Masallıda ağacyeyənlər MEYDAN SULAYIR... - İTTİHAM VAR...
Bu gün, 11:28

Masallı rayonunun Güllütəpə kənd sakini, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəndisi Ağayev Kərəm İsabala oğlu ölkə Prezidenti cənab İlham Əliyevə, Baş prokuror cənab Kamran Əliyevə, Ekologiya və Təbii Sərvətlər nazirinin əvəzi cənab Rəşad İsmayılova ünvanladığı video-müraciəti “Nyus.az” saytı redaksiyasına göndərmiş və mediada ictimailəşdirilməsini xahiş etmişdir.
Kərəm Ağayev bildirirdi ki, Masallı ərazisində olan Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında 8 hektara yaxın dövlət meşə fondu torpağı zəbt edilərək 2022-ci ildə yerində “Masallı Park” adlı istirahət mərkəzi salınmışdır: “Qanunsuz zəbt olunmuş sahə üçün hətta saxta, koordinatları göstərilməyən “çıxarış” sənədi də alınıb. Halbuki, 1981-ci və 1993-cü illərdə tərtib və təsdiq olunmuş meşəquruluşu xəritələrində həmin yerlər dövlət meşə fondu ərazisi kimi göstərilib. Meşə torpağının təyinatını dəyişmək üçün Nazirlər Kabinetinin qərarı olmalıdır. Vaxtilə həmin məsələ ilə bağlı akt da tərtib olunub, lakin mənim iştirakım təmin olunmayıb, halbuki bir kadastr kimi mənim iştirakım mütləq sözügedən işdə təmin olunmalıydı. Yarımçıq sənədləri Masallı Rayon Məhkəməsinə göndərib və qanun pozanların lehinə qərar çıxarılmasına nail olublar. Həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməsinə də imkan verməyiblər, bir sözlə ört-basdır ediblər...”
Şikayətçi deyir ki, ərazidə olan, adları “Qırmızı Kitab”a düşmüş ağaclar kəsilərək yerində qanunsuz tikintilər salınıb. Peyk görüntüləri bunu deməyə əsas verir. Bu gün də qanunsuz tikinti işləri davam edir. Ərazidə 3 şabalıdyarpaq palıd ağacı 60-80 sm diametrdə qurudulub (2-si tam qurudulub, 1-i də qurudulmaq üzrədir). Ağacların qurumasına səbəb diblərinə kimyəvi məhlul tökülməsi və ya ətrafına əsfalt örtüyünün çəkilməsidir. Ərazidəki torpağın üst münbit qatı kürüdülür tikinti işləri həyata keçirtilir. 13 iyun 2025-ci il tarixdə mən və 3 nəfər həmkarlarımla (Mühafizə üzrə direktor müavini, baş mühafizə mühəndisi, Qəriblər meşəbəyliklərinin meşəbəyisi) həmin ərazidə (Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında) oldum, Mərkəzimizin rəhbərinin göstərişi ilə dövlət meşə fondu torpaqlarının istifadə vəziyyətini araşdırmaq istədik. “Masallı Park”ın inzibatçısı kimi təqdim olunan Elman adlı şəxs əvvəlcə bizə icazə versə də, sonradan bildirdi ki, istirahət mərkəzinin sahibkarı bizi kamerada görür və deyib ki, əgər yoxlamağa deyil, müştəri kimi gəliblərsə əyləşsinlər. Bizə mane olub ərazidən çıxartdılar. Aramızda heç bir insident olmadı. Sonra hüquq-mühafizə orqanlarına şikayət verdilər ki, guya mən onlara hədə gəlmişəm, Elmanı öldürmək istəmişəm. Hansı ki, şər - böhtandır. 2025-ci il 5 iyul tarixdən Meşələrin İnkişafı Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə olan qanunsuzluqlar bizim iştirakımızla sənədləşdirilib. Lakin məni rüşvət istəməkdə suçlamaq istəyirlər. Görünür, Meşələrin Inkişafı Xidmətində bu işə mane olan qüvvələr var, hansı ki imkan vermirlər qanunsuzluqlar aşkar olunsun. Məqsədyönlü şəkildə bu işi həyata keçirirlər. Həyatımın da təhlükəsizliyindən narahatam.
Odur ki, xahiş edirəm, bu işin qanunamüvafiq şəkildə araşdırılmasına kömək edəsiniz. Hüquq müdafiəçilərindən də dəstək istəyirəm. Qoy Ana Təbiətimiz məhv olmasın!”
Nyus.Az





