Ölkə iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir

Bu gün, 18:44           
Ölkə iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir
Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
“Böyük qayıdış” Proqramı uğurla icra olunur. Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi.
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, biz buna da nail olacağıq.
2024-cü ilin geridə qalan ayları göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanaqlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Bir tərəfdən Ümumi Daxili Məhsuldakı artım, digər tərəfdən qeyri-neft sektorunun iqtisadi artımdakı rolunun genişləndirilməsi və artıq drayverə çevrilməsi ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərə nail olunması, eyni zamanda neftdən asılılığın minimumlaşdırılması ilə bağlı strategiya uğurla icra edilir. İqtisadi artım dayanıqlıdır və son illər iqtisadi artım tempi qorunub saxlanılıb. Digər tərəfdən isə iqtisadi artımda qeyri-neft sektoru xüsusi paya malikdir. Bu da iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir. Çünki Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan ölkələrdəndir. Bu da ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsizlik yastığına malikdir. Xüsusilə də xarici faktorlardan iqtisadiyyatın asılılığını minimumlaşdırıb. 2024-cü ilin geridə qalan ayları üçün planlaşdırılan nəticələrə, hədəflərə praktik olaraq nail olmaq mümkün olub. Bu isə ilin yekununda daha sürətli iqtisadi artımın əldə edilməsinə imkan yaradacaq.

Tufan Məmmədov – iqtisadçı ekspert













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.