Bakının tikinti mafiozu: üzərində həbs olan Rauf Əliyevi bu qurumlar himayə edir...
27-09-2024, 10:00
"İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi Rauf Əliyev artıq Bakıda məşhur mənzil fırıldaqçısı kimi ad çıxarıb. Onun şəhərin tikinti mafiyasında əsas fiqurlardan biri kimi tanıyırlar. Çünki illərlə eyni metodlarla vətəndaşları aldadır, amma heç bir cəza almır. Belə əminlik yaranır ki, Rauf Əliyev çox yüksək çinli məmurlar tərəfindən himayə edilir. Əgər elə olmasaydı, çoxdan dəmirbarmaqlıqlar arasında idi. Görünür ki, "əl əli yuyar, əl də üzü" prinsipi ilə işləyən Rauf Əliyevə buna görə "gözün üstə qaşın var" deyilmir. O da bu minvalla binalar tikir, camaatı gah aldadır, gah süründürür, gah illərlə vəd verib başından edir, nəticədə özü də qazanır, himayədarlarını da yemləyir. Misal üçün şirkətin Xətai rayonu, Fəzail Bayramov küçəsindəki pilot layihəsi olsun. 7 il əvvəl sakinlər kirayələrə köçürülüb, onlara həmin ərazidə inşa olunan binadan mənzillər veriləcəyi vəd edilib. Amma iki il ərzində yeni mənzillərə köçəcəyi vədi alan sakinlər, o gün-bu gün kirayələrdə qalıblar. Şirkət əvvəlcə bunu pandemiya dövründə yaranmış maliyyə çətinlikləri ilə izah edib, sakinlər də anlayışla qarşılayıb. Sonra bu məsələ getdikcə acı bağırsaq kimi uzanıb. Sakinlər başa düşüblər ki, şirkət rəhbəri onlara yalan danışır. Artıq pandemiya da keçmişdə qalıb, di gəl, hələ də mənzillər təhvil verilməyib. Sakinlərin sözlərinə görə, şirkət sahibi Rauf Əliyev hər dəfə eyni sözü verir, amma dediyinin üstündə durmur. Hətta bu yaxınlarda Xətai rayon icra başçısının yanında qəbulda olublar. Şirkət sahibi icra başçısının yanında sakinlərə bir daha vəd verib ki, bir həftə ərzində problem həllini tapacaq. Ancaq icra başçısı ilə görüşdə də söylədikləri fıs çıxıb. Sakinlər bir araya gələrək həmin binanın ərazisində çadır qurmağa, etiraz etməyə hazırlaşırlar. Onların bildirdiyinə görə, son zamanlar bəzi sakinlərin kirayə haqlarının ödənilməsində də gecikmələr, hətta heç verməmək halları var. Bu da ikiqat narazılıq doğurub. Ən əsası isə 7 ildir ki, camaat öz mənzillərinə köçə bilmir və kirayələrdə qalıb. Son olaraq isə şikayətin Real TV-də işıqlanması zamanı Xətai RİH məmuru şirkət rəhbərinə tövsiyələr olunduğunu, xəbərdarlıq edildiyini açıqlayıb. Daha sonra Rauf Əliyev telefon danışığında bir həftə sonra problemin həll ediləcəyini bildirib. Amma sakinlər ona inanmır və yenə yalan danışıb vaxt qazandığını qeyd edirlər.
Bu azmış kimi, məlum olub ki, şirkət rəhbəri 18 mərtəbəli bina nəzərdə tutsa da, sonradan onun 20 mərtəbəli olması üçün razılıq alacağını bildirib. Maraqlıdır ki, layihədə 18 mərtəbə göstərildikdən sonra daha iki mərtəbə artırılmasına necə icazə verilə bilərdi? Məlumdur ki, bu qərar Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətində olan məsələdir. Görünür, Rauf Əliyev komitə rəhbərliyi ilə "dil taparaq" problemi çözüb və daha iki mərtəbə qaldırılmasına razılıq ala bilib. Bu faktın özü də sübut edir ki, Bakıda tikinti şirkətləri ilə komitə arasında min cür oyunlar, sövdələşmələr gedir. Nəticədə şəhərin arxitekturası pozulur, şəhərsalma nizamı xaosa çevrilir, rüşvət, pul marağı ucbatından məmurlar biznes sahiblərinin hər bir qanunsuz hərəkətinə şərait yaradır, göz yumurlar. Beləliklə, paytaxt yaşamaz bir hala gəlir. Üstəgəl, əziyyət çəkən vətəndaşlar olurlar, adlanırlar, şirkət sahibləri isə hər bir problemi rüşvətlə aşırmağın mümkün olduğunu anlayaraq, müxtəlif qanunsuzluqlara yol verir, payçılara kələk gəlir, fırıldaq, dələduz yollarla pul qazanırlar. Onsuz da əmindirlər ki, onlara yaşıl işıqdır, komitəni də pulla ələ almaq mümkündür, ona görə də vətəndaşlara "atmaq" olar. O baxımdan "İnşaat Konstruksiyaları" MMC-dən narazı olanlar bilməlidirlər ki, belə MTK rəhbərlərinin arxasında himayədarları və rüşvət alan qurumlar dayanırlar. Əziyyəti çəkən isə sakinlər olurlar.
Yeri gəlmişkən, Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Məhkəmənin qərarı ilə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun üzərində 3 il sınaq müddəti müəyyən olunub. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. İş adamından 659.152,54 manat tutulub, dövlət büdcəsinə keçirilməsinə qərar verilib və qalan hissədə mülki iddia təmin olunmayıb.
Rauf Əliyev şirkəti tərəfindən 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında icra başçılarının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, ümumilkdə 3175824,89 manat, 2018-ci ildə Bakı şəhəri Xətai rayon icra başçısının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamədə 2019-cu ilin cəmi 673584,12 manat sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.
Azər Talıbov
Anaxeber.info