Çörək bahalaşarsa: Hökumət kimə güzəşt edəcək? - AKTUAL

19-04-2022, 20:30           
Çörək bahalaşarsa: Hökumət kimə güzəşt edəcək? - AKTUAL
Azərbaycanda çörəyin qiymətinin yenidən arta biləcəyinə dair iddialar səsləndirilir.

Hazırda dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur. Bunu isə qlobal qıtlıq təhlükəsi ilə əlaqələndirirlər. Hətta BMT dünyada 1,7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib.

Baş verən proseslər fonunda ölkəmizdə də çörəyin qiymətinin bahalaşacağı ehtimalları artmaqdadır. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.

Qeyd edək ki, iqtisadçı-ekspert Natiq Cəfərli və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da çörəyin bahaşa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Azərbaycan hökuməti çörəyin qiymət artımının qarşısını almaq üçün hansı addımları atacaq? Dia.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, çörəyin qiymətinin artması gözləniləndir:

“Əslində qiymət artımı sadəcə bizdən asılı olan məsələ deyil. Lakin bahalaşmanın qarşısının alınması üçün də qabaqlayıcı tədbirlər görülüb. Azərbaycan özünün ərzaqlıq buğda tələbatının sadəcə 25 faizini təmin edə bilir. Ona görə də idxal etdiyimiz taxılın qiyməti dünya bazarında artırsa, bizdə də unun qiyməti müəyyən qədər artmalıdır. Cənab Prezident ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə də bu məsələyə toxundu”.

Deputat bildirdi ki, mütləq bununla bağlı qabaqlayıcı tədbir görməlidir:

“Hazırda biz taxılı daha çox Rusiya və Ukraynadan alırdıq. Məhz ölkə başçısı müşavirədə onu da qeyd etdi ki, müharibə getdiyi üçün həmin ölkələrdən istənilən qədər taxıl idxal edə bilməyəcəyik”.

Tahir Rzayev qeyd edib ki, hazırda başqa dövlətlərdən taxıl alınması barədə fikir mübadiləsi aparılır:

“Dövlətin büdcəsində kifayət qədər vəsait var və qabaqlayıcı tədbirlər görülüb. Artıq bir çox ərzaq məhsullarının Azərbaycandan kənara çıxmaması üçün Nazirlər Kabineti tərəfindən bir neçə dəfə müşavirə keçirilib. Əsaslı qərarlar qəbul olunub ki, həmin məhsullar öz vətəndaşlarımız üçün sərf olunsun. Cənab Prezident İlham Əliyev və Baş nazir Əli Əsədov dedi ki, bizim kifayət qədər taxıl ehtiyatımız var və heç bir təşvişə düşməyə ehtiyac yoxdur”.

Millət vəkili vurğulayıb ki, bahalaşmanın hansı miqdarda olacağı da maraqlıdır:

“Çünki az miqdarda qiymət artımının olması əhalinin büdcəsinə bir o qədər də təsir etməyəcək. Əgər artım yüksək olarsa, dövlət bu barədə qabaqlayıcı tədbirlər görməli və müəyyən kompensasiyalar ödəməlidir. Ümumiyyətlə, Azərbaycan dövləti vətəndaşını ərzaqla təmin etməyə qadirdir. Düşünürəm ki, görülmüş tədbirlər nəticəsində ciddi bir problem yaranmayacaq və hazırlanan tədbirlər planı əsasında müəyyən nəticələr əldə olunacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.