Ermənistanın Azərbaycana qarşı axırıncı “silahı” - revanşistlər hərəkətə keçdi

20-04-2022, 09:15           
Ermənistanın Azərbaycana qarşı axırıncı “silahı” - revanşistlər hərəkətə keçdi
Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi zamanın diktəsinə çevrilməkdədir. Tərəflərin belə bir sənədi imzalaması əlbəttə ki, İrəvana hələ də ciddi təzyiq rıçaqlarını saxlayan Rusiyadan çox asılıdır. Bu xüsusda baş nazir Nikol Paşinyanın dünənki Moskva səfəri az önəm kəsb eləmirdi və bır sıra qeyri-müəyyənliklərə aydınlıq gətirməli idi.

Kapitulyant ölkədə isə radikal-revanşist qüvvələrin sülh anlaşması əleyhinə ayaqlanması davam edir. “Müharibə partiyası” Azərbaycanla Ermənistan arasında başlamış kövrək barışıq prosesini hər vəchlə əngəlləməyə, erməni xalqını yeni faciələrə sürükləməyə çalışır. Bu yolda bütün mümkün və qeyri-mümkün vasitələr işə salınmaqdadır.

Son günlər həm də belə bir tezis ortaya atılır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa əsaslanan sülh müqaviləsi imzalasa belə, bu, qeyri-legitim sayılacaq, ona görə ki, həmin sənəd Ermənistan konstitusiyasına zidd olacaq. Məsələn, konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyan hesab edir ki, hakimiyyətin “artsax”ın öz müqəddəratını təyin etməsi faktını inkar etməyə yönəlik hansısa addım atmaq hüququ yoxdur, çünki ölkə konstitusiyasının preambula hissəsi buna izn vermir.

“Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə o, öz məqaləsində yazıb.

“Konstitusiyanın preambula hissəsi qəbul edildiyi gündən indiyədək heç bir dəyişikliyə məruz qalmayan və siyasi qüvvələr arasında geniş konsensusa malik hissədir. Orada göstərilir ki, erməni xalqı öz dövlətçiliyinin fundamental prinsiplərinə, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir. Ermənistanın Müstəqillik Bəyannaməsində isə ”Ermənistan SSR və Dağlıq Qarabağın Ali sovetlərinin 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarı yer alır", - deyə o xatırladıb.

Bundan əlavə, 1992-ci il iyulun 8-də Ermənistan Ali Soveti bu gün də qüvvədə olan bir qərar qəbul edib: “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməz sayılacaq”.

Gözlənildiyi kimi, radikal-revanşistlər də bu yuridik maneədən bərk yapışıb. Hərçənd müxalifət yaxşı anlayır ki, hakimiyyəti ələ keçirsə belə, indiki iqtidardan fərqli kurs apara bilməyəcək. Nədən ki, kapitulyant ölkənin Azərbaycana qarşı revanş üçün ciddi resursları, ələlxüsus ordusu yoxdur, yaxın və orta perspektivdə gözlənilmir də. O səbəbə, radikal müxalifət daxili və xarici təbliğatda hiyləgər bir taktikaya üstünlük verir ki, “biz də sülhün əleyhinə deyilik, ancaq rüsvayçı yox, ədalətli sülh sazişi istəyirik”.

Bəs görəsən, hansı “ədalətli sülh sazişi”ndən söhbət gedir, Azərbaycana qarşı əbədiyyən ərazi iddiasının yer alacağı sazişdən? Şübhəsiz. Təbii ki, Bakı buna heç vaxt yol verməyəcək. Öz ərazisində, öz əli ilə (!) təzədən “gec partlayan mina” basdırmayacaq! Demək, qalır yenə müharibə variantı. Erməni xalqı bunumu arzulayır?..

Sabiq xarici işlər naziri Vardan Oskanyan da yazdığı məqalədə adaşı Poqosyan kimi oxşar tezisə əl atıb.

Sitat: “Paşinyan istəsə, bu sənədə (Bakı ilə sülh müqaviləsinə - red.) imza atmaması üçün əlində tutarlı arqumentlər var. Çünki hüquqi baxımdan sülh sənədi Ermənistanın Konstitusiyasına və müstəqil Ermənistanın Ali Sovetinin 1992-ci il tarixli qərarına zidd olacaq. Belə bir sənədi imzalamaq və ratifikasiya etməkdən ötrü Ermənistan Konstitusiyasını dəyişdirmək və Ali Sovetin qərarını ləğv etmək lazımdır”.

Oskanyan ardınca başqa bir hüquqi əngələ toxunur: “Nikol Paşinyan hökumətinin parlament tərəfindən təsdiqlənmiş proqramının Qarabağa aid bölümündə belə bir müddəa var: orada ”qurtuluş naminə tanınma" prinsipi əsasında “artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsində ardıcıl olmağın zəruriliyi vurğulanır".

Demək, məntiqlə Paşinyan gerçəkdən, Azərbaycanla sülhə can atırsa, ən əvvəl ölkə konstitusiyasını dəyişməli, həmçinin özünün qəbul elədiyi proqrama müvafiq düzəliş eləməlidir. Beləcə, Ermənistan tərəfdən sülhə qarşı olan ilkin yuridik əngəl aradan qalxa bilər. Hərçənd Ermənistanın hazırkı konstitusiyası da, Paşinyanın proqramındakı “Qarabağ hissəsi” də beynəlxalq hüquqa ziddi olduğu üçün legitim sayıla bilməz. Çünki özündə əsassız ərazi iddiaları tezisini əks etdirir.

Ermənistanın konstitusiyasında, hətta gerbində qardaş Türkiyəyə qarşı da ərazi iddiası yer alıb. Fikrimizcə, Azərbaycan və Türkiyə bu faktları əsas götürərək, Ermənistanı Beynəlxalq Məhkəməyə verə və onun konstitusiyanın qeyri-legitim kimi tanınmasına nail ola bilər. Yaxşı olar ki, rəsmi İrəvan bu səhvləri özü düzəltsin. Düzəldəcəkmi?

Yeri gəlmişkən, az öncə XİN başçısı Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin referenduma çıxarıla biləcəyini istisna eləməmişdi. Yəni həm vaxtı uzatmaq, həm də məsuliyyəti erməni toplumunun üzərinə atmaq məsələsi. Halbuki parlamentdə əzici üstünlükdə olan hakim fraksiya bunu 2/3 səslə həll edə bilər...

Göründüyü kimi, Ermənistandakı radikal müxalifətin Azərbaycanla “ədalətli sülh” haqda təsəvvürü hakim komandanınkından əslində ciddi fərqlənmir. Sadəcə, rəsmi İrəvan Azərbaycanın tərkibində “artxas” üçün nisbətən aşağı statusa ümid edir və tələbini də belə əsaslandırmağa çalışır ki, bu “ərazi iddiası deyil, təhlükəsizlik və haqlar” məsələsidir.

Belə siyasi hoqqalar isə keçməyəcək! Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, enində-sonunda Bakının 5 bəndlik təklifi əsasında böyük sülh sazişi imzalamalı olacaq. Əks halda, Ermənistanın öz varlığı bütün ciddiliyi ilə gündəmə gələcək. “Dəmir yumruğ”un növbəti və qat-qat ağır zərbəsini almaq qaçılmazlığı da öz yerində...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.