"Paşinyan bunu bildiyi üçün tələsir" - Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...

14-04-2022, 12:01           
"Paşinyan bunu bildiyi üçün tələsir" - Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
"Bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığından sonra proseslərin sürətlənməsi, o cümlədən Baş nazir Nikol Paşinyanın belə bəyanatlar səsləndirməsi gözlənilən idi”. Teref.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün parlamentin iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Rusiyanın Ukrayna ilə apardığı müharibə Ermənistana yaxşı nəsə vəd etmir:

"Rusiya müharibədən qalib çıxsa, Ermənistana təzyiqlər artacaq, əks halda isə İrəvan regiondakı "çətirini” itirəcək. Ona görə də Paşinyan tələsir. Bilir ki, onun vaxtı savaş başa çatanadəkdir. Müharibə bitəndən sonra Ermənistanın imkanları xeyli azalacaq. Bunu Azərbaycanla Türkiyə də yaxşı anlayır. Çox güman ki, yaxın vaxtlarda Birgə Sərhəd Komissiyasının yaradılması istiqamətində növbəti müzakirələr olacaq. Həmçinin əməli addımların atılması mümkündür. Rəsmilərin təmaslarının intensivləşməsi istisna deyil. Əlaqələrin normallaşması, o cümlədən sülh müqaviləsinin bağlanması istiqamətində yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının türkiyəli və rusiyalı həmkarları ilə fikir mübadiləsi aparılması da gözləniləndir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Paşinyan parlamentdə Azərbaycanla əlaqələrin normallaşması istiqamətində ciddi mesajlar verib:

"Rəsmi İrəvanın Azərbaycana ərazi iddiaları yoxdur, beynəlxalq birlik artıq Qarabağ və onun "müstəqillik" məsələlərini eşitmək istəmir. Nikolun sülh müqaviləsi üçün əlavə alternativlər olmadığını qeyd etməsi, Azərbaycanın hərbi-siyasi qələbəsidir. Digər tərəfdən,Paşinyanın Rusiyaya səfəri gözlənilir. Moskvanın Ermənistana təkliflər verməsi, bunun müqabilində Brüssel razılaşmalarından imtina tələbini qoyması mümkündür. Rusiyanın Ermənistanın müdafiə qabiliyyətinin artırılması, hərbi cəhətdən təchiz olunması və qaz qiymətlərində güzəştə getmək istiqamətində təkliflər verəcəyi istisna deyil. Paşinyan isə Moskvanın təkliflərini və təzyiqlərini qəbul etməyəcək”.

M.Əsədullazadə əlavə edib ki, Paşinyan Qarabağda separatçı etnik ermənilərlə əlaqələrini aşağı səviyyəyə endirəcək:

"Ermənistan Azərbaycan ərazisinə hərbiçilər göndərilməsini dayandıracaq. Bu ölkənin yüksək səviyyədə rəsmilərinin Qarabağa gəlib "Artsax Respublikasında" görüşlərinə son qoyulacaq. Nəhayət, Ermənistan beynəlxalq müstəvidə Qarabağ məsələsini qaldırmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.