İranın Azərbaycandakı casus şəbəkəsini necə dağıtmaq olar? - ““Vətənə xəyanət” maddəsi ilə...”
8-10-2021, 16:33

Azərbaycanda İranın casus şəbəkəsinin olması heç kimə sirr deyil.
Müxtəlif zamanlarda həmin şəbəkəyə qarşı mübarizə aparılsa da, hələ də bu problemi həll etmək mümkün olmayıb. Bir müddət əvvəl İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin nümayəndəsinin Bakıdakı ofisinin bağlanması bu istiqamətdə uğurlu addımlardandır. Qeyd edək ki, İranın ali lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaqnecatın Bakıda fəaliyyət göstərən ofisi yeni bağlansa da, özü bundan bir ay əvvəl Azərbaycanı tərk edib. Amma o, ölkəni tərk etsə də, uzun illər ərzində Azərbaycanda fəaliyyəti olub və bu, casus şəbəkəsini formalaşdırmaq üçün kifayət qədər uzun vaxtdır.
Məlumat üçün bildirək ki, Ocaqnecat diplomatik pasporta və müəyyən toxunulmazlığa malik olsa da, diplomat sayılmırdı. O, bu imtiyazlardan məhz casus şəbəkəsini formalaşdırmaq üçün istifadə edib, İranın Azərbaycan üzərində təsir imkanlarını artırmağa çalışıb. Bu da ölkə üçün kifayət qədər böyük təhlükə hesab olunurdu və nəzərə alaq ki, Ocaqnecat və ətrafı uzun illər bu fəaliyyəti davam etdirib, casus şəbəkəsi formalaşdırıb, deməli, təhlükə hələ də qalır.
İranın Azərbaycandakı casus şəbəkəsini necə dağıtmaq olar? Bunun üçün hansı addımlar atılmalıdır?
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında deyib ki, İranın Azərbaycandakı casus şəbəkəsini dağıtmaq üçün mübarizəni sərtləşdirmək lazımdır:
“İranın Azərbaycandakı şəbəkəsi deyəndə təbii ki, biz casus şəbəkəsini nəzərdə tuturuq. Bu şəbəkə illər boyu yaradılıb. Azərbaycan hələ müstəqillik əldə etməmişdən əvvəl mövcud idi. Müstəqillik dövründə isə daha da çoxalıb. İran din pərdəsi altında fəaliyyət göstərir. Onun şəbəkəsinin görünən və görünməyən tərəfləri var. Bu, sosial şəbəkələrdə də özünü göstərir. Sosial şəbəkədə olmayan, heç internetə daxil olmayan bir kütlə də var ki, onların tərəfdarlarıdır. Bunu həll etmək üçün Azərbaycanın təhlükəsizlik orqanları məsələyə kifayət qədər nəzarət edir. Amma nəzərə alaq ki, İran çox məkrli dövlətdir. Onun istifadə etdiyi metod din pərdəsi altında olduğu üçün çox həssas məqamdır. Ona görə də münasibətlərdə gərginlik yarandıqca, İran o şəbəkədən istifadə etməyə çalışır”.
Ekspert bildirib ki, bu şəbəkəni tam dağıtmaq qeyri-mümkündür:
“Çünki burada ideologiya məsələsi də var. Təkcə fiziki şəxslərin zərərsizləşdirilməsi ilə bunu həll etmək olmur. Bu istiqamətdə bir qədər sərt mövqe nümayiş etdirmək lazımdır. İstər sosial şəbəkələrdən çıxış edən İranpərəst qüvvələr, istərsə də gizli casuslar haqqında informasiya əldə edilməlidır. Təhlükəsizlik orqanlarının bu istiqamətdə kifayət qədər təcrübəsi var. Sadəcə olaraq bir qədər də sərtləşrimək lazımdır, paralel şəkildə isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsi maarifləndirmə işini artırmalıdır. Eyni zamanda, praktik işlər getməlidir. Yəni bu məsələni həll etmək üçün maarifləndirmə və cinayət məsuliyyətinə cəlb etmə paralel şəkildə aparılmalıdır. Bu istiqamətdə görülən işləri daha da intensivləşdirmək lazımdır. Çünki onlar yumşaqlıq gördükdə, daha da aktivləşirlər. Elə zaman gəlib ki, ciddi nəzarət və cəzalar olmalıdır”.
İlham İsmayıl əlavə edib ki, Azərbaycanda Ocaqnecatın təsiri ilə dolananlar var idi:
“Onlar mədəniyyət mərkəzləri, “Xomeyni” İmdad Cəmiyyəti adı altında fəaliyyət göstərirdilər. Bunlar açıq casuslar idi. Bir də gizliləri var ki, zamanı gələndə onların düymələrini basırlar. Məsələn, deyirdilər ki, general Süleymanini hamınız “şəhid” elan edin. Təxminən bu istiqamətdə işlər görürdülər. Onlar çox təhlükəlidirlər, çünki dinlə silahlanırlar. Din isə insanların həssas yeridir. Birdən-birə açıq şəkildə mübarizə də aparmaq olmur. Amma biz zamanında “vətənə xəyanət” maddəsi ilə onların çox nümayəndələrini Bakıda, Bakı ətrafında, Cənub bölgəsində ifşa edib, cinayət işi qaldırmışıq deyə bu istiqamətdə təcrübə var”.