Ankara hərəkətə keçdi... BAKI BƏS NECƏ? - Gözlənti

19-04-2022, 10:08           
Ankara hərəkətə keçdi... BAKI BƏS NECƏ? - Gözlənti
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdən sonra sülh danışıqlarının həlli istiqamətində işlərin sürətlə getdiyi göz önündədir. Xüsusilə erməni baş nazirin son günlərdə verdiyi bir neçə açıqlama sülhün əldə ediləcəyinə olan ümidləri artırıb. Amma qarşıdakının erməni olduğunu gördükdə hər an nələrinsə dəyişə biləcəyini də istisna etmək olmaz...

Ermənistanla sülh danışıqları pozulsa, Paşinyan Brüssel görüşündə əldə edilən ilkin razılaşmaları sabotaj etsə, paraleldə Qarabağda atəşkəs pozulsa, Azərbaycan hərbi gücə əl ata bilərmi?

Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlamağa tam haqqı çatır. Çünki o yerlərdə hələ də qanunsuz erməni silahlı birləşmələri qalır. Təkcə bu fakta görə Azərbaycan bölgədə antiterror əməliyyatı keçirə bilərmi? Bu haqdan istifadə etsək, beynəlxalq birliyin müqaviməti ilə üzləşmərik?

Onu da qeyd edək ki, Türkiyə İraqın şimalında terrorçulara qarşı “Pençe Kilit” əməliyyatına başlayıb.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.

Nazir əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Əslində bu fakt Azərbaycana Qarabağdakı terrorçulara qarşı əməliyyatlara başlamaq üçün imkan yaradıb. Çünki İraqın şimalındakı terrorçularla Qarabağdakı qanunsuz silahlı qruplaşmalar arasında heç bir fərq yoxdur...

YAP-çı deputat Hikmət Babaoğlu Azərbaycan tərəfin sülh təklifinin masa üzərində daim qalmayacağına işarə etdi: “Ermənistanda bir qrup radikal və revanşist sülh danışıqlarını pozmağa çalışır. Elə İrəvanda aprelin 17-dən başlayaraq fasiləsiz mitinqlərin keçiriləcəyini bildirənlər də faktiki olaraq həmin radikallardır. Rəsmi Bakı Ermənistanda nəyin, nə üçün baş verdiyini yaxşı bilir, ardıcıl olaraq prosesləri izləyir və zərurət yarananda önləyici tədbirlər görür. Ona görə də Prezident İlham Əliyev əvvəlcədən bildirib ki, bizim sülh təklifimiz daimi olaraq masanın üzərində qalmayacaq. Bu o deməkdir ki, Ermənistan qısa müddətdə sülhə razı olmasa, rəsmi Bakı sülhəməcburetmənin ən müxtəlif formalarını yenidən gündəmə gətirə bilər ki, bu kontekstdə ən təsirli forma isə əlbəttə güc tətbiqetmədir. Yəni Azərbaycan hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. Ancaq Ermənistanda hər kəs əmindir ki, onlar müharibəyə hazır deyillər. Bunu radikal və revanşistlər də dəqiq bilirlər. Hadisələrin güc müstəvisində inkişaf edəcəyi təqdirdə beynəlxalq birliyin mümkün münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan özünün bütün ərazisində suveren hüquqlarını bərpa etməklə, regionda qalıcı sülh istəməklə elə beynəlxalq birliyin qəbul etdiyi beynəlxalq hüququn tələblərini həyata keçirir. Yəni biz 44 günlük müharibədə və ondan ötən müddət ərzində beynəlxalq birliyin də haqlı mövqeyimizi qəbul etməsinə nail olmuşuq, bu bəzən onların ürəyincə olmasa belə. Ona görə də ermənilər də, beynəlxalq birlik də bilir ki, Azərbaycan erməni icmasının yaşadığı ərazidə mütləq Azərbaycan qanunlarını tətbiq edəcək. Artıq Brüssel görüşündən sonra aydındır ki, rəsmi İrəvan da bunu yəqin edib və qəbul edir. Erməni terrorçuları və bölücülərini daha da radikallaşmağa sövq edən elə budur . Azərbaycanın Qarabağda antiterror tədbirləri görməsi məsələsinə gəldikdə isə bu tamamilə mümkündür. Hətta Fərrux və Pirlər kəndi hadisəsi qismində artıq belə bir nümunənin yarandığını da görürük”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azərbaycanın güc tətbiqindən istifadəsini tamamilə mümkün sayır: “İndi danışıqlarda həm Avropa İttifaqı, həm də Rusiya təşəbbüslərlə çıxış edir. Azərbaycan hər iki tərəflə əməkdaşlıq edir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Yəni rəsmi Bakı özünü tam şəkildə etibarlı, imzasına hörmət edən tərəf kimi təqdim edib. Onların Azərbaycana heç bir iradı yoxdur. Ona görə də Ermənistan əldə olunmuş razılaşmalardan, o cümlədən Brüssel razılaşmalarından kənara çıxarsa, imtina edərsə, Azərbaycan dərhal digər vasitələrdən, həmçinin müxtəlif səviyyəli güc tətbiqindən istifadə edə bilər. Bunun üçün Azərbaycan əlverişli zəmin hazırlamış olacaq, ona görə də beynəlxalq qınağa və ya təzyiqə məruz qalmayacaqdır. Hələlik Ermənistanın hansısa razılaşmalardan imtina edəcəyinin əlamətləri görünmür. İmtina edəcəyi halda bir perspektivi də yoxdur. Hər hansı xarici qüvvə də onu bu yola şirnikləndirmək fikrində deyil. Sadəcə, Ermənistanın daxilində müəyyən gərginlik hiss olunur, Vanetsyanın qrupu vəziyyəti gərginləşdirməyə çalışır. Bunun onların öz təşəbbüsü olduğu və ya xarici amillərlə bağlı olduğu hələlik məlum deyil. Paşinyan bu gərginlik fonunda müəyyən öhdəliklərindən imtina edə və ya ertələyə bilər. Azərbaycan istənilən situasiyaya hazır olmalı, güc variantıni daim nəzərdə saxlamalıdır”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.