“Yalnız 9 mərtəbədən yuxarı binalarda üzlüklər söküləcək” – RƏSMİ AÇIQLAMA

21-05-2015, 21:00           
“Yalnız 9 mərtəbədən yuxarı binalarda üzlüklər söküləcək” – RƏSMİ AÇIQLAMA
“Yanan binaya vurulan üzlüklərlə bağlı ekspertiza rəyi iki – üç günə yox, bir həftə müddətində açıqlanacaq”.

Bunu Hafta.az-ın sorğusunu cavablandırarkən Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyib. Meriya sözçüsünün bildirdiyinə görə, binanın yanma səbəbi kimi göstərilən üzlüklərlə bağlı ekspert rəyləri hələlik açıqlanmayıb:

“Prezidentin müşavirəsində də bununla bağlı söhbət oldu. Orada da bir həftə müddəti qeyd edilib. Bir həftə isə dolmayıb. Yanmış binanın ətrafında hələ bununla bağlı işlər başa çatmayıb. Lazımi nəticə də əldə olunmayıb. Binanın yanması ilə bağlı ilkin ehtimallardan isə mənə rəsmi məlumat verilməyib”.

Nailə Məmmədova üzlüklərin ekspert rəyini gözləmədən artıq onların söküntüsünə başlanıldığını da vurğulayıb:

“Onu da qeyd edim ki, 9 mərtəbə və ondan yuxarı olan bütün binalarda həmin tipli “penoplast” üzlüklər hamısı söküləcək. Bununla bağlı artıq işlər aparılır”.

Xatırladaq ki, mayın 19-da Binəqədidə "Azadlıq" metrosu yaxınlığında yaşayış binası alışaraq kül olub. Hadisə nəticəsində 16 nəfər dünyasını dəyişib, 50–yə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.