Azərbaycanda test üsulu ləğv olunur?
Bu gün, 09:37

Təhsil sahəsindəki yeniliklər hər zaman geniş müzakirələrə səbəb olur.
Son zamanlar isə universitetlərə qəbul şərtlərinin asanlaşdırılması məsələsi daha çox gündəmə gəlib. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə keçirdiyi son brifinqdə bəzi ixtisasların 5-ci qrupa verilməsi planlarının reallaşmadığını açıqlayıb.
O bildirib ki, müəyyən ixtisasların V qrupa daxil edilməsi təklif edilsə də, aidiyyəti üzrə qəbul edilməyib: “Biz istədik ki, onlar da attestat balı ilə ali məktəblərə qəbul olsun, amma bu layihə həyata keçmədi".
Gələcəkdə universitetə qəbul prosesinin asanlaşdırılması yenə də reallaşa bilərmi?
Qəbul şərtlərinin sadələşdirilməsi, universitetdə tədris prosesinin isə çətinləşdirilməsi təhsil sisteminə necə təsir edə bilər?
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən təhsil eksperti Əmrah Həsənli bildirdi ki, gələcəkdə qəbul sistemi daha çevik və maraqlara uyğun yönləndirmə əsasında sadələşə bilər:
“Məleykə Abbaszadənin son açıqlaması əslində son illərdə ali təhsilə qəbul mexanizmlərində müşahidə olunan tendensiyanın davamı kimi qiymətləndirilə bilər. 5-ci qrupun genişləndirilməsi və bəzi ixtisasların bu qrupa keçirilməsi ideyası təhsilə əlçatanlığın artırılması məqsədi daşıyırdı.
Burada əsas hədəf bəzi ixtisaslara qəbulun abituriyentlər üçün daha səmərəli və sadə formada təşkili idi. Lakin bu fikrin tam reallaşmaması, çox güman ki, həm struktur, həm də hüquqi çətinliklərlə bağlıdır. Çünki hər bir ixtisas qrupu spesifik bilik və bacarıqlar tələb edir, bu dəyişikliklərə yalnız texniki məsələ deyil, həm də strateji yanaşma lazımdır. Bu fikrin gələcəkdə reallaşması isə tamamilə mümkündür. Çünki dünya üzrə ali təhsil modelləri gedərək daha çox çevik və şagirdyönümlü formata keçir”.
O bildirib ki, Azərbaycanda da zamanla qəbul mexanizmlərində daha böyük çeviklik və mərhələli sadələşmə ola bilər:
“Amma bu sadələşmə yalnız test imtahanlarının çətinliyinin azaldılması şəklində deyil, həm də abituriyentlərin maraq və bacarıqlarına uyğun doğru yönləndirmənin gücləndirilməsi formasında həyata keçirilə bilər ”.
Onun sözlərinə görə, qəbulun asan, oxumağın çətin olduğu model təhsildə keyfiyyəti və rəqabəti artırır:
“Qəbulun sadələşdirilib, oxumağın çətinləşdirilməsi mexanizmi təhsildə keyfiyyətin artırılması üçün düşünülən mümkün yanaşmalardan biridir. Bu model bəzi inkişaf etmiş ölkələrdə artıq tətbiq olunur. Həmin ölkələrdə universitetə daxil olmaq nisbətən asandır, lakin orada qalmaq və bitirmək üçün ciddi akademik standartlara cavab vermək lazımdır.
Bu yanaşma tələbələrin keyfiyyətini süni şəkildə deyil, real bacarıqlar və davamlı zəhmət əsasında seçməyə imkan verir. Əgər bu model düzgün tətbiq olunarsa, təhsil sistemində daha sağlam rəqabət mühiti yaranar, tələbələrin həm fərdi məsuliyyəti artar, həm də ali təhsil müəssisələrinin məzunlarının bilik səviyyəsi yüksələr.
Lakin belə dəyişikliklər təkcə tələbədən deyil, universitetlərdən də ciddi məsuliyyət tələb edir. Müəllim heyətinin keyfiyyəti, dərs yükünün planlanması, qiymətləndirmə sistemlərinin şəffaflığı və tədris prosesinin səmərəliliyi bu mexanizmin uğurla tətbiq olunmasında həlledici rol oynayacaq”.
Ekspert qeyd edib ki, qəbul dəyişiklikləri ancaq sistemli yanaşma ilə olarsa, müsbət nəticə verə bilər, əks təqdirdə risklər yarana bilər:
“Bu sahələrdə hazırlıq aparılmadan yalnız qəbulun asanlaşdırılması və oxumağın çətinləşdirilməsi tətbiq olunarsa, bu zaman sosial narazılıq, tələbə stressi və təhsildən uzaqlaşma hallarının artması ehtimalı da var.
Qəbul sistemində dəyişikliklər mümkündür və müəyyən məntiqli yanaşmalarla tətbiq olunarsa, təhsildə keyfiyyətə də töhfə verə bilər. Amma bu, yalnız mexaniki dəyişikliklərlə deyil, sistemli yanaşma və geniş islahatlarla həyata keçməlidir”.