Sülh müqaviləsinin imzalanması niyə gecikir? - Səbəblər, əngəl olan amillər

18-04-2022, 12:43           
Sülh müqaviləsinin imzalanması niyə gecikir? - Səbəblər, əngəl olan amillər
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün danışıqlar davam edir. Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təklif etdiyi 5 şərti qəbul edir.
Bəs sülhə əngəl olan amillər nədir? Sülh müqaviləsi nə vaxt imzalana bilər?
Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Cavid Osmanov açıqlama verib.
Deputat bu istiqamətdə Brüssel görüşünün əhəmiyyətinə diqqət çəkib:

“Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra səslənən bəyənatlardan görünən odur ki, Azərbaycan döyüş meydanındakı tarixi qələbəsini diplomatik meydanda da uğurla davam etdirir. Artıq Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul edib və bu istiqamətdə iş görülür. Brüssel görüşünün nəticəsi olaraq qeyd olundu ki, artıq xarici işlər nazirlərinə təlimatlar verilir. Bu günlərdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan telefon danışığı bunun bariz nümunəsidir ki, xüsusi işçi qrupunun yaradılması və sərhədlərin delimitasiyasına başlanılsın”.
Millət vəkili sülh müqaviləsinin bağlanması üçün vacib olan amilləri sadalayıb:
“Əlbəttə ki, sülh müqaviləsinin imzalanması üçün xüsusi bir sənədin hazırlanması lazımdır. Lakin təkcə sənədlə iş bitmir. Eyni zamanda sərhədlər müəyyənləşməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı, diplomatik əlaqələr qurulmalı, kommunikasiya və nəqliyyat xətləri açılmalı, qarşılıqlı humanitar etimad həyata keçirilməli və xüsusi sülh müqaviləsi sənədinin hazırlanması ilə bağlı müəyyən işlər aparılmalıdır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini Ermənistanla tərəfdaş ölkələr də dəstəkləyir:
“Ermənistan hakimiyyəti sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın təklif etdiyi 5 şərti qəbul edir. Bu günlərdə Ermənistan baş naziri açıq şəkildə Ermənistan parlamentində qeyd etdi ki, artıq bütün dünya reallığı qəbul edir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini Ermənistanala tərəfdaş ölkələr də dəstəkləyirlər”.
C.Osmanov sülhə mane olan səbəbləri də diqqətə çatdırıb:
“Ermənistanın özündə revanşist qüvvələr var, onlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əleyhinədirlər. Onlar keçmiş xunta rejiminin rəhbərləri Serj Sarkisyan və Robert Koçaryandır. Birinci Qarabağ müharibəsində onların əli Azərbaycan xalqının qanına bulaşıb. Müəyyən qüvvələr var ki, onlar erməni lobbisinin təsiri altına düşərək Azərbaycanla sülh müqaviləsi imzalanmasının əleyhinə çıxırlar. Əslində, sülh müqaviləsinin imzalanması bölgədə sülhün, əminamanlığın uzunmüddətli təmin olunması ilə yanaşı, bu gün Ermənistanın acınacaqlı durumdan çıxmasına da böyük töhfə verə bilər. Əlbəttə, burada sülh müqaviləsinə mane olan tərəfin özü uduzacaq. Azərbaycan dünyanın ən hörmətlə yanaşılan, ən nüfuzlu ölkələrindən birinə çevrilib. Düşünürəm ki, bu sahədə də Azərbaycan öz hədəfinə çatacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.