Hakimiyyətin veteranları

12-04-2022, 16:34           
Hakimiyyətin veteranları
Aprelin 12-də Mərkəzi Bankın sədri vəzifəsindən ayrılan Elman Rüstəmov 1993-cü ildən hakimiyyətdə olan komandanın veteranlarından idi. O, 2009-cu ilədək Milli Bank adlanmış quruma 1995-ci ildən rəhbərlik edirdi.

1993-2003-cü illərdə ölkədə prezident postunu Heydər Əliyev tutub, 2003-cü ildən onun oğlu İlham Əliyev dövlət başçısıdır.

Bir çox yüksək vəzifəli şəxs Heydər Əliyev dövrünün kadrıdır.

Novator.az bildirir ki, 2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən ölkənin hərbi prokuroru, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrində çalışıb, prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.

Nazirlər Kabinetində baş veteran fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə – nazir təyin edilənədək Dövlət Gömrük Komitəsinin sədri olub.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətə 1997-ci ildə gətirilib. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziri, Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

2019-cu ildən baş nazir olan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov Heydər Əliyevin prezident postu tutduğu 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı vəzifəsində çalışıb.

Prezident Administrasiyasının hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev isə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilədək də şöbə müdiri idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru