Avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən cərimə olunurlar - VİDEO

28-09-2024, 00:04           
Avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən cərimə olunurlar - VİDEO
Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə qalxan yolda çəkilən avtobus zolağı sürücülərin ciddi narazılığına səbəb olub.

TEREF oxu.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə sürücülər bu zolağın onların görünüş dairəsində olmadığını və kəsişən küçədən zolağa girən avtomobillərin cərimələnməli olduğunu bildirirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləcəri dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və əks istiqamətdə avtobus zolaqları bir neçə il əvvəl təşkil olunub.

"Sürücülərin məlumatlandırılması üçün avtobus zolağının başlanğıcında 5.9 "Marşrut nəqliyyat vasitələri üçün zolaq" və 7.5.4 qüvvədə olma vaxtı yol nişanları quraşdırılıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində AYNA tərəfindən 26 küçə və prospektdə uzunluğu 77 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edilib.

Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə 106 kilometrlik avtobus zolağı şəbəkəsinin təşkil edilməsi də nəzərdə tutulub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.