"Mars-A" metal şirkətindəki ölüm hadisəsi gizlədilir? (FOTO)
27-09-2024, 15:18
Sentyabrın 20-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 282 ünvanında fəaliyyət göstərən və metal məmulatlarının istehsalı ilə məşğul olan "Mars-A" şirkətində bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Mars-A" MMC-də çalışan fəhlə Şahbazov Coşqun Fazil oğlu iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.
Bunu redaksiyaya təqdim olunan video materialdan da aydın görmək olur. Amma görüntülərin həssaslığını nəzərə alaraq, onu yayımlamırıq.
Qeyd edək ki, nizamnamə kapitalı 747,700 manat olan "Mars-A" MMC-nin qanuni təmsilçisi Kişiyev Eldəniz Firudin oğlu göstərilir. Şirkətin ilk qanuni təmsilçisi Yaqubov Elçin Səfər oğlu, daha sonra Kazımov Rəhmət Kazım oğlu olub. Şirkətin rəsmi veb səhfəsində qeyd edilir ki, "Mars-A" MMC Azərbaycanda metal istehsalı və satışı üzrə lider şirkətlərdən biridir. Şirkət qara metal bazarında 20003-ci ildən fəaliyyət göstərir.
Sosial şəbəkələrdə şirkətin sahiblərinin Rəhmət Kazımov, Nazim Möhsümov və Məmməd Möhsümov olduğu deyilir.
Məsələ ilə bağlı "Mars-A" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bu barədə məlumat verə bilməyəcəklərini bildirdilər.
Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlamışıq.