Ölkəmizin əsas hədəflərindən biri iqtisadiyyatın daha da şaxələndirilməsidir

27-09-2024, 18:24           
Ölkəmizin əsas hədəflərindən biri iqtisadiyyatın daha da şaxələndirilməsidir
Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
Bu gün infrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir
Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Suverenliyimizin bərpası ilə Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açıldı. Dövlətimizin siyasətində ölkəmizin hərtərəfli inkişafının prioritetliyi və bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi bu imkanların bütün sahələrdə yaranmasını şərtləndirdi. Təbii ki, bütün inkişafın əsasında iqtisadi tərəqqi dayanır.
“Böyük qayıdış” Proqramı uğurla icra olunur. Bütün böyük infrastruktur layihələri ilə yanaşı, əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, biz buna da nail olacağıq.
Cari ilin səkkiz ayının sosial-iqtisadi göstəriciləri qarşıdakı dövrün aydın mənzərəsini yaradır. İqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. «Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, - biz bir gündə qaytara bilərik. Daha heç bir ölkə ilə özümüzü müqayisə etmək istəmirəm. Amma bir rəqəmi deyim ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır» fikirləri ilə ölkəmizin iqtisadi inkişafını açıqlayan cənab İlham Əliyev bildirdi ki, əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. İqtisadi məsələlərə həsr edilmiş müşavirədə cənab İlham Əliyev diqqəti yenidən bu məqama yönəldərək qeyd etdi ki, indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir.
Müşavirədə qeyd edilib ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Prezident İlham Əliyev bildirib ki: «Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı.»


Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.