Kremlin xüsusi nümayəndəsinə etimad göstərmək olarmı? - AKTUAL

20-04-2022, 09:49           
Kremlin xüsusi nümayəndəsinə etimad göstərmək olarmı? - AKTUAL
Ötən həftədən etibarən Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiyanın xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirməyə başlayıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Xovayevin diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinin təyinatla bağlı mövqeyi isə təəccüblü olub. Belə ki, səfir telekanallardan birinə müsahibəsində bəyan edib ki, Rusiya heç vaxt ATƏT-in Minsk Qrupunda iştirakdan imtina etməyib:

“Həmişə bu formatda fəal işləyib, lakin bizim qərbli tərəfdaşlarımız öz ambisiyalarına və geosiyasi maraqlarına görə Rusiya ilə əməkdaşlıq etmək istəmirlər. Bunun nəticəsində region ölkələri, xüsusən də Ermənistan əziyyət çəkir. Xarici İşlər Nazirliyimizin rəhbərinin dediyi kimi, problem Rusiya ilə işləməkdən imtina edən Minsk Qrupundakı fransız və amerikalı tərəfdaşlarımızdadır. Burada sualı Rusiyaya ünvanlamaq olmaz. Mən deməzdim ki, Rusiya ATƏT-in Minsk Qrupunun fəaliyyətini şübhə altına alır. Biz həmişə bu formatı dəstəkləmişik, onun üzərində fəal işləmişik, heç vaxt deməmişik ki, ondan imtina edirik. Ermənistanın maraqları ABŞ və Fransanın ambisiyalarına görə zərər görür. Onların ambisiyaları və geosiyasi maraqları ucbatından təhlükəsizliyin gücləndirilməsinə xidmət edən mexanizmlər və beynəlxalq formatlar məhv edilir. Sülh və təhlükəsizliyin, region ölkələrinin, xüsusən də Ermənistanın maraqlarının geosiyasi və digər maraqlara qurban verilməsi təəssüf doğurur”.

Bu açıqlamadan belə anlaşılır ki, Minsk Qrupu məhz Ermənistanın maraqlarını prioritet götürüb və bu formatın dayandırılması da məhz Ermənistana ziyan vurub. Bu bəyanatdan həm də o nəticə çıxır ki, Rusiyanın Qarabağ mövzusunda xüsusi nümayəndə təyinatı Qərbin Ermənistana ziyan vuran addımına cavabdır. Deməli, Rusiyanın xüsusi nümayəndəsinin normallaşma prosesində Ermənistanın maraqlarının müdafiəsinə üstünlük verəcəyi bu başdan anons edilir.

Səfirin Minsk Qrupunun fəaliyyətini dayandırmasının məhz Ermənistanın maraqlarına ziyan vurması bəyanatının mənası nədir? Bu açıqlamadan sonra Azərbaycanın Ermənistanla normallaşma prosesində Rusiyanın xüsusi nümayəndəsinə tam etimad göstərməsi ciddi problemə çevrilə bilər. O halda xüsusi nümayəndə təyinatından belə qənaətə gəlmək olar ki, bundan sonrakı normallaşma prosesində Rusiya tək iştirak edəcək. Belə məqamda fransız və amerikalı həmsədrlərin yalnız İrəvana gəlməsinin, müəmmalı müzakirələr aparmasının arxasında hansı niyyətlər durur? Onlar da xüsusi nümayəndə təyin edə bilərlərmi? Bu təyinatlar Bakı ilə razılaşdırılmalıdırmı? Dia.az-ın məlumatına görə, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna hadisələrinə görə həmsədr ölkələr arasında ciddi qarşıdurma yaranıb deyə Minsk Qrupu artıq tarixin arxivinə yollanıb: “Bu institutun yoxluğunda yaranmış boşluğu dünya da görməkdədir. Ona görə rusiyalı həmsədr indi xüsusi nümayəndə kimi sülh danışıqları proseslərində iştirak edəcək. Amma gəlin diqqətdən qaçırmayaq ki, paralel olaraq amerikalı həmsədr də İrəvana getdi, Paşinyanla görüşdü, Bakıya da səfəri nəzərdə tutulur. Yəni görünür ki, həmsədrlik tam iflas etməkdədir və xüsusi nümayəndəliklər yaranır, Qərb də bölgədəki hadisələrdə kifayət qədər aktiv olmağa çalışır. Ümumiyyətlə, 44 günlük müharibəsonrası imzalanan 10 noyabr bəyannaməsi ilə faktiki olaraq ATƏT-in Minsk Qrupunun ”fəaliyyəti" də bitmiş oldu. Hazırda qurum mandatsızdır. Bununla belə, ATƏT-in Minsk Qrupu büsbütün ləğv edilməyib. Həmsədrlərdən biri olan Rusiyanın formatdan çıxması hələ formatın ləğv edilməsi mənasına gəlmir. Digər həmsədrlərin də rəsmi Moskva kimi formatdan çıxdığını elan etməsinin ardınca ATƏT-in Minsk Qrupunun ləğvindən danışmaq olar".

Siyasi ekspertin fikrincə, ən qatı ermənipərəst siyasət yürüdən Fransadan hələ ki səs çıxmır: “Brüssel görüşündə də Minsk Qrupu və ”status" müzakirələri olmadı. Çünki “divin canı”, yəni “status” mövzusu Minsk Qrupunda idi. İndi bu format sıradan çıxıb, burada Rusiyanın Qərbi günahlandırmaq istəməsi də normaldır. Çünki münasibətlərdə ciddi problem var". X.Bəşirovun sözlərinə görə, real addımlar atmasa da, Birləşmiş Ştatların önə çıxması diqqət çəkir: “Çünki Cənubi Qafqazın əhəmiyyəti artır və Rusiyadan geri qalmamaq istəyirlər. Bu səbəbdən Fransa və ABŞ-dan analoji qərarları verilməsi, xüsusi nümayəndələrin təyin olunması mümkündür. Ümumiyyətlə, sülh istiqamətində proseslər sürətlənəcək. Bu, Rusiya üçün böyük əhəmiyyət kəsb etmir, amma Amerika və Avropa üçün sülh sazişi önəmlidir”.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Minsk Qrupunun əvvəlcə Fransa, daha sonra isə ABŞ-dan olan həmsədrinin İrəvana getməsi saman çöpündən yapışmağa bənzəyir: “Bitdi Minsk Qrupu! Biz də istəmirik, Ukraynadakı müharibəyə görə Rusiya ilə Qərb arasında kəskinləşən münasibətlər də buna imkan vermir. Yapışıblar ki, yox e ”biz də varıq". Nikol Paşinyan da bunun mənasız olduğunu anlayır, ona görə Vaşinqton və Parisə deyil, Moskvaya gedir. Brüssel Paşinyana öz sözünü deyib: “Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı ”status" tələbindən əl çək". Moskva da Paşinyana eynisini desə, məsələni bitmiş hesab etmək olar. Ancaq Kremlin gərgin münasibətlərdə olduğu Brüsselə eynisini deyəcəyi ehtimalı azdır".

Siyasi şərhçi Asif Nərimanlı ABŞ-ın da Minsk Qrupunun de-fakto “dəfn olunduğunu” qəbul etdiyini düşünür: “Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilir ki, dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib. Endryu Şofer Minsk Qrupunda amerikalı həmsədr idi. Lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, artıq həmsədr yox, ”Qafqazda danışıqlar üzrə baş müşavir"dir.

Ermənistan tərəfinin Paşinyanla görüşdə Şoferi “Minsk Qrupunun amerikalı” həmsədri kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir. Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsini istəyir".

Təhlilçi Moskvanın xüsusi nümayəndə təyinatından isə iki nəticə çıxarır: “Minsk Qrupu de-fakto mövcud deyil. Rusiya digər həmsədr ölkələrin - ABŞ və Fransanın əməkdaşlığı dayandırdığını bildirsə də, xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özü çıxdı”.

Bu arada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel twitterdə yazıb ki, Brüsseldəki son müzakirələrimizi davam etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb. “Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün göstərilən bütün səylərə dəstəyimiz tamdır”, - siyasətçi bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.