Rusiyada hakimiyyət sisteminin beyni pozulur: daha bir fantastik ideya

17-04-2022, 00:02           
Rusiyada hakimiyyət sisteminin beyni pozulur: daha bir fantastik ideya
Bunlar hansı ağılla dünyanın beşdə biri qədər əraziyə ağalıq edirlər?

Ölkələrinə qarşı sanksiya təzyiqlərinin artması fonunda Rusiya dövlət xadimlərinin başlarına təəccüblü ideyalar gəlir. Bədnam bir deputat açıq-aydın bunun texniki cəhətdən mümkün olmadığını təsəvvür etmədən, dünyaca məşhur “YouTube” kanalının bir hissəsini zorla kəsməyi təklif edib.

““YouTube” videohostinqi müsadirə olunmalı və milliləşdirilməlidir”, - deyə Dövlət Dumasının Büdcə və vergilər komitəsinin üzvü Yevgeni Fyodorov “Moskva danışır” radiostansiyasına müsahibəsində bildirib.

Əlavə edib ki, sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib: “Hava və ya yemək qadağan edilə bilərmi? Müsadirə lazımdır. Düşmən resursu var, bizim əleyhimizə işləyir. Xarici dövlətlər bizim əmlakımızı müsadirə edir. Bu, o deməkdir ki, bu biznes - “YouTube” mülkiyyəti də müsadirə olunmalıdır”.

Siyasətçinin fikrincə, platformanı Rusiyada bloklamaq lazım deyil: “İnsanların girişini saxlamaq, lakin bunun xarici dövlətlərin deyil, Rusiya Federasiyasının maraqlarına uyğun işləməsini təmin etmək, platformanı bizim qənimətimizə çevirmək lazımdır. Bağlamaq yanlış qərardır. Köhnə evi bəyənməsəm, əvvəlcə yenisini tikərəm, sonra köhnəni uçuraram, əksinə yox”.

Fyodorov onu da qeyd edib ki, Rusiyanın “RuTube” videohostinqi “YouTube”dan geri qalır: ““RuTube” keyfiyyət baxımından daha pisdir. Məsələn, mən orada qeydiyyatdan keçə bilmirəm, sadəcə qeydiyyat zamanı sistemdən atılıram, texniki cəhətdən ora çata bilmirəm”.

Bundan əvvəl Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədr müavini Sergey Boyarski (D'Artanyanın oğlu) bildirmişdi ki, xidmət Rusiya kanalları ilə bağlı siyasətini dəyişməsə, “YouTube” istənilən vaxt Rusiyada bloklana bilər. Eyni zamanda deputat Dövlət Dumasının “YouTube” kanalının bloklanmasını “təxribat” kimi qiymətləndirib.

Belə ki, “Google”un Dövlət Dumasının “DumaTV” “YouTube” kanalını bloklaması faktı aprelin 9-da məlum olub. Mart ayında xidmət Rusiya media kanallarına girişi məhdudlaşdırıb. Platforma, həmçinin Rusiyadan olan istifadəçilər üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırıb.

Ancaq bu, əsas məsələ deyil. Maraqlı olardı, görəsən, Fyodorov “YouTube”un bir hissəini necə konfiskasiya etmək fikrindədir? Axı, bu, “YouTube” idarəçilərinin və sahiblərinin razılığı olmadan edilə bilməz. Və çətin ki, bu ideya onların xoşuna gəlsin. Bənzər bir şey yaratmağa cəhd edə bilərsiniz, lakin bu, Fyodorov tərəfindən sevilməyən eyni “RuTube” kimi fərqli bir sayt olacaq. Belə səviyyədə olan bir insanın rusların maraqlarını ən yüksək qanunverici orqanda necə təmsil etməsi təəccüblü deyilmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi Dmitro Zolotuxin:

“Rusiya parlamentindəki Prezident fraksiyasının deputatı Yevgeni Fyodorov Rusiya Federasiyasının Dövlət Dumasında məhz ona görə saxlanılır ki, o, həsəd aparılan müntəzəmliklə cəfəngiyyatlar yaradır, hansılar ki, sonradan mediada aktiv müzakirə olunur. Bu, Viktor Tsoyun mahnılarının MKİ tərəfindən yazıldığını deyən və “Rusiyanın Amerika Birləşmiş Ştatları ilə qırx illik müharibədə məğlubiyyət nəticəsində suverenliyini itirdiyini” kifayət qədər ciddi şəkildə bildirən həmin deputatdır.

Bu cür bəyanatlar Putinin Rusiya parlamentindəki fraksiyasının psixi sağlamlıq haqqında arayış gətirməyən insanları öz sıralarına qəbul etməsinin nəticəsidir.

Rusiyada “YouTube”un bloklanması gündəmdədir. Bunu artıq hakimiyyətin əsas sözçüləri də bildiriblər. Məsələn, Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova. Rusiya informasiya məkanının kuklalaşması Rusiya üçün təbii prosesdir. Əslində onlar rusları reallıq haqqında məlumatı qavramaq, prinsipcə düşünmələri qadağan olunmuş İŞİD-in (İraq Şam İslam Dövləti) sakinlərinə çevirmək istəyirlər. Siz ancaq dövlət telekanallarına baxa və Putin üçün ölə bilərsiniz.

Duma telekanalının bloklanması həqiqətən də təxribat ola bilərdi. Bunu yalnız Rusiya xüsusi xidmət orqanları rusları baş verənlər barədə alternativ məlumat almaq imkanı verən bir platformadan ayırmağa əsas yaratmaq üçün həyata keçirə bilərdi”.

Rusiyalı jurnalist, blogger Aleksey Romanov:

“Bir ay əvvəl “YouTube” və “Telegram”da sorğu keçirdim: “YouTube” Rusiyada nə qədər tez bloklanacaq? “Dərhal”dan “heç vaxt”a qədər müxtəlif variantlar var idi və indi, üstündən cəmi bir ay keçsə də, hansı variantın düzgün olduğunu hələ də bilmirik.

Rusiya hakimiyyəti həqiqətən də “YouTube” xidməti ilə nə edəcəyinə qərar verə bilmir və ya bu barədə heç nə etməməyə cəsarət edə bilmir.
Onlara nəyin mane olduğunu mühakimə etmək çətindir - bu, tamaşaçılarla son əlaqəni itirmək qorxusu və Baş Bossu sevimli kanallarından məhrum etmək qorxusu ola bilər. Amma fakt göz qabağındadır – “YouTube” bir aydır ki, ipdən asılı qalır və nədənsə bu ip qırıla bilmir.

Vəziyyət qeyri-təbii, aldadıcı, anormaldır və deputat Fyodorovun sərsəmləməsi (və bu, dəqiq sərsəmləmədir) sadəcə dövlət sərsəmləməsinin sınmasıdır. Sistem dəliləşir və ağlını itirirsə, onun vintindən ciddi şəkildə nəsə soruşmağa dəyərmi?”

Müəllif: Rauf Orucov

pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.