Bakı daha bir məqsədinə çatdı: Çin Rusiyanı gözdən çıxardı: yerinə Azərbaycan...
22-04-2022, 11:08

"Bu, bizim çoxdankı arzumuz idi".
Bunu Milli.Az-a açıqlamasında siyasi-iqtisadi analitik Turab Rzayev Çindən Almaniyaya yeni marşrut xəttinin açılması ilə bağlı danışarkən deyib.
O bildirib ki, Azərbaycanın geoiqtisadi və geosiyasi əhəmiyyəti daha da artdı:
"Biz daim olaraq Şərq-Qərb marşrutu üzrə kommunikasiyaların, strateji dəhlizlərin yaradılmasına çalışmışıq və buna görə vaxtaşırı olaraq təzyiqlərə məruz qalmışıq. Belə ki, Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilərkən Rusiya tərəfindən çox böyük təzyiqlərə məruz qalırdıq. Eyni şəkildə isə Bakı-Tbilisi-Qars dəmiryolu xəttini çəkərkən yenə nəinki Rusiya, Qərb dövlətləri də eyni şəkildə Azərbaycanın bu layihəsinə qarşı idilər.

Onlar Azərbaycanı Ermənistandan kənarda qoyaraq birbaşa Türkiyə ilə özünə bağlaya bilən Şərq-Qərb arasında bir dəhliz yarartmağını istəmirdilər. Amma buna baxmayaraq Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gəldi və həm öz ərazisində həyata keçirdi, həm də Gürcüstan ərazisində bütün beynəlxalq kreditorlar sırf bu layihənin əksinə olan şəxslərin dəstəyinə görə kredit ayırmadılar və Azərbaycan ən son Gürcüstana özü ucuz faizlə kredit ayırmalı oldu ki, məhz Bakı-Tbilisi-Qars dəmiryolu xətti həyata keçirilsin.
İndi isə bildiyiniz kimi artıq Zəngəzur dəhlizi məsələsi də gündəmdədir. Zəngəzur dəhlizindən Avropa İttifaqının vasitəçiliyi ilə dəmiryolu xəttinin çəkilişinə də razılıq verilib. Sadəcə avtomobil ayağı qalıb ki, yaxın vaxtlarda o da həllini tapacaq. Azərbaycan artıq həm Ermənistanın şimalından, həm də Gürcüstanın üzərindən Şərq-Qərb dəhlizinin tam mərkəzində rol alacaq. Hazırda Rusiyada və Ukraynada olan qeyri-stabillik, müharibə artıq Çindən Rusiya üzərində Avropaya olan daimi marşrutu istifadəsiz hala gətirir. İranın da Qərblə münasibətlərini nəzərə alsaq, yeganə alternativ kimi hazırda məhz Mərkəzi Asiyadan Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya gedən yol uyğun hesab edilir.

Belə ki, bu Turan coğrafiyası - Türk Dövlətləri Çinlə Avropa arasında ticarətin qədim İpək Yolunda yenidən bərpasının mərkəzində yer alır. Bu da regionda iqtisadi inkişafın artmasına, dinamizmin gəlməsinə və nəticədə Turan coğrafiyasının Mərkəzi Asiya və Qafqazın həm geopolitik, həm yerləşdiyi ərazi, həm strateji nəqliyyat dəhlizlərinin üzərində yerləşən yer olaraq Avropadan və Çindən gələcək iqtisadi-texnoloji yeniliklərlə daha da sürətli inkişafa təkan verəcək. Və əlbəttə ki, bu məsələdə Azərbaycan mərkəzdə yer alır".
Qeyd edək ki, Çin Almaniyaya yeni marşrut xətti açıb. Yeni marşruta görə Çindən yüklər qatar, Xəzər və Qara dəniz vasitəsi ilə Almaniyaya çatdırılacaq. Yüklər Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçəcək. Çinin bu layihəsi Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində rolunu əhəmiyyətli dərəcədə artıracaq.