Qərb-Rusiya qarşıdurması: - Qafqazda qazanan kim olacaq?

14-03-2023, 16:58           
Qərb-Rusiya qarşıdurması: -
Xeyli vaxtdır beynəlxalq ictimaiyyətdə Ukrayna müharibəsi və Türkiyənin daxilində gedən proseslərə xüsusi diqqət ayrılsa da, Cənubi Qafqazda baş verən son siyasi məqamları nəzərdən qaçırmaq olmur.

Azərbaycan-Ermənistan sərhədi ətrafında, rus sülhməramlılarının məsuliyyət zonasında son hadisələr, habelə Ermənistanda və Gürcüstanda son siyasi vəziyyət yaxın dövrdə Cənubi Qafqazda ciddi siyasi proseslərin baş verəcəyinə işarə edir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Azərbaycan-Ermənistan sərhədi ətrafında, eləcə də Qarabağda ölkəmizin təhlükəsizliyinə təhdid yaradan davranışlara və hərəkətlərə yol verilməsi ilə bağlı bəyanatlar yayılmaqdadır.

Nazirliyin son bəyanatlarında qeyd edilir ki, son zamanlar rus sülhməramlılarının müşahidəsi altında Ermənistandan Rusiya sülhməramlı kontigentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə hərbi ləvazimatın və silah-sursatların daşınması, eyni zamanda Qarabağda Azərbaycan Ordusunun mövqelərinə qarşı təxribatların artması müşahidə edilir.

Təəssüflər olsun ki, rus sülhməramlıları 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatın 4-cü maddəsinə uyğun olaraq Ermənistanın bütün hərbi birləşmələrini Azərbaycan ərazilərindən hələ çıxartmayıb. Əksinə rus hərbçiləri məqsədyönlü şəkildə qeyri-qanuni erməni silahlılarının özbaşnalıqlarına şərait yaradır.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib ki, Qarabağda 10 min qanunsuz erməni silahlısı var.

Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontigentinin rəhbərliyinə son xəbərdarlığında qətiyyətlə bildirib ki, Ermənistandan Azərbaycan ərazilərinə hərbi yüklərin daşınmasına, hərbi heyətin göndərilməsinə və onların rotasiyasına birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ərazilərimizdən çıxarılmalı və digər qanunsuz erməni silahlı dəstələri də tərkisilah olunmalıdır.

Amma rus sülhməramlıları ölkəmizin hərbi-siyasi rəhbərliyinin xəbərdarlığına məhəl qoymayaraq ermənilərin qanunsuz əməllərinə və özbaşnalıqlarına bilərəkdən göz yumurlar.

Bu da Azərbaycan Silahlı Qüvvələrinin bölgədə qeyri-qanuni erməni silahlılarının zərərsizləşdirilməsi istiqamətində gərəkli və lazımlı tədbirlərin həyata keçirməsinə zərurət yaradır. Azərbaycan rəhbərliyinin səbri tükənib, tez bir zamanda ordumuzun geniş və ya dar çərçivədə antiterror əməliyyatlarına şahidi olacağıq.

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Oqtay Qasımov qeyd edib ki, Qarabağda baş verən siyasi proseslər Rusiyanın region üzrə geosiyasi təsirinin artmasına yönəlib:

“Son dövrlər Qarabağda separatçı rejim sülhməramlıların dəstəyi ilə müxtəlif təxribatlar törədir. Bu gərginliyin arxasında bir sıra səbəblər dayanır. Rusiya Qarabağda hərbi kontigentinə beynəlxalq mandat əldə etmək, həmçinin həmin kontigentin bölgədə uzunmüddətli qalmasını təmin etmək üçün gərginliyin artmasına şərait yaradır. Moskva hesab edir ki, belə olan halda onun vasitəçilik roluna daha uzun müddət ehtiyac duyulacaq. O ki qaldı Ermənistan ərazisindən Qarabağa silah-sursatların daşınmasına, Azərbaycan tərəfi bu prosesi diqqətlə izləyir.

Martın 5-də Müdafiə və Xarici İşlər Nazirlikləri baş verən təxribatla bağlı bəyanatlarında Ermənistanla sərhədin Laçın istiqamətində nəzarət-keçid məntəqəsinin qurulmasının zəruriliyini vurğulayıblar. Hesab edirəm ki, yaxın zamanda Azərbaycan bu istiqamətdən addım atacaq.

Bununla bərabər Azərbaycan rəhbərliyi həm Ermənistan, həm də Rusiyadan üçtərəfli Bəyanatın 4-cü bəndinin yerinə yetirilməsini tələb edir. Təəssüf ki, nə Moskva, nə də İrəvan bu öhdəliyini indiyə kimi yerinə yetirməyib. Xatırladım ki, Rusiya bir il bundan əvvəl bölgədəki bütün qanunsuz erməni silahlı birləşmələrini 2022-ci ilin iyunun sonuna kimi tərkisilah edilməsi ilə bağlı öhdəlik götürüb.

Ermənistan da sentyabradək öz qoşunlarını ərazilərimizdən çıxaracağına söz vermişdi. Ancaq hər iki dövlətin öz vədlərini hələ də yerinə yetirmədiyini görürük. Əgər tələblərimizə davamlı məhəl qoyulmasa, uyğun bir zamanda antiterror əməliyyatları keçirilə bilər”.

Qarabağda hazırki siyasi proseslər ermənilərin təxribatları ilə bitmir. Ermənistan mətbuatında dolaşan son məlumatlara görə, Bakı Xankəndində separatçı rejimin ünsürlərinə müxtəlif kanallar vasitəsilə xəbər yollayıb ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə mütləq reinteqrasiya olunmalıdırlar. Əksi təqdirdə qarşı tərəfin sərt addımları ilə üzləşəcəklər.

Politoloq bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunmasına tam zəmanət verir.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən erməni sakinlər Azərbaycan vətəndaşlarının malik olduğu bütün imtiyazlardan istifadə edəcəklər:

“Ərazilərimizdə yaşayan erməniləri bir neçə kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə dinc yaşamaq istəyən ermənilər daxildir. İkincisi isə Azərbaycana qarşı düşmənçiliyi davam etdirən erməni separatçılarıdır. Onlar ya Azərbaycan ərazilərini tərk edəcəklər, ya da sərt tədbirlər nəticəsində məhv olunacaqlar. Eyni zamanda Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən ermənilərə də ərazilərizimizi tərk etmək üçün şərait yaradılacaq”.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə gəlincə isə, ötən həftə Azərbaycan və Ermənistana səfər edən ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono deyib ki, Azərbaycan və Ermənistan öz aralarında davamlı və uzunmüddətli sülh barədə razılığa gəlməlidirlər. Onun sözündən belə çıxır ki, Bakı və İrəvan heç bir vasitəçi olmadan öz problemlərini ikitərəfli danışıqlarda həll etməlidirlər.

Ümumiyyətlə, Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan sülh məsələlərinin həlli üzrə danışıqlar aparması nə dərəcədə mümkündür?

Oqtay Qasımov bildirib ki, əgər hər iki tərəf heç bir vasitəçi olmadan ikitərəfli sülh danışıqlarının keçirilməsinə razılıq versələr, bu sülh və barışıq istiqamətində uğurlu addım olacaq:

"Çünki vasitəçilər bu prosesdə yalnız öz geosiyasi maraqlarını güdürlər. Bu da, əlbəttə sülh prosesinə əngəl yaradır. Hesab edirəm ki, tərəflərin masa arxasında oturub sülh məsələlərini müzakirə etməsi sülh istiqamətində ən optimal variant olardı. Lakin Ermənistanın destruktiv mövqeyi buna imkan vermir”.

Onu da əlavə etmək lazımdır ki, təkcə Azərbaycan-Ermənistan və Qarabağ ətrafında baş verən son siyasi hadisələr yox, həmçinin Ermənistan və Gürcüstanda hazırki siyasi proseslər də Cənubi Qafqazın böyük siyasi güclərin daima diqqətində olduğunu dəlalət verir. Cənubi Qafqaz Rusiyanın arxa baxçası hesab olunsa da, Qərb dövlətləri, xüsusilə ABŞ və Avropa ölkələri bu regionda siyasi və iqtisadi cəhətdən artıq aktiv fəaliyyətə başlayıblar.

Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Avropa İttifaqının missiyasının yerləşdirilməsi, Paşinyan hökumətinin Qərbin xeyrinə addımlar atması, ABŞ və Avropa İttifaqının Azərbaycanla strateji münasibətlərə xüsusi önəm verməsi, o cümlədən Gürcüstanda müxalifətin son genişmiqyaslı nümayişləri Cənubi Qafqazın Rusiyanın orbitindən çıxarılmasına hesablanıb.

Bütün bunların doğru olduğunu deyən politoloq vurğulayıb ki, Rusiya Cənubi Qafqazda qalmaq üçün bütün vasitələrdən istifadə edəcək:

“Gürcüstanda və Ermənistanda baş verənlər onu göstərir ki, Cənubi Qafqazda Rusiya və Qərb arasında ciddi rəqabət gedir. Qərb Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdır. Bu istiqamətdə davamlı və sistemli addımlar atır. Əlbəttə, Kreml də Rusiyanın bu regionda öz dayanaqlığını qorumaq üçün bütün vasitələrə əl atamağa çalışacaq. Qarabağda və Gürcüstanda baş verən hadisələr bunu sübut edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.