İranda general Qasım Süleymaninin anım mərasimində partlayış zamanı 103 adam ölüb

4-01-2024, 08:24           
İranda general Qasım Süleymaninin anım mərasimində partlayış zamanı 103 adam ölüb
İranda general Qasım Süleymaninin anım mərasimində partlayış zamanı 103 adam ölüb.

Partlayış onun türbəsi yaxınlığında törədilib. Partlayış nəticəsində türbəyə zərər dəymədiyi bildirilir.

Bu gün Süleymaninin qətlə yetirilməsinin dördüncü ili tamam olur.

İran dövlət televiziyası İrib bildirib ki, Kirman şəhərində, Gülzar Şahadai-yə gedən yolda Sahib əl-Zaman məscidi yaxınlığında mərasim zamanı törədilən digər bir partlayış nəticəsində 211 nəfər yaralanıb.
Kirman qubernatorunun müavini hadisələri "terror aktı" adlandırıb.

Bəzi görüntülərdə yerdə bədənlər var və Təcili Yardım maşınlarının hadisə yerinə tələsdiyi bildirilir.

İranın Qızıl Aypara Cəmiyyəti açıqlayıb ki, birinci partlayış yerinə yardıma göndərilən və ikinci partlayış nəticəsində azı bir tibb işçisi ölüb.

Partlayışı kimi törətdiyi bəlli deyil və heç bir qruplaşma indiyədək bununla bağlı açıqlama verməyib, BBC News yazır.

Lakin ərəb separatçıları, İslam Dövləti (İD) və digər bəzi sünni cihadçı qruplar İranın təhlükəsizlik qüvvələrinə qarşı və şiə ziyarətgahlarına son illərdə "ölümcül hücumlar" həyata keçirdiklərini açıqlayıblar.

İnternetdə partlayışların törədildiyi yerdən videolar yayılır.

BBC Farsca xəbər verir ki, Kirman meri Səid Şerbaf partlayışların 10 dəqiqə ara ilə baş verdiyini deyib.

"Biz qəbiristanlıq istiqamətində addımlayarkən qəfildən arxada bir maşın saxladı və içində zibil yeşiyinin içinə yerləşdirilmiş bomba partladı", - İranın İsna agentliyi bir şahidin dediklərini yazıb.

"Biz sadəcə partlayışın səsini eşitdik və insanların yıxıldığını gördük", - o əlavə edib.


"Tasnim"-in məlumatına görə, bombalar iki çantaya yerləşdirilib və uzaqdan işə salınıb.

Rəsmilər dərhal partlayışın baş verdiyi ərazidə olan şəxslərdən mərasim yerini tez bir zamanda tərk etməyi xahiş ediblər.

Qızıl Aypara Cəmiyyətinin baş direktoru mərasimdə izdiham yaşandığını bildirib.

Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Bu gün yüzlərlə şəxs General Süleymaninin anım mərasimi üçün onun türbəsinə doğru yürüş edib.

Süleymaninin 2020-ci ildə qətlinə fərmanı o zamankı ABŞ Prezidenti Donald Trump vermişdi. O, Süleymanini dünyanın "bir nömrəli terrorçusu" adlandırmışdı.

General Süleymani Ali lider Ayətulla Əli Xameneyidən sonra İranda ən güclü fiqur hesab olunurdu.

Çərşənbə günü baş vermis “ekiz partlayış”ın İranın dəstəklədiyi fələstinli Həmas liderinin müavininin İsrail PUA-sının zərbəsi ilə Livanda öldürülməsindən sonra bölgədə gərginliyin artması fonunda baş verdiyi bildirilir.
Qasım Süleymani İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinə nəzarət edirdi.

Süleymani bu qüvvələr vasitəsilə müttəfiq hökumət və silahlı qrupların, o cümlədən Həmas və Hizbullahın maliyyəsi, silahlar, kəşfiyyat və logistik təminatına məsul şəxs idi.

Ətraflı burada oxuyun: Qasım Süleymani kim idi?

bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.