İrəvan sərhəd komissiyasında Moskvanı “ofsayt”a salır - GƏLİŞMƏ

15-04-2022, 10:09           
İrəvan sərhəd komissiyasında Moskvanı “ofsayt”a salır - GƏLİŞMƏ
Aprelin 30-dək Bakı-İrəvan arasında Birgə Sərhəd Komissiyası üzvləri təyin ediləcək, bəs Kremlin təşəbbüsü ilə komissiya yaradılması haqda Soçi razılaşması niyə icra olunmur?

Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. “Bu, bir neçə ayın məsələsi deyil. Amma hər iki ölkə sərhədlərin delimitasiya və demarkasiyası prosesinin mümkün qədər tez olmasında maraqlıdır. Hələlik konkret vaxtdan danışmaq tezdir. Proses başlayanda bir çox məqamlar daha aydın olacaq”, - baş nazir əlavə edib. Hökumət başçısı həmçinin Azərbaycanla danışıqlar üzrə strategiyasını açıqlayıb: “Bizim strategiyamız sərhəd məsələsində Azərbaycanın rəsmi mövqeyini öyrənmək və Ermənistanın həmin məsələ ilə bağlı rəsmi mövqeyini müəyyənləşdirməkdir. Mövqeyimizdə mümkün qədər legitim olmaq üçün sərhədləri dəqiqləşdirərkən yalnız hüquqi əsası olan faktlardan və arqumentlərdən istifadə edəcəyik. Beynəlxalq ictimaiyyətin bu legitimliyi tanıması və Azərbaycanla razılığın əldə edilməsi bizim strategiyamızdır”.

Lakin sərhəd komissiyasının yaradılması ilə bağlı ilk razılıq hələ ötən ilin noyabrında Soçidə Rusiya lideri Vladimir Putinin təşkilatçılığı ilə əldə edilmişdi. Həmçinin üçtərəfli bəyanatda da bu anlaşma öz əksini tapmışdı. Belə ki, nəqliyyat dəhlizinin açılması sərhədlərin delimitasiya və demarkasiyası ilə paralel şəkildə gedəcək, buna görə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair ikitərəfli komissiya yaradılması nəzərdə tutulurdu.

Təbii ki, Rusiya sərhədlərin müəyyənləşməsində öz iştirakını nəzərdə tutur. Hələ “Valday” klubunda Putin açıq demişdi ki, xəritələr Rusiya Baş Qərargahındadır, üçüncü tərəfin iştirakına zərurət yoxdur. Üçtərəfli görüşdən bir həftə sonra da Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın Moskvada bir araya gələcəyi də qərarların tez bir zamanda verilməsinə hesablanmışdı. Amma yeni ilin 4 ayı arxada qalsa da, belə bir ortaq komissiya yaradılmadı. Aprelin 6-da isə Brüssel görüşündə oxşar komissiya yaradılmasına razılıq verildi. Birgə Sərhəd Komissiyasının hətta mandatı da müəyyənləşdi: Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabitliyi və təhlükəsizliyi təmin etmək.

Paşinyanın sözlərindən belə anlaşılır ki, aprelin 30-dək bu komissiya mütləq yaradılacaq. Bəs Rusiyanın təşəbbüsü ilə komissiyanın yaradılması haqda Soçi razılaşması niyə icra olunmur? Görünür, Rusiyanın təşəbbüsünün gerçəkləşməsini İrəvan istəməyib. İndi isə Paşinyan aprelin 30-nu son tarix kimi göstərir. Bu, sülhün əldə edilməsindən daha çox, Avropadakı dəstəkçilərinə jest kimi də qiymətləndirilə bilər. Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Brüsseldə əldə olunan Birgə Sərhəd Komissiyası məsələsinə Kremlin mövqeyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatları təşkil edir.

O zaman məntiqlə, bu komissiyanın yaradılması üçün niyə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyini gözləmək lazım gəlib ki? Rusiyanın 6 ay əvvəlki təklifini qulaqardı edib, Mişelin təklifini dərhal gerçəkləşdirməklə Paşinyan nəyə nail olmaq istəyir? Rusiyanı şantaj edir, yoxsa sabotaj?

Siyasi ekspert Murad Sadəddinov hesab edir ki, bu sual kifayət qədər məntiqə əsaslanır. Analitikin “Yeni Müsavat”a dediyinə görə, Ermənistan 10 noyabrdan bəri Avropanın vasitəçiliyinin olmasında maraqlıdır. “Paşinyan üçün bu platforma daha yaxındır. Avropa Birliyinə sədrliyi Fransa həyata keçirir, siyasi təsiri kifayət qədər çoxdur, İrəvan-Paris münasibətlərini də biz yaxşı bilirik, ona görə Ermənistan Qərb platormasında proseslərin getməsini istəyir”, - deyə M.Sadəddinov qeyd etdi.

Azərbaycana gəldikdə, ekspert vurğuladı ki, bizim hərbi, diplomatik və siyasi cəhətdən mövqeyimiz möhkəmdir: “O baxımdan danışıqların hansı müstəvidə getməsinin fərqi yoxdur, çünki Bakı mövqeyini əsaslandıra bilir, bizim üçün platforma fərqi yoxdur. İndi publik şəkildə elan edirlər ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqları üçün vasitəçilik edirlər, əslində bununla maraqlarını həyata keçirirlər. Biz vasitəçilik etdiyi görünən kənar qüvvələrin keçmiş Minsk Qrupu dövlətləri olduğunu görürük. Sadəcə, indiki şəraitdə onların arasında rəqabət başlayıb. Bu rəqabət hansı tərəfin Bakı-İrəvan arasında sülh sazişi üçün vasitəçi olacağı üstündədir. Ona görə deyə bilmərəm ki, Brüssel razılaşmalarının effekti tez olacaq. Sadəcə, bir yaxşı hal var ki, Azərbaycan və Ermənistan birbaşa danışıqlar aparmağa razılaşıblar. Artıq biz gördük ki, xarici işlər nazirləri telefonla əlaqə saxladılar. Fikrimcə, bu təmasların davamlı ikitərəfli olmasına çalışmaq lazımdır”.

Siyasi şərhçi Ramiyə Məmmədova düşünmür ki, Soçi razılaşması donmuş vəziyyətdə saxlanacaq. Onun sözlərinə görə, Birgə Sərhəd Komissiyası elə 10 noyabr sənədlərinə istinad edir: “Biz burada evcik-evcik oyunu da görə bilərik. Eyni mahiyyət daşıyan iki anlaşma var və Azərbaycan hansı platformada reallaşmasından asılı olmayaraq, sərhədlərin dəqiqləşməsinə tərəfdardır. Sadəcə, Qərblə Rusiyanın rəqabətini müşahidə edirik və indi kimin üstün çıxacağı məsələsi hamı üçün sual olaraq qalır. Rusiyanın başı Ukraynaya qarışıb və aktiv şəkildə Azərbaycan-Ermənistan danışıqlarına qoşula bilmir. Bu izolyasiyadan istifadə edən Qərb fəallaşıb və Brüssel görüşü də göstəricidir. Amma hər iki Brüssel zirvəsində 10 noyabr sazişinə istinad olunubsa, deməli, Rusiyanın burada iştirakı qaçılmazdır”.

Ekspert yada salır ki, xəritələr Rusiyadadır və onun iştirakı olmadan bizim üçün Şarl Mişel sərhədləri müəyyənləşdirə bilməz: “Bu məsələdə yalnız siyasi rəqabətin getdiyini söyləmək olar. Əvvəl-axır Moskva delimitasiya işlərində iştirak edəcək. Biz hər iki vəziyyətdən məmnunuq, yetər ki bu işlər praktik olaraq başlasın. Soçi razılaşması ilə yanaşı bu anlaşma da irəliləməsə, artıq Ermənistan danışıqları tamamilə pozmuş sayılacaq”.
“Yeni Müsavat”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru