Məmurlar Qarabağın quruculuğundan para qazanmaq istəyirlər - FAKT BUDUR!

28-04-2022, 08:55           
Məmurlar Qarabağın quruculuğundan para qazanmaq istəyirlər - FAKT BUDUR!
Məmurlar Qarabağın quruculuğundan para qazanmaq istəyirlər
Millət vəkili Tural Gəncəliyev hazırda Qarabağda aparılan quruculuq işlərində çalışmaq istəyənlərə diplom tələbinin irəli sürülməsini doğru hesab etmir. Milli Məclisin ötən iclasında deputat bu məsələyə toxunub. Hazırda azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin çox sürətlə həyata keçirildiyini qeyd edən T.Gəncəliyev bildirib ki, quruculuq işlərində peşə təhsilli gənclərə çox ehtiyac olacaq: “İşəgötürənlər tələb kimi ali təhsil diplomu tələbi qoyurlar. İşəgötürənlər peşələrlə bağlı ali təhsil diplomunun olmasını şərt kimi qoymasınlar. Bu, “Peşə təhsili haqqında” qanuna da uyğun deyil”. Teref.az xəbər verir ki, millət vəkilinin qaldırdığı problemlə bağlı fikirlərini “Şərq”lə bölüşən əslən Qarabağ bölgəsindən olan həmkarımız, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə Qarabağdakı quruculuq işlərində çalışmaq istəyənlərin qarşısına ali təhsil diplomu tələbinin qoyulması absurddur:

- Bizim kənddəki evimizi kəndin bənnası tikmişdi, atamın, qohumların iştirakı ilə. Hər kəndin özünün bənnası, daş yonanı, malakeşi... vardı. O bənna evimizi elə tikmişdi ki, 30 ilə yaxın müddətdə erməni vandalları hətta onu tam dağıda bilmədi. O bənnaların ali təhsili yox idi, diplomları yox idi. Amma işlərinin ustası idilər. Eləcə də digər peşələrin sahibləri. Nəhayət ki, doğma torpaqlarımız işğaldan azad edildikdən sonra bəzi məmurların yenə də öz ənənəvi ampluasında qalması ancaq təəssüf doğurur. Qarabağdakı quruculuqda, tikintidə, abadlıq işlərində çalışmaq istəyən, ora can atan gənclərdən diplom tələb etmək süründürməçiliyin növbəti təzahürüdür. Alın təriylə çalışaraq pul qazanmaq istəyənlərdən diplom tələb edirlərsə, deməli, nəsə umurlar. Umacaqları var. Bu, ayıbdır. Daşı-daş üstə qoymağı bacaranların Qarabağa yolunu açmaqdan, əksinə, qarşılarına daş itələyirlər. Bu məni çox məyus edir. Heç olmasa, Qarabağ məsələsində məmurlar ambisiyalarından əl çəksinlər. Çirkin niyyətləri ilə gözəl Qarabağımızı gözdən salmasınlar.

S.Verdizadə qeyd etdi ki, Qarabağdakı quruculuq işlərində ali təhsilli memarlara, mühəndislərə əlbəttə ehtiyac var. Lakin bu o demək deyil ki, hansısa peşəyə sahib şəxslər kənarda qalmalıdır:

- Əksinə, gərək elan edilsin ki, kim nə iş bacarır, buyurub gəlsin. Xalq olaraq, millət olaraq birlikdə Qarabağımızı tikək. Quruculuq işlərində bəlkə də ali təhsil diplomlularından daha çox peşə təhsili almışlara ehtiyac var. Çünki peşə təhsili həm də təcrübə keçmək imkanı verir. Təcrübəli usta bəzən diplomlu, amma təcrübə keçməmiş mühəndisdən daha faydalı olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.