Azərbaycanda saxta diplomlar, imtahandan "2" alan müəllimlər - Nazirin haqlı ittihamlarının ünvanı...

15-03-2023, 12:37           
Azərbaycanda saxta diplomlar, imtahandan "2" alan müəllimlər -
İlqar Orucov: “Ali təhsil almamış, oxumamış bir şəxs saxta diplom əlində hansısa vəzifədə çalışırsa, bunun çox böyük fəsadları var”

“Elə adamlar var ki, təhsil aldığı dili bilmir”. “Trend”in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, xaricdə təhsilə icazə verildi, indi minlərlə saxta diplomu olan adamlar ortaya çıxır. “Adam öz oxuduğu ixtisas dilini bilmirsə, biz ona niyə diplom verməliyik?! İndi bu cür suallar meydana çıxır. Biz bu haqda ciddi düşünməliyik”, - deyə nazir bildirib.

Nazir ictimai dinləmədə eyni zamanda başqa bir ciddi məsələyə diqqət çəkib. Bu da pedoqoji sahədə diplom alanlarla bağlıdır. “Pedaqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?” deyə bildirən nazir daha sonra vurğulayıb: “Biz vətəndaşa havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik. Biz cəmiyyət olaraq bunun qarşısında dayanmalıyıq, deməliyik ki, sən diplomun standartlarına cavab vermirsən”.

Nazirin hər iki mövzuda fikirləri təhsil ekspertləri tərəfindən müsbət qarşılanır. Təhsil ekspertləri deyirlər ki, hər iki sahədə ciddi problemlər var, bunun da obyektiv və subyektiv səbəbləri çoxdur.

Bu gün öz sahəsində savadsız olan pedaqoji təhsilli insanlar da var, oxuduğu dili bilməyənlər də.

“Özünə hörmət edən universitet heç zaman belə etməz”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, nazir fikirlərində haqlıdır. O qeyd etdi ki, elm və təhsil nazirinin vurğuladığı problemlər bütün cəmiyyətə tanışdır. “Mən Milli Məclisdə "Ali Təhsil Haqqında" qanun layihəsinə həsr olunan ictimai dinləmədə iştirak etdim. Əslində nazir orada çox vacib məqamlara toxundu. Deputat Ceyhun Məmmədovun diplomların tanınması ilə bağlı çıxışına rəy olaraq münasibət bildirdi. Hesab edirəm ki, nazir çox doğru məqamlara toxundu. Bir insan xarici ölkədə təhsil alır və diplomunun tanınması üçün müraciət edir, amma təhsil aldığı dildə danışa, elementar suallara cavab verə bilmir. Oxuduğu dildə danışa bilmir. Bu halda onun diplomu necə tanına bilər? Yəni nazirin dediyi bu idi.

Bu əslində çox düzgün yanaşmadır. Əgər sən təhsil aldığın ölkənin dilində danışa, təhsil aldığın dili bilmirsənsə demək sənin diplomun saxtadır. Yəni nazirin demək istədiyi bu idi. Hesab edirəm ki, cənab nazir çox əsaslı, həm də doğru qeyd etdi”.

İ.Orucov qeyd etdi ki, diplomların nostrifikasiyası ilə bağlı xeyli dəyişikliklər və yumşalmalar var. O vurğuladı ki, yeni qaydalarda diplomların tanınması ilə bağlı qoyulan tələblər yerindədir. “Tutaq ki, tibb sahəsində diplom alan şəxsin sənədlərinin həm də Səhiyyə Nazirliyi tərəfindən, hüquqşünaslıq diplomu almış şəxslərin biliyinin DİM-in müvafiq imtahanı nəticəsində yoxlanılması tələbi çox düzgündür. Əslində, burada xeyli sayda ixtisaslarda təhsil almış şəxslərə münasibəti əmək bazarının ixtiyarına buraxmışıq. Amma bütövlükdə gəlin əvvəlki illərə baxaq. Diplomların tanınması ilə bağlı həqiqətən də çox biabırçı durum vardı. Bir gün auditoriyada oturmayan, ali təhsil müəssisəsinin qapısını açmayan və gününü keçirən bir şəxslə savadlı şəxsə eyni münasibəti sərgiləyə bilərikmi? Düşünürəm ki, xeyr, sərgiləyə bilmərik. Bu baxımdan da, diplomların tanınmasına münasibətdə yumşalmanın tətbiq edilməsinin tərəfdarı deyiləm. İnsanlar var ki, ömründə bir dəfə auditoriyada olmayıb, saxta yollarla diplom alıb, hansısa üsullarla diplomunu tanıdıblar, bu gün onlar kifayət qədər yüksək məqamlarda yer tuturlar. Əslində, fikrimcə, Milli Məclisdəki müzakirədə həm deputatlar, həm ayrı-ayrı ekspertlər tərəfindən çox ciddi iradlar səsləndirildi. Bizim “Ali Təhsil Haqqında” Qanunumuzda (bu qanun sahəvi qanundur) çox mükəmməl yer almalıdır ki, biz cəmiyyətimizi, insanlarımızı saxta diplomlu adamlardan qoruya bilək. Bilirəm ki, heç bir nazir bu kürsüdə əbədi deyil. Etiraf edək ki, buraxdığımız ən kiçik səhv belə saxta diplomlu şəxslərin cəmiyyətimizə transfer etməsinə yol aça bilir. Bu da bizim inkişafımıza nə qədər böyük maneələr törədər. Təsəvvür edin ki, ali təhsil almamış, oxumamış bir şəxs saxta diplom əlində hansısa vəzifədə çalşırsa bunun çox böyük fəsadları var, olacaq da. Bunun fəsadları ilə nə qədər qarşılaşmışıq. Ona görə də hesab edirəm ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, universitetlərə münasibətdə bizim kifayət qədər ciddi yanaşmamız olmalıdır. Bu gün Azərbaycandakı ali təhsil müəssisələri qlobal çağırışlara cavab verə bilirlərmi? Bizim çox az sayda universitetlərimiz var ki, hazırkı şəraitdə bilik istehsalı prosesində çox vacib mövqelər tuta bilir. Çox təəssüf edirəm ki, həqiqətən də onların sayı çox azdır. Amma universitetlərin böyük əksəriyyəti proseslərdən, ümumi inkişafdan kifayət qədər geri qalır. Ümimiyyətlə, universitet idarəedilməsi ciddi şəkildə dəyişməlidir. Bu gün rektorların çoxu universitetlərə muxtariyyət verilməsi məsləsini anlamır. Rektorlar tanıyıram ki, muxtariyyəti başa düşəndə belə bunu yalnız öz məqsədləri naminə anlayırlar. Düşünürlər ki, muxtariyyət olarsa mən bura öz dədəmin müəssisəsi kimi baxacağam. Belə yanaşma, münasibət olarmı? Ata rektor olur və vəzifədən gedəndə yerini qızına verir. Dünyada belə şey yoxdur. Guya bu bilik satır. Biz bunu, təbii ki, bilirik. Ali təhsil müəssisələrinin ali qərarverci qurumu pedoqoji şuradır, elmi şuradır. Təsəvvür edin, rektorlar özlərini o qədər üstün hesab edirlər ki, onların iradəsindən kənarda o şurada bir qərar qəbul oluna bilməz. İndiki dövrdə biz onlara muxtariyyəti versək görün nələr baş verəcək. Heç kimə sirr deyil”.

İ.Orucov qeyd etdi ki, bununla belə, Azərbaycanda çox nümunəvi universitetlər də var. “Çox qısa bir müddətdə Azərbaycanın milli ali təhsil brendinə çevilən, kifayət qədər nüfuz qazanan, yaxşı təhsil verə bilən ADA universiteti kimi nümunə mövcuddur. Dünənə qədər bataqlıqda olan UNEC numunəsi var. Bu gün UNEC özünün çox sürətli inkişaf dövrünü yaşamaqdadır. Hesab edirəm ki, burada həm də rəhbər faktoru özünü göstərir”.

O qeyd etdi ki, universitetlərə qəbul qaydaları sadələşdirilməlidir, gənclərin təhsil alamaq imkanları genişləndirilməlidir. “Sivil ölkələrdə bir ixtisasa, tutaq ki, 500 nəfər qəbul olunur, amma 100-150 nəfəri diplom alır, çünki universitet ancaq yaxşı oxuyan tələbələrə diplom verir. Bizdə nə baş verir? Hüquq fakültəsinə 100 nəfər plan yeri var, amma buraxılışda 500 nəfər məzun olur. Siz bu biabırçılığa baxın...”

İ.Orucov hesab edir ki, insan ali məktəbə yüksək təhsil almağa, bilik öyrənməyə, bacarıq əldə etməyə gəlir və məqsəd də əmək bazarında özünə iş tapa bilməkdir: “Biz bu təhsili, bilik, bacarığı ona verə bilirikmi? Bizim ali təhsilimizin keyfiyyəti yerindədirmi? Pedaqoji təhsil alan şəxs gəlib imtahan verir, amma imtahandan keçə bilmir. Niyə keçə bilmir? Çünki biz həmin məzuna o diplomu yerində verə bilməmişik. Necə ola bilər, 300 nəfər qəbul olunar və 300 nəfər də universiteti bitirər? Dünyada belə şey yoxdur. Özünə hörmət edən universitet heç zaman belə etməz...”

İ.Orucov hesab edir ki, mövcud problemlərin baş verməsinin səbəblərindən biri universitetlərin verdiyi təhsilin keyfiyyətinin aşağı olmasıdır, bu baxımdan, bu sahədə ciddi islahatlar baş verməlidir.

Leyla QARAXANLI












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.