Körpə yuxusu necə olmalıdır? Miflər və faktlar

18-04-2022, 08:37           
Körpə yuxusu necə olmalıdır?
Amanda Ruggeri
BBC Future
Yeni doğulmuş körpələrdə yuxunun reqressiya etməsi fikri doğru deyil. Onların gecələr oyanması normal haldır. Üstəlik, bu, körpələri Ani Körpə Ölümü Sindromundan (SIDS) da qoruyur. Başqa sözlə, 12 saatlıq yuxu rejimi qızıl standart hesab olunmamalıdır. Alimlər bunu bilməyimizi istəyirlər.

Körpəniz doğulanda, demək olar ki, hər kəsin verdiyi sualı xatırlayın: "Gecələr yaxşı yatırmı?"

Bütün yorğun valideynlər gecə körpələrinin yuxuya gedəcəkləri anı səbirsizliklə gözləyirlər.

Qərbdə ailələrin müqəddəs hesab etdikləri şeyi - körpənin bütün gecəni öz çarpayısında yatacağını və gün boyu bir neçə dəfə uzun müddətə yuxuya gedəcəyini vəd edən yuxu təlimçiləri, məqalələri və kitabları sənayesi yaranıb. Hətta bəzi pediatrlar valideynlərə xəbərdarlıq edirlər ki, dərin yuxuya nail olmasalar, uşaqlarının böyümək və inkişaf etmək üçün lazımi qədər yata bilmək şansı azalacaq.

Ancaq bu müstəqil və davamlı körpə yuxusu ideyası nəinki universallıqdan uzaqdır, həm də körpələrin insanlıq tarixi boyunca mövcud olmuş yuxu rejimindən çox fərqlidir.

Bu ideyanın geniş miqyasda təbliği valideynlərdə həddindən artıq narahatlıq və stres yarada, hətta körpələrin özləri üçün təhlükəli ola bilər.

"İnsanın 21-ci əsrdəki yuxu vərdişi təkamül baxımından kifayət qədər qəribədir, çünki biz 8 saat ərzində, tam bir sakitlik və qaranlıq içində ölü kimi yatmaq üçün yaradılmamışıq. Bu, Qərb cəmiyyətlərinin alışqanlığıdır və körpələrin nəyi bacarmaları və bizim onlarla necə davranmalı olduğumuz haqqında düşüncələrimizə təsir edir", - Durham Universitetinin antropologiya professoru və Durham Körpə və Yuxu Mərkəzinin direktoru Helen Ball belə deyir.

Lazım olan qədər yatmaq?
Körpələrin az yatmasıyla bağlı narahatlıq yeni bir şey deyil. İlk "elmi" məsləhətlər 1897-ci ildə dərc edilib - rus həkim yuxu haqqında Londonun "Contemporary Science Series" nəşri üçün yazdığı kitabında körpələrin sutka ərzində 22 saat yatmalı olduğunu qeyd edib. Sonrakı yüz ildə bu müddət nisbətən qısaldılsa da, məsləhət görülən yuxu saatları körpələrin faktiki rejimindən təxminən 37 dəqiqə çox olub və onilliklər boyu valideynlərdə narahatlıq yaradıb.

Ekspertlər yuxunun körpələr və azyaşlılar üçün (və elə böyüklər üçün də) çox vacib olması fikrində həmrəydirlər. Yuxusuzluq kardiometabolik risk faktorları, yüksək DEHB riski və aşağı səviyyəli koqnitiv bacarıqlarla, həmçinin pis emosional tənzimləmə, akademik qabiliyyətlər və həyat keyfiyyətilə əlaqələndirilir.

Amma bu uzunmüddətli nəticələrin bir çoxu körpələrə yox, məktəb yaşlı uşaqlara aiddir. Həm də bunlar səbəb-nəticə əlaqələri yox, korrelyasiyadır. Gecələr davamlı olaraq az yatan uşaqlarla DEHB arasında korelyasiyanı öyrənən araşdırmalara əsasən demək olar ki, müəyyən yuxu miqdarının (və ya çatışmazlığının) DEHB kimi konkret bir vəziyyətə "səbəb" olub-olmadığını öyrənməyin yeganə yolu randomizə edilmiş sınaqlardır. Bu isə bir qrup uşağın uzun illər yuxudan məhrum edilməsi deməkdir və qeyri-etikdir. Beləliklə, əks əlaqə faktorunu müəyyənləşdirmək çətindir: ola bilsin, DEHB-li uşaqlar daha az yatırlar.

"Böyüklərin yuxusu fərqli olduğu kimi, körpələrin də yuxusu fərqlidir"
Əlbəttə, yuxu və inkişaf arasındakı əlaqənin ikitərəfli olması kifayət qədər realdır. Qısa müddətli, randomizə edilmiş sınaqlar göstərir ki, yadda saxlamaqla bağlı tapşırıqlar verilmiş körpələr yuxudan doyanda daha yaxşı performans nümayiş etdirirlər, yuxusuzluqdan yorulmuş körpələrsə stresli epizodların öhdəsindən daha çətin gəlirlər.

Ancaq bu, yuxuya mane olmaq üçün heç bir şey etməməyimiz (məsələn, uşağı qəsdən oyaq saxlamaq) alamına gəlsə də, hər bir uşağın gecə 12 saat fasiləsiz yuxuya və gündə bir neçə dəfə olmaqla, hər dəfəsində iki saatlıq yuxuya ehtiyacı olduğu demək deyil.

London Goldsmiths Universitetinin yuxu psixologiyası professoru və "İstirahət: yuxu haqqında elm" ("Nodding Off: The Science of Sleep") kitabının müəllifi Alice Gregory deyir ki, "Böyüklərdə olduğu kimi, körpələrdə də yuxu rejimi fərqlidir".

Gregory qeyd edir ki, ABŞ Milli Yuxu Fondu üç aylığına qədər olan körpənin 24 saat ərzində minimum 11, maksimum 19 saat olmaqla, 14-17 saat yatmasını tövsiyə edir. Amerikanın Yuxu Tibb Akademiyası isə dörd aydan kiçik körpələr üçün heç bir tövsiyə vermir. Bu təşkilatlardan heç biri gündüz və gecə yuxusunun miqdarıyla bağlı konkret tövsiyələr səsləndirmir.

Baxıcısı ilə birliktə yuxu alan körpə

"Bu fərqli yanaşma hətta aparıcı mütəxəssislərin də körpə yuxusuyla bağlı eyni fikirdə olmadığını göstərir" - Gregory belə deyir.

Körpələrin yuxu rejimində nəzərəçarpan fərqlər var. Avstraliyada həyata keçirilmiş bir araşdırma zamanı 4-6 aylıq 554 körpənin 24 saat ərzində orta hesabla 14 saat yatdığı müəyyən edilib. Amma ən çox yatanlarla ən az yatanların yuxu saatı arasında 8 saatdan çox fərq olub.

Qrafikə əməl etmək faydalı ola bilərmi?
Gün ərzində yuxu (və qidalanma) saatlarının əvvəlcədən müəyyənləşdirildiyi bir rejimə, ya da saysız-hesabsız körpə yuxusu kitabları və pedaqoqlar tərəfindən qızıl standart hesab olunan "7-dən 7-yə" gecə qrafikinə (körpənin axşam 7-dən səhər 7-yə qədər yatması nəzərdə tutulur) əməl etməyə nə deyirsiniz?

İlk günlərdə belə cədvələ riayət etmək çətin ola bilər. Çünki bəzi fizioloji funksiyalar (böyüklərə yatmaq vaxtının gəldiyini xatırladan melatonin hormonunun ifrazı və bədən istiliyi ritminin yaranması) sağlam və vaxtında doğulmuş körpələrdə 8-11 həftədən sonra ortaya çıxır.

Onları gündüzlər işığa, gecələr qaranlığa "məruz qoymaq" bu funksiyaların işə düşməsinə kömək edə bilər.

Gregory deyir ki, yuxu tənzimlənməsi üzrə əsas nəzəriyyədə yatmağa və oyanmağa nəzarət edən iki mərhələnin olduğu qeyd edilib:

"Birincisi, homeostatik (nə qədər çox oyaq qalsaq, o qədər yuxulu olarıq düşüncəsi), ikincisi isə sirkadiyalı (gündüzün və gecənin müəyyən saatlarında daha yuxulu və ya daha oyaq olmamız) prosesdir. Körpələrdə hər ikisi zəif inkişaf etmiş olur. Balacalarla böyüklərin yuxu rejimləri arasındakı fərqi bununla izah etmək olar".

Erkən yatmağın faydası: mif, yoxsa reallıq?
Körpələri axşam saat 7-dən yatdırmaq fikri geniş miqyasdaə çox da inandırıcı görünmür. Çünki bir çox mədəniyyətlərdə körpələr və uşaqlar daha gec yatırlar - Asiyada 21.45 -də, Yaxın Şərqdə və İtaliyada 22.45-də.

Bir sıra tədqiqatlar erkən yatmaq saatını daha yaxşı akademik performans və daha az piylənmə riski kimi nəticələrlə əlaqələndirir. Amma bu tədqiqatlarda körpələr yox, məktəbəqədər və daha yuxarı yaşılı uşaqlar araşdırılıb. Üstəlik, burada fərq yaradan faktorun yuxu saatı olub-olmaması da aydın deyil.

Məktəb və digər fəaliyyətlər erkən saatlarda başladığına görə uşaqlar, adətən, daha tez yatırlar; övladlarını erkən saatda yatdıran valideynlərsə sağlam vərdişlər üçün başqa üsullara əl ata bilərlər. Ancaq bu, o qədər də asan məsələ deyil.

Bəzi ailələrdə "7-dən 7-yə" qrafiki yaxşı işləyir. Amma digərlərində uşağı buna məcbur etmək onda yuxu problemlərinin yaranmasına gətirib çıxara bilir.

"Əldə etdiyimiz nəticələr göstərir ki, azyaşlı uşaqları bioloji cəhətdən uyğun olmayan saatda yatırdanda onlar buna müqavimət göstərirlər (məsələn, qəzəblənirlər)" - bir araşdırmada belə deyilir.

Körpəniz 12 saatlıq gecə yuxusuna ehtiyac duymursa, onu axşam 7-də yatdırmaq arzuolunmaz nəticələrə səbəb ola bilər. Məsələn, gecə boyunca uzun müddət oyaq qalması körpənizdə "bölünmüş gecələr" problemi yarada bilər və ya onu səhər yuxudan çox tez oyadar.

Yuxu rejiminə daha yumşaq yanaşma qidalandırma prosesini də asanlaşdıra bilər - körpəni müəyyən edilmiş qrafik üzrə yox, aclıq siqnallarına uyğun yedizdirmək olar.

Yumşaq və həssas yanaşma
"Körpənin idarə etdiyi" və ya "tələb əsasında" qidalanma kimi də tanınan həssas qidalanmanı Böyük Britaniyanın Milli Sağlamlıq Xidməti (NHS), UNICEF, Böyük Britaniyanın valideyn xeyriyyə təşkilatı NCT və Amerika Pediatriya Akademiyası kimi qurumlar tövsiyə edirlər, həm də körpəyə ana südü və ya süni qida verilməsindən asılı olmayaraq.

Araşdırmalar göstərib ki, tələbata görə qidalandırma valideynin qrafikinə və ya rutinə görə qidalandırmayla müqayisədə daha əlverişlidir. Məlum olub ki, valideynlər bu prosesə nə qədər çox nəzarət edərlərsə, körpələrdə o qədər çox kökəlmə və ya arıqlama müşahidə edilir. Bu, əmizdirmə prosesinə də təsir edə bilər - körpəni həssas rejimdə yedizdirmək südün miqdarını sabitləşdirir.

Aşkar edilib ki, yedizdirmə saatlarının planlaşdırılması əmizdirmə dövrünün daha tez bitməsinə də səbəb olur. Üstəlik, o da bilinib ki, dərin yuxu və qidalandırma rejimləri haqqında kitablar oxuyan analar arasında körpələri əmizdirmək halları azalır.

"Ana südüylə qidalandırmadan vaz keçənlər olur, ya da rutin yedizdirmə üsulu orqanizmin süd istehsalını azaldır" - Böyük Britaniyanın Swansea Universitetinin Əmizdirmə, Körpələrin Qidalanması və Tərcümə Mərkəzinin direktoru, İctimai Sağlamlıq Professoru Amy Brown belə deyir.

Körpənin ehtiyaclarını hiss etmək valideynlərin psixi sağlamlığına da müsbət təsir edə bilər. Çünki analar qrafik üzrə qidalandırmanın daha yüksək səviyyədə narahatlıq yaratdığını bildirirlər.

Brown və digər müəlliflərin birgə yazdığı araşdırmada qeyd olunur ki, analara ciddi rutinlər məsləhət görən kitablar onların depressiya və stres keçirmələrinə, özlərini bacarıqsız valideyn hesab etmələrinə səbəb ola bilir.

Ümumiyyətlə, yuxu ekspertləri mövzunu bu qədər dolaşıq hala gətirməyi doğru saymırlar. İstər "7-dən 7-yə" kimi ciddi bir qrafikdə, istərsə də hər hansı digər rejimdə körpəni izləmək lazımdır.

"Həmişə valideynlərə bunu deyirəm - əgər körpələriniz gün boyu özlərini ümumən yaxşı hiss edirlərsə, deməli, heç bir problem yoxdur. Yox, əgər narahat və əsəbidirlərsə, bu, yuxu problemindən qaynaqlana bilər" - Hiscock belə deyir.

Bütün gecəni yatmaq: mif, yoxsa reallıq?
Bəlli saatlarda bəlli miqdarda yuxu körpələrə bəs etməyəndə valideynlərə başqa bir hədəf göstərilir: yuxunun "birləşdirilməsi".

Yuxu təlimçiləri və kitabları dərin və fasiləsiz yuxunun körpələrin inkişafına daha çox fayda verdiyini iddia edirlər (Əlbəttə, gecə oyanmamaq valideynlər üçün daha rahat variantdır). Amma 12 saatlıq yuxu bioloji baxımdan çox çətin bir hədəfdir və körpələr üçün risk yaradır.

Yuxu dövrləri arasında oyanmaq bütün insanlara xas xüsusiyyətdir. Biz yetkinlər əsas ehtiyaclarımızı ödəyib rahatlaşandan sonra yatmışıqsa, nəyəsə görə (məsələn, üşüdüyümüzə və ya sabahkı prezentasiyanın həyəcanına görə) ayılsaq belə, tez yuxuya gedirik. Ona görə də çoxumuz bu ayılmaları xatırlamırıq. Amma bizim yuxu dövrümüz 90 dəqiqə, körpələrinki isə bundan iki dəfə azdır. Üstəlik, onlar öz ehtiyaclarını ödəyə bilmirlər və bu səbəbdən də tam oyanırlar.

Körpələr böyüdükcə onları bütün sutka boyu qidalandırmaq zərurəti azalır. Bir çox yuxu araşdırmaçısı qeyd edir ki, sağlam və normal kilolu körpələr 6 aylıqdan sonra gecələr yeməyə "ehtiyac duymurlar". Amma əmizdirmə mütəxəssislərinin çoxu bununla razılaşmır, onların həmin dövrdən sonra da gecələr yemək üçün ayıldığına diqqət çəkir.

"Körpələr böyüdükcə, böyüklər onların gecə oyanmalarına daha zəif reaksiya verirlər"
Finlandiyada 5700 körpə üzərində aparılmış bir araşdırmada aşkar edilib ki, 3 aylıq körpələr gecələr orta hesabla 2,2 dəfə oyanırlar, amma ən az və ən çox oyanma statistikası arasındakı fərq 0-15 aralığında olub.


Körpələr 1 yaşına çatana qədər davam edən bir araşdırma zamanı 3 və 8 aylıq körpələrdən ibarət qrupdakı 10 valideyndən 8-i övladlarının həfətə ərzində 5 gecədən çox oyandıqlarını bildiriblər. 12 aydan sonra vəziyyət təəccüblü dərəcədə dəyişib - 18 aylıq körpələrin təxminən üçdə ikisi və iki yaşı olanların hardasa dördə üçü gecələr artıq oyanmayıb. Tədqiqatın ortaya çıxardığı daha bir fakt budur ki, iki yaşına qədər olan körpələrdə yuxunun keyfiyyəti "yüksək faizlə dəyişkəndir".

Oxşar nəticələr digər araşdırmalarda da var. Məsələn, dörd ay ərzində 80 körpənin yuxu rejiminin sürətləndirilmiş videolar vasitəsilə müşahidəsi nəticəsində məlum olub ki, bir yaşa qədər gecələr oyanma sayında dəyişiklik olmayıb və zamanla baxıcılar körpələrin oyanmasına daha az reaksiya veriblər.

"Körpələr bir yaşları tamam olana qədər oyanmağa davam ediblər, amma sonrakı yaşlarda uzun müddət çarpayılarından götürülməyiblər" - araşdırma müəllifləri belə yazırlar.

Gecələr oyanma yaşca daha böyük körpələr və hətta azyaşlı kiçik uşaqlar arasında xeyli yaygın hal olsa da, bunun reflüks və ya nitq pozuqluğu kimi sağlamlıq problemlərindən qaynaqlanmadığına əmin olmaq üçün ayrıca bir tibbi müayinə lazım gələ bilər.

Menopauzayla bağlı tabular yıxılır: “İnsanların üzünə yumruq vurmaq istəyirdim”

Gecələr oyanmaq niyə təhlükəli deyil?
Yorğun valideynlər üçün nə qədər əzablı olursa-olsun, körpələrin yuxudan tez-tez oyanaraq təkamül etməsinin daha bir səbəbi var: özlərini qorumaq.

Ani Körpə Ölümü Sindromuna (SIDS) gəlincə, körpələr üçün potensial riskli yuxu mərhələsi dərin yuxu və ya "yavaş dalğalı yuxu"dur. Bu mərhələdə körpələr nəfəs almağı qəfil dayandıra bilərlər. Körpə sağlamdırsa, yuxudan ayılır, amma səhhətində risk faktorları olanlar (məsələn, potensial aşkar edilməmiş beyin sapı anormallığı kimi) oyanmaya da bilərlər.

Notre Dame Universitetinin Ana-Körpə Davranışı Yuxu Laboratoriyasının təsisçisi və direktoru, Kaliforniyanın Santa Clara Universitetinin Antropologiya kafedrasının müdiri James McKenna deyir ki, körpəni erkəndən, daha uzun və daha dərin yuxuya məcbur etmək SIDS riskini artıra bilər.

Ən pis nümunə körpəni qarnı üstə yatırmaqdır. Bu, körpələrin daha dərin yuxuya getməsinə kömək etsə də, SİDS riskini 13 dəfəyə qədər artırır. Bu təhlükəylə bağlı dünya miqyasında maarifləndirici kampaniyalar aparılandan sonra SİDS səviyyəsində azalma baş verib.

"SİDS epidemiyasını biz yaratdıq. Erkən yuxu konsolidasiyası ideyasını təbliğ etmək istədik - dərin, fasiləsiz yuxu və daha az oyanmalarla. Buna görə də körpələrin tez oyanmaması üçün onları qarnı üstə yatırtmaq ideyasını irəli sürdük. Bu isə SİDS üçün müstəqil risk faktoru oldu" - McKenna belə deyir.

Daha uzun, daha dərin və fasiləsiz yuxu körpənin inkişafı üçün daha yaxşıdırmı? Bunun belə olduğunu düşünənlər çox olsa da, araşdırmalar bu fikri təsdiqləmir.

Yuxu mütəxəssisi, Filadelfiya Uşaq Xəstəxanası Yuxu Mərkəzinin direktor müavini Jodi Mindell müntəzəm fasilərlə 18 ay boyu 117 körpə və azyaşlı uşağı müşahidə edib. O deyir ki, "ABŞ-da apardığımız araşdırmaların nəticəsi yuxuyla koqnitiv inkişaf arasında heç bir real əlaqənin olmamasını aşkar etməyimizdir".

Mindell-in komandası daha sürəkli gecə oyanmaları və daha yaxşı idrak göstəriciləri arasında kiçik bir əlaqə də tapıb.

Kanadada aparılan başqa bir araşdırmada isə altı və 12 aylıq 350-dən çox körpənin yuxu rejimi öyrənilib, onlar 36 aylıq olanda isə əqli və hərəkət bacarıqları tədqiq edilib. Araşdırma müəlliflər deyirlər ki, "Gecə yuxusuyla sonrakı zehni inkişaf, psixomotor inkişaf və ananın əhval-ruhiyyəsi arasında əhəmiyyətli bir əlaqə tapılmayıb". Amma onlar bunu da qeyd edirlər ki, "Gecə yuxusu ana südüylə qidalanmanın qat-qat aşağı səviyyəsiylə əlaqələdir".

Gecələr oyanmaların sayını azaltmaq üçün davranış müdaxilələrinə məruz qalmış körpələr üzərində ən böyük, ən uzunmüddətli araşdırma zamanı altı yaşlı uşaqların yuxu vərdişləri, davranışları, emosional tənzimlənmələrii və ya həyat keyfiyyətində heç bir fərq aşkar edilməyib.

İməkləməyi və ya yeriməyi öyrənmək körpələri həyəcanlandırır və gecələr daha çox oyanmalarına səbəb olur.

Amma bu, yenə də səbəb-nəticə əlaqəsinə aid məsələdir. Məsələn, valideynləri tərəfindən sakitləşdirilməyə daha çox ehtiyac duyan, daha narahat körpə emosional tənzimləməsi daha çətin uşaqlar kateqoriyasına aid ola bilər.

Mindell deyir: "Siz bunun yuxudan qaynaqlandığını, yoxsa erkən bir əlamət olduğunu bilmirsiniz".

Yuxu reqressiyası: mif, yoxsa reallıq?
Yaxşı, bəs yuxu reqressiyası? Bu termindən yuxunun daha xaotik hala gəldiyi dövrləri təsvir etmək üçün istifadə olunur.

Deyilir ki, reqressiyalar həm tez-tez baş verir, həm də proqnozlaşdırıla bilir: yuxuyla bağlı məsləhətlər verən bir vebsaytda 4-cü ayın reqressiyası, 8-10 ayın reqressiyası, 11-12 ayın reqressiyası və 18 ayın reqressiyası təsvir edilir (Hərçənd sayt xidmətkarcasına onu da qeyd edir ki, bu əlamətlərə körpələrdə tez-tez rast gəlinsə də, " yuxu reqressiyası ilk altı ay boyu baş vermir").

Ən qorxulusu odur ki, çox zaman yanlış olaraq 4-cü ay reqressiyanın qalıcı olduğunu bildirirlər. Başqa bir yuxu təlimçisi isə deyir ki, "Uşağınız təkbaşına yatmağı öyrənənə qədər bu problem aradan qalxmır".

Ekspertlər hesab edirlər ki, problem yuxu reqressiyalarının təsvir edildiyi şəkildə olmamasıdır.

Mindell deyir ki, bu, tam bir mifdir: "Yuxuyla bağlı böyük məlumat bazalarım var. Körpələrin yuxusunu ilk iki il ərzində hər ay izlədim. Yuxu problemlərinin birdən-birə pik həddə çatdığı bircə ay belə yoxdur. Sadəcə fərqli körpələr üçün fərqli vaxtlar var".

Adətən, bu "reqressiyaların" yuxuyla yox, digər inkişaf formalarıyla əlaqəsi var. İməkləmək və ya gəzmək kimi yeni bacarıqlar körpələri gecələr oyadacaq qədər həyəcanlandırır. Hərçənd səbəb psixoloji də ola bilər.

"Körpə obyektlərin qalıcılığına - ailə üzvlərinin otaqdan çıxandan sonra da varlıqlarını davam etdirmələrinə diqqət yetirməyə başlayır. Ona görə də yuxuya getmək əvəzinə, onları çağırmağı seçə bilər" - Gregory belə deyir (O əlavə edir ki, yuxudakı dəyişikliklər bəzən reflüks kimi tibbi problemləri əks etdirə bilər, buna görə də narahat olduğunuz hallarda həkimə müraciət etməniz vacibdir).

4-cü ay reqressiyası körpə yuxusunun arxitekturasındakı dəyişikliklə izah edilsə də, bu, adətən, bir ay boyu baş verir və həm də mərhələli dəyişim ola bilir. İstənilən halda, bu, nəyinsə "geriyə" getməsinin əlaməti deyil.

"İ lk altı ayda hər şey sürətlə irəliləyir. Ən uzunmüddətli yuxunun vaxtı artır, oyanmalar azalır.Reqressiya deyirik, amma bu markerlər geriləməz" - Kaliforniya-Devis Universitetinin keçmiş psixiatriya professoru, yuxuyla bağlı 40 ildən çox araşdırmalar aparmış Thomas Anders belə deyir.

Təkbaşına yuxuya getmək: mif, yoxsa reallıq?
Yuxu proqramları, adətən, bircə tövsiyəyə əsaslanır: körpələr mümkün qədər qısa vaxt ərzində təkbaşına yuxuya getməlidirlər. Amma onları buna və ardınca da tək yatmağa məcbur etmək heç də asan deyil. Körpələrin nevroloji sistemləri hələ formalaşmamış olur, onlar öz himayədarlarının emosional tənzimləmələrinə, yuxuya getmək üçün sakitləşdirilməyə möhtacdırlar.

Finlandiyada 5700 uşaq üzərində aparılmış araşdırma zamanı valideynlərin yarısından azı körpələrin müstəqil şəkildə yuxuya getdiklərini bildirib.

Mindell və həmkarlarının keçirdiyi anket sorğusunda isə valideynlərin yarıdan bir az çoxu 9-11 aylıq körpələrinin təkbaşına yuxuya getdiyini deyib. Yerdə qalanların təxminən yarısı yatırtmaq üçün körpələrinə yemək verdiklərini, üçdə biri qucağında yatırtdığını, dörddə birindən çoxu isə qucağında yırğaladığını qeyd edib.

"Gecə yuxusu" kitabının müəllifi Mindell bildirir ki, valideynlər körpələrin təkbaşına yuxuya getməsinə kömək edəcək strategiyalar tətbiq etməlidirlər. Onun sözlərinə görə, körpəni sakitləşdirməyin onun inkişafına mane olacağını düşünmək üçün heç bir əsas yoxdur. Və gülərək bunları əlavə edir:

"Gecələr tez-tez oyanan körpələrdə müstəqillik qabiliyyətinin inkişaf etmədiyini düşünürsüzmü? Xeyr. Məncə, insanlar yuxuya həddindən artıq məna yükləyirlər. Halbuki çox fərqli şeylər baş verir".

Eyni çarpayıda yatmaq doğrudurmu?
Körpələrlə eyni çarpayıda yatmaq onların müstəqil şəkildə yuxuya getməsi və yatması fikrinin tam əksidir, amma bunun da inkişafla əlaqəsi var.

Bəzi tədqiqatlarda körpələriylə eyni çarpayıda yatan valideynlərlə körpənin uzunmüddətli idrak və davranış göstəriciləri arasında heç bir əlaqə aşkar edilməyib və hətta o da məlum olub ki, birlikdə yatmağın daha sonrakı koqnitiv nəticələrə kiçik bir faydası var. Bunun etibarsız münasibətlər riskini azalda biləcəyini göstərən tədqiqatlar da mövcuddur.

Amma Braziliyada 3 aylığından 6 yaşına qədər müşahidə edilmiş 4 minə yaxın uşaq üzərində aparılmış araşdırma da daxil olmaqla, digər tədqiqatlar göstərib ki, analarıyla eyni çarpayıda yatan uşaqlarda yuxu problemi və psixi pozuntular ola bilir.

Hərçənd bu araşdırmaların böyük bir qüsuru var: tədqiqatçılar valideynlərdən niyə körpələriylə birlikdə yatdıqlarını soruşmadıqları üçün bəlli bir yuxu rejiminin bəlli bir nəticəyə "səbəb olub-olmadığını" bilmək mümkün deyil.

Kğrpəsi təkbaşına yuxuya getmədiyi üçün valideyn onu yanına gətirirsə, bu, harda yatmağından asılı olmayaraq uşağın səhhətindəki fundamental bir problemin əlaməti ola bilər. Digər tərəfdən, həssaslıq göstərib uşağını yanına gətirən valideynin digər məsələlərdə də həssas davranması ehtimalı yüksəkdir. Bu isə öz növbəsində onların arasında etibarlı münasibətlər yaranması ehtimalını artırır. Hər iki halda ortaq yataq səbəb yox, göstərici ola bilər.

ABŞ-ın hərbi bazalarının birində araşdırma aparan tədqiqatçılar müəyyən ediblər ki, valideynlərindən biri işlə bağlı evdən gedəndə onlarla eyni çarpayıda yatan uşaqların psixiatrik problemlər yaşaması ehtimalı daha az olur və onlar valideynlərindən ayrı yatan uşaqlardan daha yaxşı davranırlar.

Ortaq yataq praktikasının norma olduğu ölkələrdə belə fərqlərin görünməməsinin səbəbi budur: valideynin öz körpəsiylə birlikdə yatmaq qərarı hər hansı problemdən qaynaqlanmır.

Bu fərqi izah etmək üçün həyata keçirilmiş tədqiqatlardan biri göstərib ki, körpəlikdən valideynləriylə eyni çarpayıda yatan məktəbəqədər yaşlı uşaqlar nəinki həmişə tək yatanlardan, hətta sonrakı illərdə valideynlərinin yanına keçənlərdən də daha inamlı və sosial cəhətdən daha müstəqil olurlar. 1 yaşından sonra uşaqla birlikdə yatmaq "reaktiv" qərar hesab olunur.

Yuxu problemləri: mif, yoxsa reallıq?
Körpələrin gecələr oyanmaları və tək yatmaq istəməmələri geniş yayılmış hal olsa da, valideynlər uşaqlarında yuxu problemi olduğunu düşünərək bundan çox narahat olurlar. Məsələn, Finlandiyada həyata keçirilən böyük bir araşdırmada 8 aylıq körpəsi olan valideynlərin 40%-i məhz yuxu problemindən şübhələndiyini deyib.

Bəs mütəxəssislər bunu necə izah edirlər?

Hiscock deyir ki, "Qəbul edilməsi və ya hesablanması mümkün olan dəqiq bir tərif yoxdur. Amma valideynlər bunu bir problem olaraq görürlərsə, demək ki, biz nəsə etməliyik".

O, bəzi hallarda bunun sadəcə maarifləndirmə ola biləcəyini söyləyir:

"Ana və ata üç aylıq bir körpələri olduğuna və onu yedizdirmək üçün gecə iki dəfə oyandıqlarıına görə özlərini tükənmiş hiss etdiklərini bildirirlərsə, onlara bunun əslində normal hal olduğunu demək lazımdır".

Bunu bilmək çox vacibdir, çünki körpə bütün digər körpələr kimi davranırkən onun bir problemi olduğunu düşünmək mövcud vəziyyəti pisləşdirməklə yanaşı, onsuz da yorğun olan valideynlərin stresini və qayğısını artırar.

Körpəsində davamlı bir yuxu problemi olduğunu düşünən valideynin ona qarşı qəzəb, özünə qarşı isə inamsızlıq hiss etməsi ehtimalı da yüksəkdir.

Problem hesab etdiyimiz şeylərin çoxunu həm də mədəni gözləntilərimiz müəyyənləşdirir. Öz hərtərəfli araşdırmasında Mindell aşkar edib ki, valideynlərin problemlərə münasibəti ölkədən ölkəyə çox fərqlidir. Məsəllən, Vyetnamda onların yalnız 10,1, Çində isə 75,9 faizi problem olduğunu düşünür.

Ball deyir ki, "Körpələrdə yuxu probleminin olması fikri patolojidir və valideynlərin öz uşaqlarında problem axtarmasına gətirib çıxarır. Mənə görə, bu, son dərəcə böyük problemdir, çünki körpələr sadəcə körpə kimi davrandıqları halda, siz valideynləri vadar edirsiz ki, onlarda bir problem olduğunu düşünsünlər".

Mifin mənbəyi
Beləliklə, bir çox valideyn körpə yuxusu mövzusunu idefiksə çevirsə də, bununla bağlı yanlış qənaətlərin həddindən artıq çox olduğu görünür. Bəs bu necə mümkün olub?

Körpə yuxusunu necə şərh etməmiz əsasən elmə yox, mədəni dəyərlərə, fərziyyələrə və ideologiyalara əsaslanır.

Birlikdə və etibarlı yuxu ("əmizdirirək yatmaq") ideyasını təbliğ edən antropoloq McKenna deyir ki, yüzillər boyu körpələr ailələriylə birlikdə yatıblar və bu, təkcə yayğın yox, həm də vacib olub.

Elektrik və ya digər isitmə vasitəsi olmadan (ya da boş bir otaqda) körpələrin analarının yanında yatmaları həm daha rahat olub, həm də əmizdirməyi asanlaşdırıb. Bir çox xalqların mədəniyyətində bu, qalıcı ənənəy çevrilib.

Antropoloqlar Jennifer G. Rosier və Tracy Cassels qeyd edilər ki, "19-cu əsrdən əvvəl körpə yuxusu, adətən, valideynləri narahat etmirdi, o dövrün uşağa qulluq qaydalarında bu barədə heç bir qeyd yoxdur. Körpə oyananda onun yanında ya hələ yuxuya getməmiş, ya da yatmış olsa belə, tez reaksiya verə bilən bir ailə üzvü olub. Həmçinin belə bir anlayış da olub ki, körpələrin (və böyüklərin) yatması və ya oyanması onlar buna ehtiyac duyduqları vaxtlarda baş verir".

Sənaye inqilabının dəyişdirdiyi yuxu anlayışı
1800-cü illərdə snaye inqilabı baş verdi, orta təbəqəyə aid insanların sayı artdı, insanların müstəqilliyi haqda fikirlərdə dəyişikliklər oldu.

İş saatlarının artması fasiləsiz gecə yuxusuna diqqəti çoxaltdı. Urbanizasiya öz ailələrinin dəstəyindən uzaqda yaşayan valideynlərin sayını artırdı və yataq otağında birdən çox adamın yatmasının havanı "zəhərlədiyinə" inanan kişi həkimlər anaları və mamaçaları əvəz etməyə başladılar.

Yeni kitablar ciddi yuxu qrafiklərinə ehtiyac duyulduğunu vurğuladılar, körpələrin müstəqil və güclü ola bilmələri üçün onları tək yatırtmağı məsləhət gördülər.

Amma bu, heç də hər yerdə belə olmayıb.

"Yaponlar düşünürlər ki, gənc uşaqları belə müstəqilliyə sövq edən ABŞ mədəniyyəti olduqca qəddardır" - tədqiqatçılardan biri belə yazır.

Qvatemaladakı mayyaların qadınları isə bu qayda haqqında məlumatı "şok olaraq və təəssüflə" qarşıladılar.

Yuxu təlimçiliyi industriyasını tənzimləmək olmur
Bu gün bir çox valideyn informasiyanı körpə yuxusu haqda kitablardan və ya yuxu təlimçilərindən alır. Ancaq yazılanların çoxu sübutlara əsaslanmır, yuxu təlimçiliyi industriyasını tənzimləməksə qeyri-mümkündür. Axı, istənilən adam özünü yuxu mütəxəssisi adlandıra bilər.

Halbuki hətta səhiyyə işçiləri də çox vaxt körpə yuxusuyla bağlı məlumata və ya təlimçilik təcrübəsinə malik olmurlar.

Bir araşdırma zamanı məlum olub ki, ABŞ-da 126 tibb məktəbinin tələbələrinə körpə yuxusu haqqında cəmi 27 dəqiqə məlumat verilib.

Kanadada tibb işçiləri arasında keçirilən sorğuda tibb fakültəsində təhsil alanların yalnız 1 faizinin uşaq yuxusuyla bağlı təlimatlandırıldığı üzə çıxıb.

Avstraliyada isə 263 səhiyyə işçisi bu haqda sualların yarısından azına düzgün cavab verib. Hələ bunlar yuxu təliminə digərlərindən daha çox önəm verən ölkələrdir.

Nəticə: Körpə yuxusuyla bağlı ən böyük və ən zərərli yanlış təsəvvür əslində çox sadədir. Bu, körpələri yatırtmağın yalnız bir düzgün üsulu olması fikridir.

"Fərqli ailələrin fərqli ehtiyacları və fərqli seçimləri var, hər biri körpə yuxusuna fərqli şəkildə yanaşır" - Gregory belə deyir və əlavə edir ki:

"Verilən qərarlarda təhlükəsizlik faktoru öndə olduğu müddətcə bu fərqlilik problem yaratmaz. Körpələrə qulluq edənlər SIDS-in qarşısını almağa kömək edəcək üsullardan xəbərdar olmalıdırlar".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.