Prezidentin çıxışı mühüm əhəmiyyət daşıyır
27-09-2024, 17:52
Prezident İlham Əliyevin sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı, ölkənin iqtisadi inkişafı ilə bağlı strateji planları və bu günə olan nailiyyətləri geniş əhatə edir.
Prezident Azərbaycan iqtisadiyyatının 4,3% artdığını və bu göstəricinin inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərini belə üstələdiyini vurğulayır. Bu, xüsusilə qeyri-neft sektorunun 7% artması, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin uğurlu nəticələr verdiyi və iqtisadiyyatın yalnız neft-qaz sektoru ilə məhdudlaşmadığını və qeyri-neft sahəsində də mühüm uğurların əldə olunduğunu göstərir.
Cənab Prezident, xarici neft şirkətləri ilə aparılan danışıqlarda neft hasilatında sabitliyin təmin edilməsinə diqqət çəkmişdir. Bu, ölkə iqtisadiyyatına təsir edən vacib amillərdən biridir. Hasilatdakı tənəzzülün qarşısının alınması və gələcəkdə yeni yataqlardan daha çox neft və qaz hasil ediləcəyi ilə bağlı optimist proqnozlar ölkənin enerji sektorunda sabitliyi təmin etmək üçün çox əhəmiyyətlidir. İlham Əliyev çıxışında ölkənin əsas hədəfinin iqtisadiyyatı şaxələndirmək və dayanıqlı iqtisadi inkişaf modelini təkmilləşdirmək olduğunu vurğulayır. İnflyasiyanın 1%-dən bir qədər çox olması dövlətin sosial-iqtisadi sabitliyə nə dərəcədə yüksək önəm verdiyini bir daha sübut edir. Gələn il üçün minimum əməkhaqqı və pensiyaların artırılması və həssas qrupların rifahının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, sosial siyasətin iqtisadiyyatın vacib hissəsi olaraq ön planda saxlanıldığınının bariz nümunəsidir.
Xarici sərmayələrin qeyri-neft sektoruna cəlb edilməsi və Azərbaycanın stabil və proqnozlaşdırıla bilən iqtisadi mühitinin investorlar üçün cəlbedici olması ölkənin iqtisadi inkişafını yalnız daxili resurslar hesabına deyil, həm də xarici sərmayələr vasitəsilə təmin etmək üçün çox vacibdir. Xarici borcun çox aşağı səviyyədə olması və bu borcun azaldılması ölkənin maliyyə müstəqilliyini artıran amillərdən biridir.
Cənab Prezident gələcəkdə də Azərbaycanın hərbi potensialının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, təhsil və digər sosial sahələrdə dövlət xərclərinin artırılmasının ölkənin həm daxili, həm də xarici siyasətində mühüm amillərin olduğunu bir daha vurğuladı. Prezidentin İlham Əliyevin çıxışı, Azərbaycanın uzunmüddətli iqtisadi və sosial sabitliyini təmin etmək məqsədi ilə bu günə qədər atdığı addımları və bu istiqamətdə gördüyü tədbirləri bir faha aydın şəkildə əks etdirir.
Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr edilən müşavirədəki çıxışı, Azərbaycanın gələcək illər üçün iqtisadi yol xəritəsi kimi qiymətləndirilə bilər. Çıxışda vurğulanan məqamlar strateji hədəfləri və ölkənin iqtisadi inkişafını təmin etmək üçün atılacaq addımları aydın şəkildə ortaya qoyur
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru