Neftin bahalaşması əhalinin sosial vəziyyətinə təsir göstərməyəcək - İqtisadçı alimdən AÇIQLAMA

22-01-2022, 00:06           
Neftin bahalaşması əhalinin sosial vəziyyətinə təsir göstərməyəcək -
Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Belə ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,04 ABŞ dollar, yaxud 0,43 % artaraq 92,89 ABŞ dollarına çatıb.

Neftin qiymətinin artması hazırda daxili bazarda müşahidə edilən bahalaşma faktoruna və inflyasiya ilə bağlı yaranmış vəziyyətə necə təsir edəcək?

İqtisadçı alim Nazim Baydəmirli bu barədə Ednews-a danışıb. Onun sözlərinə görə, dünya bazarında Azərbaycan neftinin qiymətinin artması ilə hökumətin, Dövlət Neft Fondunun (SOCAR) gəlirləri artır.

Amma...

"Bilirsiniz ki, Azərbaycan neft istehsalında istifadə olunan məhsulları da xaricdən idxal edir. Neftin çıxarılmasında o zaman maya dəyəri şişir. Neftin dünya bazarında qiymətinin çox olması Azərbaycan neft sektorunun gəlirlərini artırmır, əksinə maya dəyəri bəzən şişir. SOCAR nefti quru sahələrdən çıxarır və bu zaman maya dəyəri yüksəlir”.

Nazim Bəydəmirli: “Deputatlar problemin nəticəsindən yox, səbəblərindən danışsınlar”

O, həmçinin bildirib ki, neftdən qəbul edilən vergilərin həcmi çoxaldıqca dövlət büdcəsi də artır.

“Ancaq biz bunun bəhrəsini görmürük. Çünki sənayedə istifadə olunan gündəlik tələbat mallarınının əksəriyyəti xarici ölkələrdən ixrac olunur. Bu ölkələr nefti baha qiymətə alır və bizə satdığı məhsulların da qiyməti bahalaşır. Beləliklə, qiymətin optimal olması hər iki tərəfə həm istehsalıçı, həm də idxalçıya xeyirlidir”.

“On illərdir neftin qiymətinin artmasının vətəndaşın vəziyyətinə müsbət təsir etmədiyi qənaətinə gəlinir”.

Nazim Baydəmirli qeyd edib ki, neftin qiymətinin yüksək olması zamanı Azərbaycanda qiymət artımının daha yüksək olduğu müşahidə edilir.

“Azərbaycanda vətəndaşların vəziyyətinin yaxşı olmasının yeganə yolu iqtisadi fəaliyyəti, ölkə daxilində məhsulların bolluğunu artırmaq, inhisarçılığı aradan qaldırmaq olardı ki, bu zaman insanlar daha çox qazansınlar və neftə ümid etməsinlər. Bu baxımdan neftin qiymətinin çox olması əksinə, bizim sosial vəziyyətimizin daha da gərginləşməsinə gətirib çıxarır. Ona görə mən neftin qiymətinin artmasına çox da sevinməyin tərəfdarı deyiləm. Bu Azərbaycanda sosial vəziyyətin yaxılaşmasına gətirib çıxaracaq deyə bir fikri bölüşmürəm”.

İqtisadçı ekspert Natiq Cəfərli EDNews-ə açıqlaması zamanı bildirdi ki, dünyada neft qiymətlərinin bahalaşması və “Azərlight” neftinin də qiymətinin 92,89 dolları keçməsi ümumilikdə götürəndə ölkə üçün müsbət bir tendensiyadır. Çünki dünyada neft nə qədər bahalaşırsa Azərbaycanın valyuta ehtiyatları bir o qədər artır.

İqtisadçı Natiq Cəfərli: “Mart ayı manat üçün çox ağır ay olacaq”

N. Cəfərli qeyd edib ki, Azərbaycan neftinin qiymətinin artmasının ölkə iqtisadiyyatına müsbət təsiri olmalıdır.

“Ölkənin gəlirləri artırsa, neftin qiymətininin yüksəlməsi ölkəyə əlavə gəlirlər gətirir. Valyuta ehtiyatlarının çox olması hökumətin sosial layihələrə daha çox pul ayıra bilməsinə şərait yaradır. Maaşlarda, təqaüdlərdə də artım olur”.

Qeyd edək ki, dünyada neftin qiyməti artmaqdadır. Neftə olan tələbat pandemiyadan əvvəlki səviyyəyə çatıb. Ötən gün “Brent” markalı neftin bir bareli 86,65 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.