Azərbaycanda qorxulu inflyasiya rəqəmi? - Ekspert danışır
21-04-2022, 11:50

Beynəlxalq Vallyuta Fondu (IMF) bu il Azərbaycanda illik inflyasiyanın 12,3 %-ə çatacağını proqnozlaşdırır.
Bu barədə IMF-nin “Müharibə qlobal bərpanı geri qaytarır" adlı hesabatınının aprel sayında bildirilib.
Proqnozlara əsasən, Azərbaycanda illik inflyasiya gələn il isə 8,7 % təşkil edəcək. Qeyd edək ki, IMF ötən il dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksinin bu il 3,2 % təşkil edəcəyini gözləyirdi.
Məlumata görə, son üç ayda inflyasiya 18 faiz təşkil edib. Bunun bir hissəsinin idxal edilmiş inflyasiya olduğu qeyd edilir. Bütövlükdə üç ay ərzində inflyasiyanın səviyyəsi 12,2 faiz olub.
İnflyasiyanın tərkibində idxal olunan ərzaq məhsullarının payı 60 faizdən artıqdır. Hazırda inflyasiya 12 faiz təşkil edirsə, BVF-nin proqnozunda göstərildiyi kimi illik inflyasiya 12 faiz qalmaqda davam edəcəkmi? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, hazırda BVF ümumi illik inflyasiyanın 12 faiz olmasını proqnozlaşdırır:
“Bu gün 3 aylıq göstəricilərdə 18 faizdirsə, növbəti aylarda hər hansı artım dinamikası olmasa, riyazi üsulla hesabladıqda ümum həcm aşağı enə bilər. Yəni orta olaraq 12 faiz və ya onun ətrafında hesablana bilər. Ölkə başçısının çıxışında birinci rübün göstəriciləri nəzərdə tutulur və ona görə belə bir fərq var. İllik göstəricilərdə isə azalma ehtimalı çoxdur”.
Ekspertin fikrincə, hazırkı bahalaşma fonunda sadəcə ili normal vəziyyətdə başa vursaq, 12 faiz proqnozlaşdırılıb:"2020-ci ildən pandemiya ilə aparılan mübarizənin nəticəsi olaraq, eyni zamanda ərzaq məhsullarının dinamik artımı nəticəsində biz belə göstəricilərlə rastlaşırıq. Burada digər fors-major halı var ki, kifayət qədər məhsul idxal etdiyimiz 2 ölkə- Rusiya və Ukrayna arasında olan münaqişə nəticəsində qiymət bahalaşması yalnız bizdə deyil. Bu, bütün dünyada da baş verə bilər. Nəzərə alsaq ki, taxıl ixracatçısı kimi bu ölkələr dünyada 1-ci və 5-ci yeri tutur. Bu, nəzərə alınsa, göstəricilər doğru çıxmaya da bilər. Çünki burada fosr-major halları daha çox gündəmə gəlmiş olur”.