Ukraynada batır, Cənubi Qafqazı qarışdırır: Cəhənnəmə gedənin özünə yoldaş axtarışı

14-04-2022, 08:38           
Ukraynada batır, Cənubi Qafqazı qarışdırır:
Gelə vasadze: “Hər şey rusların Ukraynadakı məğlubiyyətinin nə qədər ağır olacağından asılı olacaq”

Nika Çitadze: “Qondarma rejim Rusiyaya birləşmək üçün referendum keçirəcək və Kreml buna razı olacaqsa...”

Ötən bazar günü saat qondarma “Cənubi Osetiya Respublikası”nda (“COR”) “prezident seçkiləri” keçirilib. “Respublika”nın rəhbəri postu uğrunda beş namizəd mübarizə aparır. Bunlar hazırkı “prezident” Anatoli Bibilov, həmçinin “Nıxas” partiyasının lideri Alan Qaqloyev, keçmiş “deputat” Dmitri Tasoyev, “deputat” Qarri Muldarov və “parlament” sədrinin müavini Aleksandr Pliyevdir.

Ümumilikdə 76 seçki məntəqəsi açılıb. Onlar Sxinvalidə, eləcə də Cənubi Osetiyanın hər dörd bölgəsində - Tsxinvali, Dzau, Znauri və Leninqorda fəaliyyət göstərirdi. Bundan əlavə, Şimali Osetiyada iki, Moskva və Suxumidə bir məntəqə vardı. Yerli “Mərkəzi Seçki Komissiyası” (“MSK”) 40 min bülleten hazırlayıb. “Ölkə”də 32 mindən çox seçici qeydə alınıb.

“Seçki” məntəqələri saat 08:00-da açılıb 20:00-da bağlanıb. Seçicilərin 50%-dən çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayıla bilər. Birinci turda qalib gəlmək üçün namizədlərdən birinin səslərin yarısından çoxunu toplaması lazımdır.

Rusiya mətbuatı xəbər verir ki, “seçkiləri” xarici müşahidəçilər - Rusiya, "DXR", "LXR", "Abxaziya", Avstriya, Venesuela, Suriya, Dağlıq Qarabağ separatçıları, Nikaraqua, İtaliya, Türkiyə və digər müşahidəçilər izləyib. Seçkilərdə 65 müşahidəçi akkreditasiyadan keçib.

Son zamanlar Tsxinvalidən “COR”-un Rusiya Federasiyasına daxil olması ilə bağlı təşəbbüslər eşidilməyə başlayıb. Cənubi Osetiya yaxın vaxtlarda Rusiyaya qoşulmaq üçün “qanuni addımlar” atmağa hazırlaşır. Bu açıqlama ilə qondarma rejimin rəhbəri Anatoli Bibilov çıxış edib.

Onun müraciətində deyilir: "Parçalanmış osetin xalqının əsas tarixi, strateji məqsədi bir dövlət çərçivəsində birləşməkdir. Bu dövlət Rusiya Federasiyasıdır. Biz yaxın vaxtlarda müvafiq hüquqi addımlar atacağıq".

Bibilovun mətbuat katibi daha sonra aydınlaşdırıb ki, aprelin 10-da tanınmamış “respublika” rəhbərinin “seçkilərindən” sonra Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsi planlaşdırılır.

“Respublika prezidenti”nin administrasiyasının məlumatına görə, Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı “referenduma” hazırlaşmaq üçün daha bir neçə ay çəkəcək. Anatoli Bibilov özü də etiraf edib ki, Vladimir Putinlə planlaşdırılan plebisiti şəxsən müzakirə etməyib: “Lakin danışıqlar müxtəlif səviyyələrdə gedir. Nə qədər yaxşı vədlər versələr də, Gürcüstana qayıtmaq könüllü intihar olardı”.

Belə bir fikir həyata keçirilə bilərmi? Xüsusən də indi, Rusiyanın addımları ilə bağlı qlobal qıcıq son həddə çatanda?

Mövzunu AYNA-ya tanınmış gürcüstanlı ekspertlər şərh ediblər.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze:

“Cənubi Osetiyada qondarma “prezident seçkilərinin” keçirilməsinin hüquqi nonsens və siyasi oksimoron olmasını Azərbaycan oxucularına deməyə ehtiyac yoxdur. “Cənubi Osetiya” adlanan yerin Rusiyaya birləşmək imkanlarına və faktiki olaraq açıq şəkildə ilhaqına gəlincə isə, burada hər şey göründüyü kimi sadə deyil. Təcavüzkarlıq, müharibə cinayətləri törədən, insanlığa qarşı cinayətlər vasitəsilə müharibə aparan Rusiya hökuməti Rusiya Federasiyasının özünü beynəlxalq hüquqdan kənarda qoyub.

Beləliklə, Buça, Borodianka, Mariupol və digər bölgələrdəki dəhşətli Rusiya cinayətləri ilə müqayisədə Gürcüstan ərazisinin bir hissəsinin ilhaqı az qala uşaq oyunu kimi görünür. Ancaq qatil və təcavüzkar bir kisə kartof oğurlayıbsa, o zaman oğurluq da daxil olmaqla, hər şeyə görə mühakimə olunacaq. Ona görə də xarici dünya ilə münasibətlər baxımından bu, Rusiya üçün heç nəyi dəyişməyəcək.

Başqa bir məqam məqsədəuyğunluqdur. Rusiyanın təcrid edilməsi artıq başa çatıb və bu, daha da artacaq. Amma cəhənnəmə gedən həmişə özünə yoldaş axtarır. Şübhə etmirəm ki, Moskvanın bölgəni öz vəba daxmasına sürükləmək planları var. Bu planlar naminə onlar nəinki almağa, hətta bütövü almaq üçün dişlənmiş hissələri də verməyə hazır olacaqlar.

Burada hamımız çox diqqətli olmalıyıq. Hər şey onların Ukraynadakı məğlubiyyətinin nə qədər ağır olacağından asılı olacaq. Kifayət qədər ağırdırsa, həm “Abxaziya”, həm də “Cənubi Osetiya” "Uralvaqonzavod" kollektivinin incidilmiş qüruru üçün bir növ kompensasiya ola bilər. Üstəlik, abxazların orada nə düşünməsi, əlbəttə ki, Moskvanı maraqlandırmayacaq. Osetinlərlə isə hər şey aydındır, onlara müstəqillik heç vaxt lazım olmayıb”.

Qara Dəniz Beynəlxalq Universitetinin professoru, politoloq Nika Çitadze:

“Əgər tanınmamış “Cənubi Osetiya” Rusiyaya qoşulmaq üçün referendum keçirəcək və əgər Rusiya onun qəbuluna razı olacaqsa, bu, de-fakto və de-yure vəziyyəti dəyişməyəcək.

De-fakto - Cənubi Osetiya artıq Rusiya tərəfindən ilhaq edilib, onun “büdcəsinin” 99%-i Rusiya Federasiyasının federal büdcəsindən transfertlər hesabına formalaşır.

De-yure - bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın bir hissəsi kimi tanınır.

Gələcəkdə Rusiya Ukrayna ilə müharibədən sonra zəifləsə, Cənubi Osetiyadan Gürcüstana reinteqrasiya ehtimalı bir qədər artacaq. Mən sülh yolu ilə reinteqrasiyanı nəzərdə tuturam”.

Müəllif: Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.