"Ətçəkən maşın” ili : Rusiyanın 2023-cü ildə Ukraynadakı itkiləri haqqında nə bilirik?

1-01-2024, 08:14           
"Ətçəkən maşın” ili :
Olqa İvşina
Rusiya Ukraynaya hücum etdiyi illə müqayisədə 2023-cü ildə daha çox hərbçisini itirib.

BBC “Mediazona” (Rusiyada “xarici agent” kimi tanınır) və könüllülər qrupu ilə birlikdə müharibədə həlak olanların açıq mənbələrdə yayılan məlumatları əsasında hazırladığı siyahısının təhlili nəticəsində bu qənaətə gəlib.

Dekabrın sonunda biz Ukrayna müharibəsi başlayandan indiyə kimi həlak olan 40 mindən çox rusiyalı hərbçinin adını müəyyən edə bilmişik.

Onlardan 15 min 520-si keçən il, ən azı 24 min 100-ü isə bu il ölüb. Rusiya ordusunun real itkiləri daha böyükdür və hətta bu məlumatlar da Rusiya ordusunun müharibə zamanı vəziyyəti haqqında müəyyən nəticələr çıxarmağa kömək edir.
Bu ilin əsas tendensiyası cəbhəyə mülki şəxs kimi cəlb olunanlar arasında itkilərin kəskin surətdə artmasıdır. Müəyyən etdiyimiz bütün ölənlərin üçdə ikisi işğaldan əvvəl ordu ilə əlaqəsi olmayanlar - könüllülər, səfərbər olunanlar, məhbuslar və özəl hərbi şirkətlərin yeni əsgərləri olub.

“Aprelin 8-də ərim yenicə müqavilə imzalamışdı, 11-də isə artıq hücum dəstəsinə, yəni müharibəyə qatıldı. O vaxt mən sakit idim, əmin idim ki, necə deyərlər, üç həftə təlim olacaq, aprelin sonuna kimi qorxacaq bir şey yoxdur. Zəng gözləyirdim. Ancaq o, aprelin 21-də öldü! Və dedikləri heç bir təlim olmadı...” - Ukraynada döyüşmüş rusiyalı məhbuslardan birinin həyat yoldaşı deyir.

Amma cəbhəyə hazırlıqsız göndərilənlər təkcə məhbuslar deyil. Kursk vilayətinin 46 yaşlı sakini İlya Konontsov bu il oktyabrın 25-də könüllü kimi müharibəyə gedib.

"Mənim üçün vətənimi müdafiə etmək və düşməni darmadağın etmək şərəfdir", - Konontsov yeni dəbilqə və hərbi forma alarkən yerli televiziya kanalına verdiyi müsahibəsində deyib. Amma onun yeni hərbi təchizata öyrəşmək üçün çox az vaxtı olub: noyabrın 5-də o, müharibədə həyatını itirdi.

Oxşar hekayələrlə dərc edilmiş yüzlərlə nekroloqa baxsaq, hərbi hissələrin komplekləşdirilməsi üçün cəbhəyə göndərilənlərin hazırlanması prosesi indi cəmi bir neçə gün çəkir. Müqayisə üçün qeyd edək ki, Əfqanıstana göndərilməzdən əvvəl SSRİ-də çağırışçı əsgərlər 4 aydan 6 aya qədər təlim keçirdi.

Müharibənin dəyişmiş siması
Bir yerə toplanmış minlərlə nekroloq Ukraynayla, demək olar ki, iki il davam edən müharibədə orta statistik rusiyalı döyüşçünün obrazının necə dəyişdiyini göstərir.

Keçən il BBC tərəfindən ölümü təsdiqlənə bilən tipik Rusiya əsgərinin təxminən 21 yaşı var idi və o, müqavilə əsasında xidmət edən əsgər idi - çox vaxt desantçı, moto-atıcı və ya dəniz piyadası.

Bu il Ukraynada öldürülən tipik rusiyalı döyüşçü həbsxanadan birbaşa cəbhəyə yollanan 34 yaşlı məhbusdur. Və əgər ötən il məhbusların əksəriyyəti muzdlu “Vaqner” dəstəsi tərəfindən cəlb olunurdusa, 2023-cü ilin fevralından bu işlə müstəsna olaraq, Müdafiə Nazirliyi məşğul olur.

Qərb analitikləri hesab edirlər ki, məhbuslardan formalaşan bölmələrin əhəmiyyəti getdikcə azalacaq. Ancaq bu il Vaqnerin tərkibində döyüşən məhbuslar Baxmutun alınmasında həlledici rol oynadılar, "Ştorm Z" dəstələri isə Rusiya qoşununun Rabotino (Zaporojye vilayəti) və Avdeyevka (Donetsk vilayəti) yaxınlığındakı hücumunun mühüm hissəsi idi.

Hərbi komandanlıq isə indi, əksinə, müharibənin birinci ilində sağ çıxan desantları və xüsusi təyinatlıları qorumağa çalışır, onlardan mövqe tutmaq və snayper əməliyyatları aparmaq üçün istifadə edir. Ekspertlərin fikrincə, dəyərli mütəxəssislər indi yalnız əlverişli şərait olduqda hücuma göndərilir.
Qış “ətçəkən maşını”
Rusiya bütün müharibə boyu ən böyük itkiləri bu ilin qışında - Donbasda hücum cəhdi zamanı verib. Dekabrın ortalarından mart ayına qədər itkilərin artım tempi 2022-ci ilin orta göstəricisindən iki dəfə çoxdur.

BBC döyüşlərin onlarla saatlıq videogörüntülərini təhlil etdikdən sonra Rusiya qüvvələrinin böyük itkilərinin səbəblərindən birinin açıq-aşkar taktiki səhvlər olduğuna dair sübutlar tapıb.

Məsələn, bir sıra videoda 155-ci dəniz piyada briqadasının döyüşçülərinin heç bir əlavə dəstək almadan Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinə açıq yerdən üzbəüz hücuma keçməyə cəhdi göstərilir.

“Qara beretlilər” bir cərgəyə düzülərək, artıq dəfələrlə atəşə tutulduqları yolla irəliləyirmişlər. Üstəlik, bütün bu manevrlər minalanmış sahələrin əhatəsində həyata keçirilirdi.

Yanvarın 29-da dəniz piyadaları sosial şəbəkədə Primorsk diyarı (155-ci briqada burada yerləşir) qubernatorunun postu altındakı şərhlərdə emosional müraciət dərc etmişdilər:

“155-cinin [briqadanın] komandanlığının səriştəsiz və cinayətkar əməlləri nəticəsində 60 nəfərlik birinci bölük istisna olmaqla, taborun, demək olar ki, bütün tərkibi və zirehli texnikası məhv edilib”, - müraciətdə bildirilir.

Bu, “qara beretlilər”in üç ayda artıq ikinci ictimai müraciəti idi. 2022-ci ilin noyabrında dəniz piyadaları "fərsiz komandirlərin" onları "anlaşılmaz hücuma" atdıqları ilə bağlı araşdırma tələb etmişdilər.

Yanvar müraciətinə Primorsk qubernatoru cavab verməyib. Araşdırmalar barədə də heç bir məlumat yoxdur.

Uqledarı almağa cəhdlərini dayandırmayan 155-ci hərbi hissənin dəniz piyadaları itkilər verməkdə davam edirlər. Bizə Ukraynaya müdaxilə zamanı hərbi hissənin həlak olan 234 əsgərinin adı məlumdur. Bu, hərbi hissənin Çeçenistandakı on illik müharibədə itkilərindən dörd dəfə çoxdur.

Ağır yaralılar, ölənlər və itkin düşənlər nəzərə alınmaqla, itkilər briqadanın şəxsi heyətinin yarıdan çoxu ola bilər.

Onlarla dəniz piyadası döyüşlərdə itkin düşmüş sayılır. Yaxınları onların başına gələnləri öyrənmək üçün öz araşdırmalarını aparmağa məcburdurlar.

Maqadan vilayətinin Yaqodnoye kəndindən olan gənc repçi Ramaz Qorqadze ötən ilin sentyabrında səfərbər edilib. Bu vaxtadək o, TikTok-da on minlərlə izləyicisi olan olduqca populyar yerli ifaçı idi.

Çağırış vərəqəsini alan Ramaz çağırış məntəqəsinə anası Svetlana ilə gələrək onunla qucaqlaşıb vidalaşır. Repçinin Ukraynaya getməzdən əvvəl yazdığı mahnının belə sözləri var: “Azad Donbas. Rusiya sizinlədir. Rus dünyası gəldi. Rus əsgəri döyüşə girdi”.
Amma əslində Ramaz üçün hər şey o qədər də asan deyildi. O, anasına deyib ki, Ukraynada dostları var və onun üçün ən dəhşətlisi ölüm deyil, onun özü kimilərə atəş açmalı olacağıdır. Buna baxmayaraq, Ramaz cəbhəyə getməkdən çəkinmədi.

Oktyabrın sonunda - bir neçə həftəlik hazırlıqdan sonra – o, cəbhə xəttinə gedib, demək olar ki, dərhal hücuma göndərilib və bundan sonra onunla bir daha əlaqə saxlamaq mümkün olmayıb. Svetlana bir neçə ay oğlu haqqında, heç olmasa, bir xəbər almağa çalışıb.

Nəticədə onu tapmaq üçün evdən 7000 kilometr məsafədə - 155-ci hərbi hissənin səyyar bazasının yerləşdiyi - Donetsk vilayətinin Volnovaxa kəndinə yollanıb. Və nəhayət orada cavab tapıb: oğlu həlak olub.

Hücum zamanı dəniz piyadalarının bir dəstəsi evlərdən birinə daxil olub. Ramaz eyvanda dayanıbmış. Döyüş başlayandan 10 dəqiqə sonra pilotsuz təyyarənin evə endirdiyi zərbə 26 yaşlı reperin ayaqlarını qoparıb. O, qan itkisindən ölüb.

Baxmut uğrunda döyüş
2023-cü il yayın sonunda Ukraynada Rusiya tərəfində müəyyən etdiyimiz bütün itkilərin üçdə birini Vaqner döyüşçüləri təşkil edirdi. Bunun səbəblərindən biri Baxmut uğrunda gedən qanlı döyüşdür.

Vaqnerin mərhum banisi Yevgeni Priqojin o vaxt dəstəsinin Baxmut uğrunda döyüşlərdə itkilərini 20 min nəfərlə qiymətləndirmişdi. Biz həlak olmuş 9 min 332 Vaqnerçinin adını dəqiq bilirik, onlardan üçdə ikisi - 6 min 590 nəfəri - məhbus idi.

Yanvar ayından martın əvvəlinə qədər Vaqnerin təsdiq etdiyi həftəlik itkilərin sayı 300-dən aşağı enməyib. Vaqnerçilərin ən böyük itkisi martın 24-dən 25-dək olan 24 saat ərzində baş verib – o zaman 182 nəfər ölüb - onların 141 nəfəri məhbus idi.

Bu, yalnız açıq mənbələrdən müəyyən edə bildiyimiz məlumatlardır. Real itkilər, yəqin ki, bundan xeyli çoxdur.
“Vaqner”in hücum qruplarının metodik surətdə işi dəmir nizam-intizamla təmin edilirdi.

"Hücum qrupları komanda verilmədən geri çəkilmir... Dəstənin icazəsiz çıxarılması və ya xəsarət almadan geri çəkilməsi yerində edamla cəzalandırılır", - Ukrayna kəşfiyyatının hesabatında qeyd olunur. Bütün bunlar muzdluların əlavə itkilərinə gətirirdi.

“Vaqner” Ukraynanın Donetsk vilayətində irəlilədikcə, Rusiyanın müxtəlif yerlərində məhbuslar üçün xüsusi olaraq ayrılmış irimiqyaslı dəfn yerləri görünməyə başladı.

İndi Rusiyada yeddi belə nekropol var, digəri Luhansk vilayətinin Rusiya tərəfindən işğal olunmuş hissəsində yerləşir. Bu qəbristanlıqların hər birində 10-dan 700-ə qədər qəbir var.

Priqojinin sözlərinə görə, bu qəbristanlıqlarda yalnız qohumlarının əlaqəsini və başqa dəfn yerini göstərməyənlər dəfn edilib. Reallıqda isə Vaqnerə cəlb edilən yüzlərlə məhbus, hətta əlaqə saxladıqları hallarda belə yaxınlarına xəbər verilmədən dəfn edilib.

Yüzdən çox insan sosial şəbəkələrdə qəbirlərin fotoşəkillərini gördükdən sonra öz yaxınlarını tapıb.

Ölənlər arasında ağır cinayətlərə görə həbs cəzası alanlar (məsələn, anası və ya öz azyaşlı uşaqlarını qətlə yetirmək), azadlığa buraxılmasına cəmi bir neçə ay qalanlar da var. Vaqnerə səfərbər edilmiş məhbuslardan dördü İkinci Dünya müharibəsi veteranlarının qətlinə görə cəza çəkirdi.
Ukraynanın əks-hücumu
Bu ilin yay və payız aylarında hamının diqqəti Ukraynanın əks-hücumuna yönəlmişdi. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının sözlərinə görə, Ukrayna Rusiya qüvvələrinin daha əvvəl işğal etdiyi ərazidə 17 kilometr irəliləməyə nail olub.

Yəni əksər bölgələrdə Moskva yanvarda nəzarət etdiyi mövqeləri qoruyub saxlaya bilib.

Rusiyanın müdafiə əməliyyatlarının uğurunun mühüm səbəblərindən biri kimi havada üstünlüyə malik olması göstərilir. Amma bu hökmranlıq asanlıqla əldə edilmir. Rusiya bu il ən azı 59 hərbi pilotunu, o cümlədən Ka-52 helikopteri idarə edən polkovnik Vitali Tabaçnikov və helikopterin uçuş komandiri mayor Qriqori Azanovu itirib.

Daha 13 hərbi pilot bu il Rusiyanın özündə Priqojin və onun muzdlu dəstəsinin üsyanı zamanı həlak olub. Rusiya aviasiyası bir gündə yalnız Ukraynaya tammiqyaslı müdaxiləsinin ilk günü bundan çox itki verib.

Ümumilikdə, müharibə başlayandan bəri Rusiya 200-dən çox hərbi pilotunu itirib. Bunlar unikal mütəxəssislərdir, onların hər birinin hazırlanması ən azı altı il və 3 milyon dollardan çox vəsait tələb edir.

Ümumiyyətlə, Ukrayna əks-hücumunu effektiv şəkildə dəf etmək üçün yüksək rütbəli zabitlər yenidən tez-tez cəbhə xəttində və ya cəbhə xəttinə yaxın yerlərdə olmalı idilər.

İyun ayından oktyabrın sonuna qədər Rusiya azı 413 zabitini, o cümlədən iki general və 44 polkovnik-leytenant və ondan yüksək rütbəyə malik hərbi qulluqçusunu itirib. Rusiya ordusu sonuncu dəfə yalnız Ukraynaya hücumun ilk aylarında belə əhəmiyyətli itkilər vermişdi.

Eyni zamanda qeyd etmək lazımdır ki, Kreml yeni kiçik hərbi bölmə zabitləri – həm hərbi məktəbləri yeni bitirmiş, həm də səfərbər edilmiş mütəxəssisləri – hazırlamaq üçün vaxt qazana bilib. Məhz onlar müxtəlif bölmələr arasında lazımi dərəcədə ahəngdarlığı və qarşılıqlı əlaqəni təmin edə biliblər.

Regionlar arasında fərq
Ukraynaya qarşı müharibə Rusiya regionlarının həyatına da təsir edir.

Ölənlərin mütləq sayına görə liderlər Krasnodar diyarı, Sverdlovsk vilayəti, Başqırdıstan və Çelyabinsk vilayətidir. Ancaq hər bir bölgədə kişi əhalisinin sıxlığını nəzərə alaraq məlumatları yenidən hesablasanız, siyahı fərqli olacaq.

Dekabrın 21-nə olan məlumata görə, Krasnodar diyarının hakimiyyət orqanları və mediası bölgədən ölən hərbçilərin maksimum sayını açıqlayıb - 1495

Tuva və Buryatiya sakinləri üçün bu il Ukraynada müharibədə həlak olma ehtimalı moskvalılarla müqayisədə 30-40 dəfə yüksək olub.

Lakin bununla belə, Ukraynada həlak olan hərbi qulluqçuların əksəriyyəti slavyanlar və ilk növbədə ruslar olub.

Üstəlik, bu il ölənlər arasında slavyan adlarının payı artıb. 2022-ci ilin yazında 75 faiz idi, bir il bu rəqəm artıq 85 faiz təşkil edirdi.

Tədqiqatçılar bunu səfərbərliklə və məhbusların cəbhəyə cəlb edilməsi ilə əlaqələndirirlər.

Exeter Universitetinin araşdırmasına görə, əksər milli respublikalarda ruslar və titullu etnik qruplar üçün müharibədə ölmək riski təxminən eynidir.

Məlum olub ki, itkilərin böyük hissəsi təbii ehtiyatları olmayan, əsasən, yoxsul bölgələrdə baş verir. Yəni, Tuva və Buryatiya sakinləri arasında ölüm miqdarının əhəmiyyətli dərəcədə yüksək olması, bu respublikalardan olan kişilərin daha firavan bölgələrin sakinləri ilə müqayisədə sabit və yaxşı maaşlı iş tapmaq ehtimalının az olması ilə əlaqədar ola bilər.

Rusiya fəal şəkildə cəbhəyə könüllülər cəlb etməkdə davam edir, maaşların regional orta göstəricidən 6-8 dəfə yüksək olacağını vəd edir.

Nepaldan Somaliyə qədər
Rusiya hərbiləşdirilmiş bölmələrinə qoşulmağa təkcə rusiyalılar dəvət edilmir. Bu il Kuba, İraq, Somali və Zambiya vətəndaşlarının müharibəyə uğurla cəlb olunduğu məlum olub.

Nepal hakimiyyəti hətta öz vətəndaşlarını müharibəyə cəlb etməmək, ölənlərin cəsədlərini vermək və əvvəllər silahlı strukturlara yazılan bütün Nepal muzdlularını geri qaytarmaq xahişi ilə Rusiyaya rəsmi müraciət edib.

Ancaq Rusiya qüvvələrinin tərkibində ən çox Orta Asiya ölkələrinin nümayəndələri həlak olur: Özbəkistan (47 nəfər), Tacikistan (50) və Qırğızıstan (26).

Bir çox əcnəbiləri Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibədə iştirak etdikdən sonra sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığının əldə edilməsi perspektivi cəlb edir.

BBC-yə Ukraynada Rusiya qüvvələrinin tərkibində ümumilikdə 254 xarici vətəndaşın həlak olduğu məlumdur. Rusiya strukturlarının tərkibində döyüşən əcnəbilərin hətta təxmini sayını belə müəyyən etmək hələlik mümkün deyil.

Nepalın Rusiyadakı səfiri Milan Rac Tuladharın sözlərinə görə, Moskva özünün hərbiləşdirilmiş strukturlarına 150-dən 200-ə qədər nepallı cəlb edə bilib. Afrika diasporu nümayəndələrinin sözlərinə görə, pasport rejimini pozduqlarına görə, Rusiyada saxlanılan onlarla Somali miqrantı indi Rusiya hərbi birləşmələrinin sıralarına qoşulmağa razılaşdırılır.

Müharibəyə səfərbər etmə sxemi olduqca sadədir. Forma geyinmiş insanlar miqrantların saxlanıldığı təcridxanaya gəlir və onlara sövdələşmə təklif edirlər: Rusiyadan deportasiya ləğv edilir, lakin bunun müqabilində onlara “dövlət üçün işləmək” lazımdır.

Çoxları rus dilində yazıldığına görə, imzalamaları tələb olunan sənədləri oxuya bilmirlər. Formalı insanlar şərtləri çox sadə izah edirlər: yaxşı maaş müqabilində bir il iş, tibbi xidmət, müqavilə başa çatdıqdan sonra Rusiyada qalmaq hüququ və hətta ailələrinə qovuşmaq.

“Biz soruşduq, nə iş olacaq, dedilər ki, sadə və yaxşı”, - bu yolla müharibəyə cəlb etməyə çalışdıqları miqrantlardan biri sadədilliklə BBC-yə danışıb. Sənədləri imzaladıqdan sonra o, özünü Ukrayna ilə sərhəddə hərbi mühafizə altında olan çadır düşərgəsində görüb.

Rusiyanın ümumi itkiləri haqqında daha ətraflı
2023-cü il dekabr ayının sonuna kimi, ümumilikdə, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı həlak olan 40 010 rusiyalı hərbçinin adını müəyyən edə bildik.

Rusiyanın 70 yaşayış məntəqəsində qəbiristanlıqlardakı vəziyyəti öyrənərkən müşahidə etdik ki, orta hesabla ictimaiyyətə açıqlananların hamısının adları və təxminən eyni sayda ölümləri mediada və ya sosial şəbəkələrdə xatırlanmayan hərbi qulluqçuların da məzarlarına rast gəlinir. Odur ki, həqiqətən ölənlərin sayı ən azı iki dəfə çox ola bilər - yəni 80 mindən çox.

Bu saya Donetsk və Luhansk vilayətlərindəki “xalq respublikaları” silahlı birləşmələrinin tərkibində Ukraynaya qarşı döyüşənlər daxil deyil.

22 dekabr 2022-ci il tarixindən etibarən DXR separatçıları qoşunlarının itkilərinə dair məlumatları daha dərc etmirlər (LPR hakimiyyəti onların itkiləri haqqında ümumiyyətlə məlumat dərc etməyib).

Uzun müddət əlaqəyə çıxmayan LDNR üzvlərinin axtarışı ilə bağlı dərc edilmiş nekroloqları və mesajları öyrənərək belə qənaətə gəldik ki, noyabrın sonuna qədər Donbasın özlərini elan etmiş “respublikalarının” təxminən 23 min döyüşçüsü həlak olmuş ola bilər.

Bunu nəzərə alsaq, rusiyayönlü qüvvələrin ümumi ölüm itkiləri 103 min nəfərdən çox ola bilər.

Cəbhədə ağır yaralananların sayını müəyyən etmək çətindir. Lakin orduda və Rusiya Milli Qvardiyasında xidmət zamanı həlak olan və ölənlərin ailələrinə kompensasiya ödənilməsi ilə bağlı nəşrlərin təhlili bizə xidmətdən tərxis olunanların bu kateqoriyasının sayını təxmini hesablamağa imkan verir.

Dərc edilmiş sənədlərə əsasən, bu müharibə zamanı həlak olan hər bir rusiyalı əsgərinə iki ağır yaralı düşə bilər, buna görə də yaralanma səbəbindən sıradan çıxanların sayı 200 minə yaxın ola bilər.

Nəticədə hətta əlimizdə olan açıq məlumatlar əsasında belə qənaətə gələ bilərik ki, Rusiyanın bərpa edilə bilməyən itkiləri, əslində, təxminən 309 min nəfər təşkil edə bilər (bunlardan 80-dən 100 minə qədəri – həlak olanlar).

Müharibədə həlak olan ən yaşlı rusiyalı əsgərin 71 yaşı olub: ömrü boyu energetika sahəsində çalışan Mixail Şuvalov müharibəyə könüllü gedib.

Ukraynaya qarşı döyüşlərdə həlak olan ən gənc rusiyalı 2004-cü ildə anadan olub: Vladimir Skrıpin dərhal məktəbi bitirdikdən sonra Hava Desant Qüvvələri ilə müqavilə imzalayıb və bu il iyunun 30-da öldürülüb.
BBC ölən hərbçilər haqqında məlumat toplamağa davam edir. Bu mövzu ilə bağlı məlumat bölüşmək istəyirsinizsə, lütfən, bbcrussian@bbc.co.uk e-poçt ünvanına və ya bu linkdən istifadə edərək bizimlə əlaqə saxlayın.

Biz necə hesablayırıq

Rusiyada hər gün yeni ölənlərin adları və dəfn mərasimlərindən fotoşəkillər dərc olunur. Çox vaxt adları Rusiya vilayətlərinin rəhbərləri və ya mərhumun əvvəllər oxuduğu rayon administrasiyalarının, yerli media və təhsil müəssisələrinin nümayəndələri, habelə qohumları verir.

BBC, “Mediazona” və könüllülər qrupu bu məlumatları nəzərdən keçirir və Rusiyanın Ukraynaya təcavüzündən bəri tutduğumuz siyahıya əlavə edirlər.

Biz Rusiyanın rəsmi mənbəyində və ya KİV-lərində dərc olunan, qohumların nəşrləri və ya başqa mənbələrdəki yazıları dəfn fotoları ilə müşayiət olunarsa, ölümün təsdiqi kimi qəbul edirik.

Əsas hesablamada biz özünü elan etmiş LDXR respublikalarının itkilərini nəzərə almırıq. Ancaq Rusiya Federasiyasının vətəndaşı könüllü olaraq müharibəyə gedib bu respublikaların ordularına qoşulubsa, onu nəzərə alırıq.

Qoşun növlərini mərhumun harada xidmət etdiyinə dair hesabatlara və ya geyimindəki fərqlənmə nişanlarına görə müəyyən etdik. Səfərbər edilən, könüllülər və məhbuslar ordunun ayrı-ayrı qoşun növləri deyillər, lakin biz nizami ordunun peşəkar (müqavilə) hissələrinin itkiləri ilə müqayisə etmək üçün bu itkiləri ayrıca kateqoriyada qeyd edirik.

Cədvəldəki “digər qoşunlar” sırasına hava hücumundan müdafiə və kimyəvi müdafiə, rabitəçilər, həkimlər, Aerokosmik Qüvvələrin yerüstü xidmətləri, Daxili İşlər Nazirliyi, avtomobil və dəmir yolu qoşunları, habelə hərbi polis daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.