Əcnəbi adları: ana dilinə sayğısızlıq, ya biznes maraqları?

15-04-2022, 08:34           
Əcnəbi adları:
Bakı şəhərinin bütün küçələri, iri mağazalar, dükanların əksəriyyətində ingilis, rus dilində lövhələr, elanlar var...
Mağaza və restoran adlarının kütləvi şəkildə əcnəbiləşməsi məsələsi illərdir ki, müzakirəyə çıxarılır, tənqid edilir, amma problem həllini tapmır ki, tapmır. Bu isə xarici dilləri bilməyən sakinlər üçün ciddi problem yaradır. Halbuki iki qanun məhz iaşə obyektlərində ana dilinin qorunması məsələsinə həsr olunub.

Qeyd etmək yerinə düşər ki, “Dil haqqında” Qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır.

“Reklam haqqında” Qanuna görə də reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

Ticarət obyektləri qanunlarımıza necə əməl edir? Dil normaları paytaxtın iaşə obyektlərində qorunurmu?

Nizami rayonunda fəaliyyət göstərən bir neçə obyekt diqqətimizi çəkdi. “Modern Dent” adı yazılmış kiçik obyektə yaxınlaşırdıq ki, bir neçə xanımın çölə çıxdığını və şikayətləndiyini eşitdik. Qadınlar “Elə bilirdik, kosmetoloji salondur, sən demə diş həkimi imiş. Haradan bilərdik, normal dildə yazırlar ki, başa düşək də... Niyə öz ölkəmdə mağazanın adının tərcüməsini axtarmalıyam, bəzən elə bilirəm, başqa ölkədəyəm”, - deyə qadınlar əsəbi halda məkanı tərk etdilər. Yeri gəlmişkən, kiçik stomatoloji klinikanın adı “Modern Dent” yazılmışdısa, onun ana dilimizdə tərcüməsi -"Müasir Diş" kimi yazılmalı idi.

Bu ərazidə “Beaty House” gözəllik salonu da nəzərimizdən yayınmır. Burada da dil normalarının kobud şəkildə pozulduğunun, Azərbaycan dilində tərcüməsinin verilmədiyinin şahidi olduq. Bərbərlərdən birindən isə bunun səbəbini soruşuruq, cavabında deyir ki, bununla bağlı məlumatlı deyil.

Buradan ayrılıb yolumuza davam etmək istəyirdik ki, azca irəlidə daha bir əcnəbi dilində yazısı olan məkan diqqətimizi çəkdi. Adı “Power Computers”dir. Yaxınlaşdıqda məlum oldu ki, burada kompüterləri gücləndirir, format edirlər. Adının mənası “güclü kompüterlər” olan bu obyektin nəyə xidmət etdiyi ilk baxışda bilinmir.

Paytaxt küçələrini gəzdikcə xeyli sayda iaşə obyektinin əcnəbi dildə olduğunun şahidi oluruq. Daha bir məşhur mağaza da nəzərimizi çəkir, bu, bir çoxlarına tanış olan “Sibirskoe Zdorovye”dir. Demək olar ki, paytaxtın bir neçə yerində bu mağazanı görmək olur. Amma mağazanın heç bir filialında adın tərcüməsi yoxdur. Göründüyü kimi, bir çox iaşə obyektləri qanunlarımıza, iradlara məhəl qoymadan öz işlərinə davam edirlər.

Qeyd edək ki, yaxın günlərdə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin keçirdiyi monitorinq zamanı da məlum olub ki, paytaxtın mərkəzi küçə və prospektlərində ticarət və xidmət obyektlərinin 70-80 faizində dövlət dilindən istifadə edilmir. Bəzi yerlərdə vəziyyət daha acınacaqlıdır. Məsələn, Rəsulzadə küçəsində 42 ticarət və xidmət obyektindən 40-da Azərbaycan dilindən istifadə edilməyib.

Millət vəkili Sabir Rüstəmxanlı bizimlə söhbətdə qeyd edib ki, hazırda əsas problem Bakı küçələrində mağazaların əksəriyyətinə xarici adların verilməsidir: “Heç olmasa xarici dildə yazılsa da, o yazılar ana dilindən kiçik yazılmalıdır. Amma bizdə onlarla müəssisə var, heç Azərbaycan dilini saymadan üzərini necə istəyirlər elə yazırlar. Ölkə Prezidenti səviyyəsində dəfələrlə dillə bağlı proqramlar hazırlanıb. Amma əsas məsələ odur ki, yerinə yetirilmir. Eyni zamanda kütləvi savadsızlıq da dilin korlanmasına səbəb olur”.

Həmin şəxslərin fotolarının verilməsinin nə mənası var?” – Qulu Məhərrəmli » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a məsələ ilə bağlı bunları deyib: “Azərbaycan dilinin işlənməsi ilə bağlı ən həssas məqamlardan biridir. Bakı şəhərinin bütün küçələri, iri mağazalar, dükanların əksəriyyətində ingilis, rus dilində lövhələr, elanlar var. Ana dili haqqında qanunumuz var, amma bu məsələ ”Reklam haqqında" Qanunla tənzimlənir. Bunun məğzi ondan ibarətdir ki, sahibkar müstəqil şəkildə istədiyi adı verə bilir. Amma şərtlərdən biri odur ki, onun verdiyi, yazdığı lövhələrdə xarici dildə yazılar Azərbaycan dilindən böyük olmamalıdır. Amma bu qaydalar təəssüf ki, pozulur. Ümumiyyətlə, Bakı Şəhərində reklam lövhələrinin adları ilə bağlı məsələ Bakı şəhər Reklam Agentliyinin tabeliyindədir. Onlar bununla məşğul olurlar. Biz dəfələrlə təşəbbüs etmişik, onların nümayəndələri ilə görüşmüşük. Onlar da öz fikirlərini açıqlayıblar. Amma təəssüf ki, nöqsanlar davam edir. Sahibkarları başa salmalıyıq ki, biznes marağı vacibdir, yaşayıb dolanmalıdırlar. Amma eyni zamanda təəssübkeşlik də olmalıdır ki, ana dilinin dəyərini bilək. Ondan istifadə etməyə çalışaq. Bu çox ciddi məqamdır. Fikrimcə, bununla bağlı ciddi proseslər gedir, ictimai etirazlar var".

Afaq MİRAYİQ,















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru