Azərbaycanda qadın hakimlərin sayı artır, bəs ədalətli qərarlar? - AKTUAL

29-10-2023, 08:59           
Azərbaycanda qadın hakimlərin sayı artır, bəs ədalətli qərarlar? - AKTUAL
“Məhkəmə sədrləri və yuxarı məhkəmələrin tərkibi kişilərdən ibarətdirsə, son nəticədə qadın hakimlər yenə də kişi hakimlərə tabe olacaq”

Bunu hüquqşünas Əkrəm Həsənov birinci instansiya məhkəmələrinə təyin olunan hakimlər arasında qadınların çoxluq təşkil etməsi məsələsinə şərh bildirərkən deyib.

Prezident İlham Əliyev oktyabrın 11-də yeni hakimlərin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama görə, 17 qadın, 15 kişi hakim birinci instansiya məhkəmələrinə hakim təyin edilib.

2022-ci ildə prezidentin hakimlərin təyinatı ilə bağlı imzaladığı sərəncamda da qadınların say çoxluğu diqqət çəkirdi. 23 qadın, 16 kişi yeni nəsil hüquqşünas hakim təyin edilmişdi.

Ümumən son iki ildə prezidentin təyin etdiyi hakimlər arasında qadın hakimlər üstünlük təşkil edir.

Bəs məhkəmə-hüquq sistemindəki bu, gender islahatının xüsusi səbəbi varmı? Qadın hakimlərin sayının artırılması məhkəmə sisteminin keyfiyyətinə nə dərəcədə təsir göstərə bilər?

Hüquqşünas Əkrəm Həsənov danışır ki, hakimlər məhkəmə sədrinə tabe olduğu müddətdə heç bir islahatdan söz gedə bilməz.

“Biz həmişə deyəndə ki, məhkəmələr müstəqil olmalıdır, bilirsiniz nəyi nəzərdə tuturuq? Hakimlər ancaq qanuna tabe olmalıdır. Bəs bizim məhkəmələrdə vəziyyət necədir? Hakimlər məhkəmə sədrinə tabedir. Azərbaycanda bir nəfər qadın sədr tanıyırsınızmı? Hamısı kişilərdir. Hakimlərin əksəriyyəti, hətta 70 faizi qadınlardan ibarət olsa belə, məhkəmə sədrləri və yuxarı məhkəmələrin tərkibi kişilərdən ibarətdirsə, son nəticədə qadın hakimlər yenə də kişi hakimlərə tabe olacaq”, - hüquqşünas açıqlamasında vurğulayıb.

Əkrəm Həsənov deyir, birinci instansiya məhkəmələrindəki hakimlərin çoxu icraçı funksiyasını yerinə yetirir:

“Məhkəmə sədri rəhbərdir, direktordur, rəisdir. Hakimlər həftədə bir neçə dəfə məruzə etmək üçün məhkəmə sədrinin yanına gəlirlər. İşlərə necə baxmaq lazım olduğunu məhkəmə sədri hakimlərə tapşırır. Beynəlxalq praktikada belə hal mümkün deyil. Hakim heç kəslə məsləhətləşməli deyil”.

Avropa Şurasının 2018-2023-cü illər üçün “ Gender bərabərliyi strategiyası” proqramına əsasən, üzv dövlətlər, o cümlədən Azərbaycan, gender bərabərliyinin təşviqi məsələsinə diqqət ayırmalıdır. Siyasi və ictimai həyatda, qanunvericilik, icra, məhkəmə, diplomatik və idarəetmə orqanlarında qadınlar və kişilərin iştirakı tam, bərabər olmalıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc da Toplum Tv-yə verdiyi açıqlamada Avropa Şurasının Azərbaycan üçün nəzərdə tutduğu fəaliyyət planına diqqət çəkib.

“Bu məsələdə digər mühüm amil budur ki, qadınlarımıza xas olan humanizm, mərhəmət , nəciblik duyğularının onların hakim kimi verdikləri qərarlarda da mühüm payı olacaq. Əlbəttə, bu, tədqiqatlar tələb edən məsələdir. Əminəm ki, gələcəkdə hələ orta məktəblərdən qadınların hüquq təhsilinə təşviq olunması cəmiyyətdə harmoniya yaradar. Ailə kiçik dövlət, dövlətsə böyük ailədir. Buna görə də qadınlarımızın məhkəmə sistemində daha çox təmsilçiliyini görmək istəyirik”, - deputat açıqlamasında bildirib.

Məhkəmə Hüquq Şurasından ötən il Toplum Tv-yə verilən açıqlamada bildirilmişdi ki, qanunvericilikdə qadın hakimlərin sayının artırılması ilə bağlı xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər.

2023-cü ilin oktyabr ayının məlumatına görə, Azərbaycanda ümumən 601 hakim var. Bunlardan təxminən 23 faizi, yəni 139-u qadınlardır.

Toplum TV












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.