Konstitusiya Məhkəməsinin hakimləri andlarını pozub
27-09-2024, 16:48
1-ci dərəcəli Qarabağ əlilinə işgəncəyə KM də qiymət vermir
1-ci dərəcəli Qarabağ əlilinin 03.09.2022-ci ildə 6 və 9 yaşlı körpə nəvələrinə də stress yaşatmaqla beş maşın polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aparılıb işgəncəyə uğradılmasına, 2 sutka məhkəmə qərarı olmadan işgəncə kamerasında yaralı durumda saxlanılmasına , evinin “protokol qaydasında” axtarış” adı ilə talan edilməsinə hələ də qiymət verilməyib. Polis rəisi Ziya Əliyev, 24 PŞ-nin rəisi Seymur Qarayev, onun müavini Natiq Hüseynov, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və 20 nəfər civarında xüsusi əməliyyat qrupu mütəşəkkil cinayətkar dəstə şəklində sifarişlə savaş qazisinin 9 qabırğasını sındırıb, ağ ciyərində hematoma əmələ gətirdib, açıq-qapalı baş beyin travması vurub, tibbi yardıma da , informasiyaya da qadağa qoyub. 2 sutkalıq həbsdən çıxan kimi şikayət edilən Nizami prokurorluğu ekspertiza təyin edib və ...aldığı rəyi indiyədək işgəncəgörən əlilə verməkdən , fakta hüquqi qiymət verməkdən imtina edir.
Rayon prokuroru Pərviz İbayev anında cinayət işi qaldırmağa borclu olduğu halda , əksinə, cinayəti ört-basdır edir, hətta müstəntiq Qalib Kərimlinin vəsatəti əsasında işgəncə kamerasında həbsdə saxlanılan 1-ci dərəcəli savaş əlilinin evində axtarış aparılmasına təqdimat verib(miş). ( Saxta məhkəmə qərarında belə yazılıb)
Bəs məhkəmə? Axı məhkəmə qərarı olmadan kiminsə həbsdə saxlanılması, evində, sahə müvəkkili Elçin İslamovun bildirdiyi kimi, “protokol qaydasında” axtarış aparılması yolverilməzdir. Məhkəməyə müraciətə cavab olaraq Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gün qabağa tərtib olunan 05.09.2022 tarixli “axtarış qərarı” məhkəmədən yox, statusu göstərilməyən Azad İsmayılzadə adlı şəxsin ismayilzade.azad@inbox.ru elektron poçtundan 14.10.2022-ci ildə işgəncəgörənin emailinə gəlib. Anında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına həm elektron qaydada, həm məktubla şikayət edən Qarabağ qazisinin şikayəti yalnız Məhkəmə Hüquq Şurasına 7 aylıq şikayətlərdən sonra 08.05.2023-cü ildə “qiymətləndirilib”. İlqar Murquzov, Qədim Babayev, Anar Tanrıverdiyev üçlüyü məhkəmənin cinayət özbaşınalığını hələ də cinayətdə şübhəli statusunda saxladığı işgəncəgörənin boynuna qoyub ki, 3 günlük şikayətvermə müddəti ötürüldüyündən şikayətə baxıla bilməz. Özbaşınalığa baxın, birincisi, həbsdə olan şəxsdən gizlədilən, 40 gündən sonra verilən saxta qərardan köhnə tarixə 3 gün müddətində necə şikayət verilə bilər?
Anında qüvvəyə minən bu qərar da Məhkəmə Hüquq Şurasına 6 aylıq şikayətlərdən sonra 30.11.2023-cü ildə verilib və Ali Məhkəməyə şikayət mümkünsüz olduğundan 3 ay müddətində- 06.02.2024-cü ildə Konstitusiya Məhkəməsinə şikayət verilib. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34.4.2 maddəsinə görə, Konstitusiya Məhkəməsinə şikayət ərizəçinin məhkəməyə müraciət etmək hüquququnun pozulduğu andan üç ay müddətində veriə bilər. Qanunun 34.5 maddəsində isə doğrulanıb: “ HÜQUQ və AZADLIQLARIN POZULMASI NƏTİCƏSİNDƏ ƏRİZƏÇİYƏ AĞIR və BƏRPAEDİLMƏZ ZƏRƏRİN VURULMASININ DİGƏR MƏHKƏMƏLƏR VASİTƏSİ İLƏ QARŞISININ ALINMASI MÜMKÜN OLMADIQDA ŞİKAYƏT BİLAVASİTƏ ( BİRBAŞA- M.B.) KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ VERİLƏ BİLƏR”. İşgəncəgörən Qarabağ qazisi bu maddələr , Konstitusiyanın 130-cu maddəsinin V hissəsi əsasında 06.02.2024-cü ildə Konstitusiya Məhkəməsinə şikayət verib.
Konstitusiya Məhkəməsinin palatası ( sədrlik edən və məruzəçi hakim Ceyhun Qaracayev, hakimlər Humay Əfəndiyeva, Rafael Qvaladze, İsa Nəcəfov) 7 ay 7 gündın sonra 12.09.2024 tarixli (26.09.2024-cü ildə verilib) qərardadla şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edib. “Konstitusiya Məhkəməsi haqqında” qanunun vurğuladığımız 34.4.2 və 34.5 maddələri yox, Ali Məhkəmənin qərarından 6 ay müddətində verilə bilən 34.4.1 maddəsi imtinanın əsası kimi götürülüb. Palata yalnız Ali Məhkəmənin qərarından şikayətlərə baxıla biləcəyini vurğulayıb. Bunun isə qanunsuz olduğu elə qanunun özündən görünür.
“Konstitusiya Məhkəməsi haqqında” qanunun 52.1 maddəsinə görə, şikayət 30 gün müddətində KM palatasının iclasına çıxarılır və uyğun qərar qəbul edilir. 7 ay 7 gündən sonra iclasa çıxarılma da qanunsuzluğu , qıraqdan sifarişi ortaya qoyur. Məhkəmənin qıraqdan sifariş gözləməsi isə yolverilməzdir və Konstitusiya Məhkəməsi hakiminin YÜKSƏK ADINA LƏKƏDİR. Bilməmiş olmazlar, nədən içiblər, Konstitusiya Məhkəməsi hakiminin andını anıdırıq-xatırladırıq: “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərini ŞƏRƏF və VİCDANLA yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının ALİLİYİNİ qoruyacağıma, baxdığım məsələləri MÜSTƏQİL, QƏRƏZSİZ və ƏDALƏTLƏ həll edəcəyimə AND İÇİRƏM”.
Bu andiçmə, bu da gerçəklik. Konstitusiyanın ALİLİYİ də , vətəndaşın HÜQUQ və AZADLIĞI da qıraqdan SİFARİŞLƏ, QƏRƏZLƏ, ƏDALƏTSİZLİKLƏ pozulub. Qalır Avropa İnsan Hüquqları Məhkəməsi. Ona da şikayətləri “Azərpoçt” it-bata salır, gah gömrükdən (?), gah sərhəddən (?) içiboş keçirdib geri qaytardır.
Məğrur Bədəlsoy
paralel.az