İran başlayıb olmayan terrorçuları uydurmağa. Ona görə də Rusiyanın İrana cavabı belə də olmalı idi”.

Müşfiq Abdulla
cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.