Ramiz Mehdiyevin “tilsimlədiyi post” - AMEA prezidenti postuna seçkilər niyə ləngiyir?

20-04-2022, 09:45           
Ramiz Mehdiyevin “tilsimlədiyi post” - AMEA prezidenti postuna seçkilər niyə ləngiyir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postu akademik Ramiz Mehdiyevin istefasından sonra neçə aydır ki, boşdur. Fevralın 14-də AMEA Prezidenti Ramiz Mehdiyev istefasını elan edib və az sonra onun istefası qəbul olunub. AMEA prezidenti vəzifəsi müvəqqəti olaraq qurumun birinci vitse-prezidenti Arif Həşimova həvalə edilib. Bu qərar AMEA-ın ali idarəetmə orqanı olan ümumi yığıncaqda-Rəyasət Heyətində qəbul olunub. Artıq iki aydır Arif Həşimov AMEA prezidenti vəzifəsini müvəqqəti icra edir. Lakin AMEA prezidenti vəzifəsinə seçkilərin nə zaman keçiriləcəyi məlum deyil.

Ötən müddətdə qurumdan bildirilmişdi ki, seçki aprelin sonunda keçirilə bilər. Bir neçə gün əvvəl isə AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən bildirilib ki, aprel ayının 27-də keçiriləcək ümumi yığıncaqda quruma prezidentlik məsələsi müzakirə olunmayacaq: “Akademiyaya prezident seçilməsi məsələsinin hansı tarixdə müzakirəyə çıxarılacağı məlum deyil. Ümumi yığıncaqda Milli Elmlər Akademiyasının elmi bölmələrinin hesabatları dinləniləcək. Hələlik prezidentin vəzifələrini Arif Həşimov icra edir”.

Bəs AMEA prezidenti postuna seçkilər niyə keçirilmir? Bəziləri iddia edir ki, bu, yeni prezidentlə bağlı iqtidarın son qərarının yubanması ilə əlaqəli ola bilər. Daha bir versiyaya görə isə AMEA bütövlükdə ləğv oluna və ya başqa formatda struktura çevrilə də bilər. Seçkilərin keçirilməməsi bunlardan hansı ilə bağlı ola bilər? Dia.az-ın məlumatına görə, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, hazırda elm cameəsini AMEA prezidenti vəzifəsinə seçkilərdən daha çox, bu təsisatın tarixin arxivinə gömülmüş SSRİ-nin ideoloji və struktur çərçivəsindən çıxarılaraq, müasir çağırışlara cavab verə biləcək təsisata çevrilməsi daha çox düşündürməlidir: “Elm özünü təcrübədə büruzə verməli, dördüncü sənaye inqilabının çağırışlarına nəinki cavab verməli, bu çağırışları önləməyi və yenilərini yaratmağı bacarmalıdır. Bunun üçün isə elmlə sənaye, istehsalat iç-içə olmalı, bir-birinin fəaliyyətini stimullaşdırmalı, qarşılıqlı şəkildə bir-birinin inkişafına töhfə verməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının mövcud strukturları və fəaliyyət mexanizmləri buna nə dərəcədə uyğun gəlir? AMEA uzun illər antidinamizmi, ətaləti, ilkin neokonservatizmi simvolizə edib, ölkədə və dünyada baş verən proseslərdən mümkün qədər uzaqda dayanmağa çalışıb. Elm ayrıca bir struktur və çərçivə daxilində deyil, inkişafa töhfə verə biləcək yerdə olmalıdır. Məhz bu baxımdan, düşünürəm ki, alimlərimizi AMEA-da daha çox elmin gələcəyi düşündürməlidir. AMEA, sadəcə, müxtəlif institutları bir yerə cəmləşdirən hüquqi subyektin adıdır. Bu ad da, hüquqi subyektin statusu da dəyişə bilər. Məzmun, mahiyyət dəyişməlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.