Qarabağdakı erməni vandalizminin cəzası veriləcəkmi? - ŞƏRH

6-12-2021, 20:17           
Qarabağdakı erməni vandalizminin cəzası veriləcəkmi? - ŞƏRH
“Azərbaycan dövləti 30 ilə yaxın bir müddət ərzində keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizi və ordumuzu gücləndirməklə yanaşı, eyni zamanda beynəlxalq münasibətlərdə də mövqeyini gücləndirib, inkişaf etdirib, xüsusilə də ayrı-ayrı dövlətlərlə, o cümlədən də beynəlxalq nüfuzlu təşkilatlarla münasibətlərimizi yaxşılaşdırıb”.

Bu sözləri politoloq Xəyal Bəşirov Musavat.com-a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan bir sıra təşkilatlarda sədrliyi, idarəçiliyi öz üzərinə götürüb və bunu da uğurla davam etdirir: “Azərbaycan uzun illər ərzində bir sıra nüfuzlu nəhəng təşkilatların, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı qurumları ilə, təşkilatın özü ilə münasibətlərini mümkün qədər inkişaf etdirib. Bunlardan biri də təbii ki, UNESCO-dur. UNESCO ilə Azərbaycanın münasibətləri çox uzun illərə söykənir. Bu istiqamətdə Azərbaycan dövlətinin prezidenti İlham Əliyevlə yanaşı birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyəti, uğurları danılmazdır. Hesab edirəm ki, bir müddət öncə Azərbaycanın UNESCO-nun icraiyyə şurasına 2021-2025-ci illər ərzində üzv seçilməsi, daha sonra UNESCO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsinə keçirilən seçkilərdə uğur əldə edərək 4 il müddətinə bu komitəyə üzv seçilməsi ölkəmiz üçün bu istiqamətdə hazırkı həssas dönəmdə çox uğurlu addımlardan biridir”.

Politoloq bildirib ki, Azərbaycan Qarabağ münaqişəsini tarixə qovuşdurdu və ərazilərimizi işğaldan azad etdik:

“Bu gün bizim qarşımızda duran prioritet və aktual məsələlərdən biri də həmin o ərazilərin quruculuq və bərpa işlərinin həyata keçirilməsi , eyni zamanda orada erməni vandallığı nəticəsində darmadağın edilmiş təkcə Azərbaycan xalqının və dövlətinin deyil, ümumilikdə dünya mədəni irsinə aid olan o tarixi- mədəni abidələrin və digər tikililərin bərpa edilməsi istiqamətindədir. Amma çox təəssüflər olsun ki, bu 30 ilə yaxın bir müddət ərzində işğal altında olan ərazilərimizdə ermənilər həmin o tarixi və mədəni irsimizə, dini abidələrimizə, hətta qəbir daşlarımıza belə çox böyük vəhşiliklər ediblər. Onların bir çoxu yerlə yeksan edilib və izi-tozu da saxlanılmayıb. Təbii ki, buna görə Azərbaycan dövləti Ermənistanın hüquq və qanun qarşısında cavab verməsinə nail olacaq.

Amma vurulmuş ziyanla bağlı hər bir halda UNESCO kimi mötəbər qurumların, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların bizə - haqlı tərəf olan Azərbaycana kömək göstərməsi, Azərbaycanın yanında olması çox önəmlidir. Mən düşünürəm ki, bu addımların atılması, eyni zamanda Şuşada nümayəndəliyin açılması istiqamətində real uğurların əldə edilməsi bir daha sübut edir ki, Azərbaycan bu məsələdə, yəni işğaldan azad edilmiş ərazilərdə erməni vandallığını və vəhşiliyi nəticəsində törədilmiş o dağıntılara görə Ermənistanın və vəhşiliyi törədən şəxslərin cavab verməsi istiqamətində addımların atılmasına da prinsipial baxmalıdır. Bu prosesdə bir sıra təşkilatların, xüsusilə də UNESCO-nun rolu böyük olacaq. Azərbaycan və münaqişədən sonra Ermənistana qarşı apardığı siyasi diplomatik müstəvidəki mübarizəsi ilə yanaşı, paralel olaraq həm də Ermənistana qarşı beynəlxalq ədalət mühakiməsi qarşısında, eyni zamanda Avropa Insan Haqları Məhkəməsi qarşısında müraciətlər qaldırıb. Həmin o müraciətlər əsasında Azərbaycana vurulmuş zərərlə bağlı məsuliyyətin həyata keçirilməsi , Ermənistanın kompensasiya ödəməsi istiqamətində də addımlar atılır”.

X.Bəşirov vurğulayıb ki, mədəni və tarixi irsimizə vurulan bu zərər də məhz həmin o prosesin tərkib hissəsi olmalıdır:

“Bu gün ən öncül təşkilatlarından biri olan UNESCO-nun bu prosesdə Azərbaycanın yanında olması, dövlətimizin bu təşkilatın iki komitəsinə üzv seçilməsi və daha sonra həmin təşkilatın Azərbaycanla sıx əlaqələrinin inkişaf etdirilməsi üçün məhz Şuşa şəhərində nümayəndəliyin açılması bizə çox böyük kömək edəcək , proseslərin sürətlənməsinə yardımçı olacaq. Hər bir halda düşünürəm ki, bu müsbət addımlar dəyərləndirməlidir və davam etdirilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.