Azərbaycanla Avropa Şurasının 9 milyon avroluq Fəaliyyət Planı: nədən ibarətdir, nələr gözlənilir?
22-04-2022, 08:20

Azərbaycanla Avropa Şurası (AŞ) arasında iki həftə əvvəl imzalanmış təxminən 9 milyon avroluq Fəaliyyət Planı ölkədə insan haqlarını, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyəti Avropa standartlarına uyğunlaşdırmağı hədəfləyib.
Fəaliyyət Planında nə var?
Avropa Şurasının Bakı nümayəndəliyindən BBC-yə bildirilib ki, üzv dövlətin özü tərəfindən dəstəklənməyən və maraqlarına xidmət etməyən heç bir şey sənədə daxil edilmir.
2022-2025-ci illləri əhatə edəcək fəaliyyət planı Azərbaycan hakimiyyəti ilə birgə hazırlanıb.
Avropa Şurasının Fəaliyyət Planında, əsasən ədliyyə-hüquq sistemi, media, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə sahəsində hakimiyyətlə birgə işlərdən bəhs edilir.
Planda nəzərdə tutulub ki, insan hüquqları sahəsində vəkillik institutu da gücləndirilsin, ədliyyə sahəsində islahatlar dəstəklənsin.
Avropa Şurası toplaşmaq azadlığı ilə bağlı müvafiq müddəaların təcrübədə həyata keçirilməsi üçün Azərbaycan hakimiyyət orqanlarına köməyini təklif edib.
Fəaliyət planında media və ifadə azadlığının inkişafı ilə bağlı tədbirlərə də yer ayrılıb.
Bundan başqa, ətraf mühit və iqlim dəyişikliyi, sosial hüquqlar, uşaq hüquqları sahələrinin inkişafı üçün əməkdaşlıq, seçki, vətəndaş cəmiyyəti qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub.
Bu, Avropa Şurası ilə Azərbaycan arasında razılaşdırılan ilk fəaliyyət planı deyil, bundan əvvəl də təxminən eyni sahələrdə əməkdaşlıq edilib.
Avropa Şurası Baş katibi Mariya Peyçinoviç Buriç Bakıda 2022-2025-ci illər fəaliyyət planının təqdimatı zamanı deyib ki, indiyə kimi icra olunan planlardan sonra Azərbaycanda müsbət dəyişikliklər var.
"1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi barədə konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib", - o deyib.
Azərbaycan qadınlara qarşı zorakılığa dair sənədi niyə imzalamır?
Vəkil İrada Cavadova icra olunan iki plandan sonra naliyyətlər barədə nikbin fikirlərə qatılmır, onun sözlərinə görə, 2014-cü ildən bəri müstəqil vətəndaş cəmiyyətinə başlanmış "hücumlar səngiməyib".
"Mən müstəqil qeyri hökümət təşkilatının nümayəndəsi kimi bu gün də ölkə xaricinə gedəndə və gələndə ciddi, bəzən xoş olmayan yoxlamalardan keçirəm. Başqa həmkarlarım, jurnalistlər də oxşar vəziyyətlə üzləşiblər. Hansı irəliləyişdən söhbət gedir?" - vəkil bildirib.
İradə Cavadova ədliyyə sistemində problemlərin hələ də qaldığını düşünür: "Yeni məhkəmə binalarının tikilməsi təqdir olunasıdır, elektron məhkəmə sistemi hazırlanıb, amma bu heç də ədalətli məhkəməni gətirməyib".
Onun sözlərinə görə, Azərbaycanda qanunda gender məsələləri və məişət zorakılığı ilə bağlı məsələlər nəzərə alınıb, amma təcrübədə fərqli tətbiq edilir.
"Məsələn, Azərbaycanda qadın olan polis rəisi yoxdur, yol polisində qadınlara rast gəlmirik, prokuror qadın görməmişik, qadın məhkəmə hakimlərimiz çox azdır. Məişət zorakılığı ilə çox ciddi problemlər var. Məişət zorakılığı ilə bağlı qurbanlar bir çox hallarda səhlənkar yanaşma ucbatından mühafizə orderi ala bilmirlər", - İradə Cavadova deyib.
Azərbaycan Daxili İşlər Nazirliyi bəyan edib ki, qadınlar nazirliyin əksər strukturlarında xidmət aparır, cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin qorunması kimi mühüm vəzifələri yerinə yetirirlər.
"Qadınların böyük bir qismi Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, mətbuat, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil sahələrində, "102" və "Təhlükəsiz Şəhər" qurumlarında, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərir", - DİN bəyan edib.
"Belə sənəd imitasiya xarakteri daşıyır"
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə görə, illərdir ortada belə Fəaliyyət Planları olsa da, vəziyyətin dəyişmədiyini müşahidə edirlər:
"Media, qanunun aliliyi, vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı neçə illərdir Azərbaycanda problemlər var. Bu problemlərlə bağlı o qədər proqramlar həyata keçirilib, amma inkişaf yoxdur".
Anar Məmmədli deyir, gərək Fəaliyyət Planı tərtib olunanda, Avropa Şurası Azərbaycan hakimiyyəti qarşısında şərt qoyaydı ki, maliyyə dəstəyini vətəndaş cəmiyyətinin maneəsiz maliyyələşməsinə imkan yaradıldığı təqdirdə verəcək.
Hüquq müdafiəçisinin fikrincə, bu halda hansısa nəticədən danışmaq olardı.
"Bir yandan Azərbaycan hakimiyyəti özü hansısa işi görmək üçün qrant alır, digər tərəfdən də hökumət imkan vermir ki, vətəndaş cəmiyyəti təşkilatları xaricdən maliyyələşsin. Avropa Şurası bu hərəkətə göz yumur, dolayısıyla bu addıma dəstək vermiş olur", - Anar Məmmədli BBC-yə deyib.
2014-cü ildə qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilik yenilənmiş və bununla QHT-lərin xarici donorlardan maliyyələşdirilməsi proseduru sərtləşdirilmişdi.
Həmin qanun xarici donor təşkilatların yerli QHT-lərə qrant ayırması üçün qeydiyyatdan keçmə məcburiyyətini nəzərdə tutur.
QHT-lər haqqında qanuna görə, yerli və xarici dövlətlərin qeyri-hökümət təşkilatının filial və nümayəndəlikləri, qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxs barədə məlumatları aidiyyatı üzrə icra hakimiyyəti orqanına təqdim etməlidir.
Həmin vaxt hakimiyyətə bağlılığı olmayan bir çox QHT aktiv fəaliyyətini dayandırmağa məcbur qalmışdı.
Hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi Aydın Mirzəzadə hesab edir ki, "ittiham etmək asandır".
O, vətəndaş cəmiyyətinin maliyyələşməsini tənzimləyən qanunu "yerində" sayır və onun fikrincə, bu qanun xaricdən Azərbaycanın milli maraqlarına zidd ola biləcək maliyyələşmənin qarşısını alıb.
Cənab Mirzəzadə bildirib ki, hökumət penitensiar sistemdə, məhkəmə sistemində "böyük işlər" görüb:
"Penitensiar sistemdə məhkumların hüquqlarının qorunması üçün yeni müəssisələr yaradılır, dekriminalizasiya barədə qərarlar qəbul edilir, cəzaların yüngülləşdirilməsi ilə bağll addımlar atılır.
Məgər bunlar irəliləyiş deyilmi? Qadın və uşaqlar üçün müasir cəzacəkmə müəsissəsi tikildi, bu, irəliləyiş deyilmi?"
Aydın Mirzəzadə deyib ki, Azərbaycanda məhkəmələrdə hakim korpusunun yenilənməsi bir göstəricidir.
"Hakimlər məhkəmələrə test üsulu ilə qəbul edilirlər, sonra şifahi söhbətdən keçirlər, bu, ikillik hazırlıq tələb edir.
Onların içərisində gənclər, qadınlar çoxdur, onların maaşları artırılıb, bu da onlara maddi cəhətdən müstəqil, sərbəst olmağa imkan verir".
Amma millət vəkili onu da deyib ki, Azərbaycan məhkəmələrində bəraət hökmlərinin az olması məsələsi onu da narahat edir: "Az-az rast gəlinir ki, kiməsə bəraət verilib. Ya bu hüquq mühafizə orqanlarının yaxşı işi ilə bağlıdır, ya da məhkəmələrin hələ bəraət hökmü vermək təcrübəsi Azərbaycanda geniş yayılmayıb. Bu statistikada biz heç də öndə deyilik".
Avropa Şurasının Bakı nümayəndəliyi BBC News Azərbaycancanın "AŞ-nın Azərbaycan hakimiyyətinin müstəqil QHT-ləri təcrid siyasətini dəstəkləməsi" ilə bağlı müstəqil hüquq müdafiəçilərinin səsləndirdiyi ittihamlar barədə suallarını cavablandırmayıb, amma bildirib ki, onlar Azərbaycan hökumətinin öz vətəndaş cəmiyyətləri ilə güclü və davamlı tərəfdaşlıq və əməkdaşlıq qurmasını görmək istəyirlər.
Qurum onu da əlavə edib ki, Fəaliyyət Planının hazırlanması üzv dövlətlə birgə həyata keçirilir.