Harın məmur problemindən necə qurtulmalı... - SENSASİON AÇIQLAMALAR

28-04-2022, 10:38           
Harın məmur problemindən necə qurtulmalı... -
Məmur özbaşınalığı, harınlamış məmurlar probleminə qarşı nə qədər mübarizə aparılsa da bu bəla yenə də qalmaqdadır. Xüsusilə regionlarda məmurlar özlərini “kiçik padşahlar” kimi aparırlar, əhalini sanki rəiyyət hesab edirlər. Xüsusilə də kənd rayonlarında icra, polis, məhkəmə, bələdiyyələr xalqı çox incidir. Ən xırda işlərdə vətəndaşlardan böyük məbləğdə pullar alınır. Həbs edilirlər, işdən çıxarılırlar, cəzalandırılırlar, amma problem həllini tapmır. Bir sözlə, harınlamış məmurlar cəmiyyətdə narazılıqları körükləyən faktor rolundadırlar.

Bəs xalqın və dövlətin canını harın məmurlardan, “balaca padşahlar”dan necə qurtaraq? Teref.az-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan uzun illərdir məmur özbaşınlığından əziyyət çəkir. İstər regionlardakı məmurlar, istərsə də daha yüksək vəzifələr tutan məmurlar sırasında xalqla normal işləməyən, qaba, rüşvətxorlar kifayət qədər olub və bu gün də var. O cür məmurların nəinki özləri, hətta övladları, ailə üzvləri, iş ortaqları özlərini xüsusi imtiyazlı təbəqə sayırlar: “Elə hesab edirlər ki, onlar hər cür davranışlara, hər cür qanunsuzluqlara yol vermək haqqına sahibdirlər. Ölkə başçısı dəfələrlə bəyan edib ki, heç bir məmur xüsusi imtiyazlara malik deyil, heç kim qanunlardan üstün deyil.

Ancaq buna baxmayaraq yenə də harın məmurlar özlərini yığışdırmırlar. Sadə vətəndaşlar bu cür məmurların əlindən beziblər. Bu məmurlar düşünürlər ki, dövlət onlardır, onlara heç kim heç nə deyə bilməz. Bu təfəkkürdə olan məmurlar cəmiyyətdə gərginlik yaradırlar. Son hadisə də bir daha göstərdi ki, ölkədə necə harınlamış məmurlar var. Bir yüksək vəzifəli məmur yolda bahalı avtomobilindən düşür və çörək pulu qazanmaq üçün kuryerlik edən vətəndaşı təhqir edir, alçaldır. İnsanların kənardan çəkiliş aparmasından, onu müşahidə etməsindən zərrə qədər çəkinmədən bu özbaşınalığı edir. İndi təsəvvür edirsinizmi belə məmurlar iş yerlərində onlara hansısa problemlə bağlı müraciət edən sadə vətəndaşların başına nə oyun açırlar, onlarla necə davranırlar. Harın məmurlar probleminin həlli yolu qanunların kimliyindən asılı olmayaraq hər kəsə tətbiq edilməsi, ölkədə defakto mövcud olan məmur toxunulmazlığı sindromunu tam şəkildə aradan qaldırmaqdır. Hər kəsdə əminlik yaranmalıdır ki, hansı vəzifəni tutmasından asılı olmayaraq qanunları azacıq pozması belə, ona bağışlanmayacaq. Məmurlara qanun ikiqat sərt formada tətbiq olunmalıdır”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, xüsusilə də son iki il ərzində bir neçə rayonun icra hakimiyyəti başçılarının, mərkəzi və yerli icra qurumları nümayəndələrinin həbsi və cəzalandırılması fonunda vəziyyət köklü surətdə həll olunmayıb. Real vəziyyət və yerlərdən gələn informasiyalar, şikayətlər də bunu təsdiqləyir: “Gənc və yeni kadrlar da bir çox hallarda özünü doğrultmur və yerlərdə əhalinin problemləri nəinki azalmır, əksinə, çox ciddi narazılıq və narahatlıqlar qalmaqdadır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, kadrları yeniləri ilə əvəz etmək və ya kimlərisə cəzalandırmaq yeganə çıxış yolu deyil. Problemin həlli icra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğv edilməsi də daxil olmaqla, ümumilikdə idarəetmə sistemində köklü islahatlara getməkdədir. Biz illərdir ki, bununla bağlı təkliflərimizi irəli sürmüşük və hesab edirik ki, ən azından Türkiyə modelinə oxşar idarəetmə sisteminə keçməklə, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin səlahiyyətlərini artırmaqla qismən problemin həllinə nail olmaq olar. Əlbəttə ki, paralel olaraq seçki sistemində ciddi dəyişikliklərə gedilməlidir. Parlament və bələdiyyələr ədalətli seçkilərlə formalaşdırılmalı, parlamentin hökumətə nəzarət funksiyası reallıqda özünə qaytarılmalıdır. Eyni zamanda ictimai nəzarət mexanizmləri gücləndirilməlidir. Media qurumları, siyasi partiyalar, vətəndaş cəmiyyətləri ictimai nəzarət mexanizminin əsas fiqurlarına çevrilməlidir. Yalnız belə olacağı təqdirdə mövcud problemləri çözmək, rüşvətin, korrupsiyanın, digər neqativ halların qarşısını almaq və effektiv idarəetmə sistemi formalaşdırmaq mümkün ola bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.