Çörək azı 30-35 faiz bahalaşa bilər: - Ekspert xəbərdarlıq etdi

18-04-2022, 19:52           
Çörək azı 30-35 faiz bahalaşa bilər: -
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 dollar dəyərində 182 864,17 ton buğda idxal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb. Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13%-nə bərabər olub. Qeyd edək ki, son günlər dünyada ərzaq buğdası ilə bağlı problemlər daha da genişlənməkdədir.

Belə ki, əsas buğda istehsalçılarından olan Rusiya mart ayında Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrə taxıl idxalına məhdudiyyət tətbiq edərək bu ay buğda ixracı üçün rüsumları artırıb. Aprelin 20-dən aprelin 26-dək Rusiyadan buğdanın ixracı üçün rüsum bir həftə əvvəlki 101,4 dollar yerinə 1 ton üçün 110,7 dollara qədər artacaq.
Bununla yanaşı? Qazaxıstan hakimiyyəti buğda və unun ixracı üçün kvota tətbiq edir. Sənəd dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, sərəncam qüvvəyə mindikdən sonra 2022-ci il iyunun 15-dək buğda və unun ixracı ciddi şəkildə təsdiq edilmiş kvotalar çərçivəsində həyata keçiriləcək: buğda və maya üçün 1 milyon ton, buğda və ya buğda-çovdar unu üçün 300 min ton. İxrac üçün bəyan edilmiş həcmin 10%-ni müəyyən olunmuş qiymətə satmış iddiaçılara buğda ixracı kvotası paylanmasına icazə verilir.

Xatırladaq ki, Azərbaycan da Qazaxıstandan böyük həcmdə buğda alır.

Bu gün ərzaq buğdası bazarında mövcud bahalaşma və kvotanın tətbiqi Azərbaycan üçün hansı problemlər yarada bilər? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, Azərbaycanın ərzaq buğdası ilə bağlı asılılıq səviyyəsini nəzərə alsaq, ötən il xaricdən 1 milyon 141 ton buğda idxal edilib:

“Bu da Azərbaycanın 75 faiz əmtəəlik buğdaya olan tələbatına uyğun gəlir. Yəni biz özümüzü yalnız 25 faiz əmtəəlik buğda ilə təmin edə bilirik. Ona görə də ərzaq buğdasının dünyada qiymətinin artması və müəyyən logistik çətinliklərin olması kifayət qədər ciddi problemdir. Mən düşünürəm ki, Azərbaycanda yaxın gələcəkdə unun və çörəyin qiymətində növbəti artım dalğası olacaq, bu qaçılmazdır. Dünyada qiymətin artmasını və Azərbaycanın ödədiyi vəsaitin də artdığını nəzərə alaraq un məhsullarında qiymətin artması gözləniləndir. Əsas məsələ Rusiya və Qazaxıstanın yerini dolduracaq ölkələrin tapılmasıdır. Hindistanla da danışıqlar gedir və həmin ölkədən buğdanın idxalı arta bilər. Nəticədə isə bu? Rusiya və Qazaxıstandan azalan buğda ixracatını kompensasiya edə bilər. Danışıqlar yekunlaşmaq üzrədir və yəqin ki, bununla bağlı yaxın gələcəkdə rəsmi açıqlama olacaq”.

Qazaxıstanla bağlı yaranmış vəziyyətə gəldikdə isə ekspert deyir ki, bu ölkə rəsmi kvota tətbiq edib:

“Ancaq Azərbaycanla da ümumi bir anlaşma var. Yəni kvota çərçivəsində Azərbaycana buğda ixracı nəzərdə tutulub. Qıtlıq olacağını düşünmürəm, bu olmayacaq. Azərbaycanın özünün ehtiyatları da var. Ancaq qiymət artımının sürətlənməsini izləyə bilərik. Azərbaycanın valyuta ilə bağlı problemi yoxdur. Sadəcə qiymət artacaq. Ya hökumət yenidən böyük dotasya siyasəti yürütməlidir. Yəni un, çörək istehsalçılarına əlavə dotasiya verməlidir. Ya da yaxın günlərdə qiymətin ən az 30-35 faiz artmasının şahidi ola bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.