Təhsilimiz niyə “tərs gəlir"? – REAL İZAH: İki mərkəzdən idarə...

16-03-2023, 00:02           
Təhsilimiz niyə “tərs gəlir"? –
"Dövlət İmtahan Mərkəzi təhsilə ciddi maneələr yaradır"
TEREF.AZ bildirir ki, bunu "Sherg.az"a açıqlamasında təhsil eksperti Elşən Qafarov “DİM-in fəaliyyəti dayandırılmalıdır” iddialarından danışarkən deyib.
Ekspert qeyd edib ki, DİM bəhanələr gətirərək, tədris ilinin bitməsinə 12 həftə qalmış buraxılış imtahanları keçirir:

"Tədris ilinə 12 həftə qalmış imtahan keçirilməsi ciddi problemlər yaradır. Çünki məktəblərdə tədris proqramlara tam yerinə yetirilmir və davamiyyətsizlik yaradır. Həmçinin dünyada elə bir ölkə yoxdur ki, qəbul imtahanları qruplar üzrə keçirilsin. Yəni digər ölkələrdə qəbul ixtisaslar üzrə həyata keçirilir. Bu gün abituriyentlərdən kim olduğunu soruşsaq, cavab verə bilməyəcəklər. O bizə hansı qrupa hazırlaşdığını deyəcək. Amma belə olmamalıdır. Hər bir şəxs arzuladığı ixtisas üzrə hazırlaşmalı və təhsil almalıdır. DİM-in sistemi isə insanları istəklərindən məhrum edir. Hətta ölkədə qəbul olunan abituriyentlərin hər 100 nəfərindən 95-97-i arzu etdiyi ixtisas üzrə təhsil almır. Digər tərəfdən Dövlət İmtahan Mərkəzi illərdir ki Təhsil Nazirliyi ilə rəqabətə girib. Nəticə etibarilə sanki təhsildə bir yox, iki mərkəzi icra orqanı var. Bununla yanaşı, DİM-in nəticələri manipulyasiya etmək və təsir etmək imkanı var. Yəni istədiyi ildə sualları çətinləşdirərək, cəmiyyətdə təhsilin bərbad olması fikri yarada, istəsədə sualları sadələşdirə bilir. Bunun nəticəsində isə Təhsil Nazirliyi üzərində bir basqı yaradır. Bu isə qorxulu bir məqamdır".

Ekspertin sözlərinə görə DİM-in öz standartları və ayrıca dərs vəsaitləri var:

" Bunun nəticəsində isə Dövlət İmtahan Mərkəzində milyonlarla manat pul dövriyyə edir. Digər tərəfdən DİM tərəfindən hazırlanan testlərdə hər il problemlər olur. Bu problemlər isə sualların şagirdlərin bilik və bacarıqlarına uyğun hazırlanmasından irəli gəlir. Nəticədə də şagirdlər repetitor yanına getməyə məcbur olurlar. Bu məktəblərə, təhsilə və Azərbaycan müəlliminə inamsızlıq yaradır. Səbəbi isə DİM-in hazırladığı sualların məktəbdəki təhsillə uyğun olmamasıdır.

Ortada tək qazanan isə DİM-dir. Vəziyyətdən çıxmaq üçün Dövlət İmtahan Mərkəzini ləğv etmək real deyil. Bu mərkəzi yalnız imtahanları həyata keçirən texniki bir quruma çevirmək lazımdır. Bunu üçün isə test, proqram və dərs vəsaiti hazırlamaq səlahiyyətləri DİM-dən alınmalıdır. Nazirlər Kabineti yanında testologiya mərkəzi yaradılmalı və nə DİM-ə, nə də Təhsil Nazirliyi tabe olmalıdır. Belə olduğu təqdirdə təhsil mühiti yaxşılaşacaq, abituriyentlərin istədiyi ixtisas üzrə təhsil alması mümkün olacaq. Bu isə həm təhsil sisteminə, həm də müəllimlərə inamı yenidən bərpa edəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.