Xronika: Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək
27-09-2024, 16:14
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"20 sentyabrdan Ermənistanda isteriya başlayıb" adlı süjetdə Ermənistan ictimai-siyasi həyatında "Qarabağı azad etdilər, indi növbəti hədəf Qərbi Azərbaycandır" fikri ətrafında isteriyanın davam etməsindən bəhs olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında sərəncamı İrəvanda isteriyanı gücləndirib: "Bir il sonra Prezident İlham Əliyev 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü elan etməsi Azərbaycanın son 200 illik tarixinin ən önəmli səhifəsi, ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsinin məntiqi sonluğu idi. Artıq Qarabağ məsələsi bitdi. Bundan sonra hədəf Qərbi Azərbaycan olacaq".
Qeyd olunub ki, Azərbaycan regionda sülhün bərqərar olmasından yanadır: "Lakin bir neçə faktor Azərbaycanın əlinin daim tətikdə olmasını da şərtləndirir. Birincisi, erməni revanşizmidir ki, Ermənistan hakimiyyəti nə qədər sülhdən danışsa da, Azərbaycana qarşı ərazi iddialarından da əl çəkmir. İkincisi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələdir ki, öz yurdlarından qovulan azərbaycanlı qaçqınların evlərinə qayıdışı beynəlxalq hüququn tələbidir. Ermənistanda yaranmış isteriyanın səbəbi də məhz budur. Ermənilər hesab edir ki, Prezident İlham Əliyev Qarabağı azad edərək, regionda tarixin 200 illik gedişini dəyişdirdiyi kimi, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına da nail olacaq".
Süjetdə İrəvan Dövlət Universitetində şərqşnünaslıq fakültəsinin türkşünaslıq kafedrasının dosenti Varuzhan Geqamyan, Azərbaycan məsələləri üzrə erməni ekspert Anjela Elibeqova və erməni politoloq, ehtiyatda olan polkovnik Volodya Hovhannisyanın, eləcə də "Armeniannews" teleqram kanalında səsləndirilən fikirlərə də yer verilir. Onların iddialarına görə, 2020-ci ilin 10 noyabr razılaşmasından sonra Azərbaycanın hədəfi genişləndi. Qərbi Azərbaycan məsələsi təkcə Azərbaycanda yox, artıq beynəlxalq müstəvidə də gündəmə gətirilib. Qərbi Azərbaycan məsələsi artıq Azərbaycanın yeni milli hədəfidir və mediadan tutmuş təhsilə qədər bütün sektorlarda bununla bağlı uğurlu layihələr həyata keçirilir. Əsas məqsəd azərbaycanlıların öz torpağı hesab etdiyi ərazilərə qayıtması, yəni Ermənistanın hazırki ərazilərinə nəzarət edilməsidir. Yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycan adlandırdıqları ərazilərə, yəni Ermənistana qayıtmağa, burada yaşamağa hazırlaşır. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin gündəminə uyğun fəaliyyət göstərir. Əliyev deyir, Paşinyan icra edir. Bir sözlə, Ermənistan Qərbi Azərbaycana çevriləcək".
Sonda vurğulanıb ki, ermənilər qorxur, amma "qorxunun əcələ faydası yoxdur: "Çünki Qərbi Azərbaycana qayıdış hədəfi gerçəkləşəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: