Bənəniyar hadisələrinin 14 ili tamam olur.

5-01-2024, 09:34           
Bənəniyar hadisələrinin 14 ili tamam olur.
Bu qanlı hadisə, zamanında beynəlxalq aləmdə də böyük əks-səda yaratmışdı. 2010-cu il yanvarın 5-də Culfa rayon Bənəniyar kənd sakinlərinin bir neçə gün davam edən etiraz aksiyalarını yatırmaq üçün, yerli hakimiyyət kəndə silahlı qoşun və texnikalar yeritdi. Kəndə basqın edən maskalı polis və daxili qoşun qüvvələri uşaq, qadın, yaşlı demədən dinc sakinləri döyüb, kütləvi həbs etmişdi. Onlara həbsxanada ağlasığmaz işgəncələr verildiyi bildirilirdi. Həmin basqında iştirak etmiş polis zabitlərindən biri Bənəniyar hadisələrinin ildönümü ilə bağlı "Gündəlik Naxçıvan"a müsahibə verib. Onun canlı şahid kimi açıqlamaları hadisə ilə bağlı qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirir, dinc sakinlərə qarşı polis zorakılığını detallı izah edir, indiyə kimi səslənən bəzi ittihamları təsdiqləyir. Onun açıqlamalarından öncə, Bənəniyar hadisələrinə gətirib çıxaran səbəblərə qısa nəzər salaq.
2008-ci ildən bəri yerli hakimiyyət muxtar respublika ərazisindəki bütün çayxanaların, dükanların, kiçikli- böyüklük bütün ticarət mərkəzlərinin sökülməsinə qərar vermişdi. Çayxana və digər ictimai iaşə obyektlərinin sökülməsi narazı insanların bir yerə toplaşmasının qarşısını almaq, insanların gözünü qorxutmaq üçün idi. Əhaliyə məxsus ticarət obyektlərinin sökülməsində isə məqsəd, Naxçıvandakı biznesi tam olaraq yerli hakim ailə Talıbovların nəzarətinə keçirmək idi. Qısa müddət ərzində bütün kənd, qəsəbə, rayon mərkəzlərindəki iaşə və ticarət obyektləri polisin müşayiəti ilə uçurularaq, yerlə bir edildi. Baş verənlərə demək olar ki, heç kim etiraz etmək gücündə deyildi. Lakin, hakimiyyətin heç bir çərçivəyə sığmayan bu addımına Bənəniyar kəndi tabe olmaq istəmirdi. Kənd sakinləri dirəniş göstərərək, Bənəniyatdakı obyektlərin sökülməsinə imkan vermirdi. Qanunsuzluğa boyun əyməməsi kəndi hakimiyyətin qəzəbinə tuş gətirmişdi. Elə buna görə də kənddən qisas almaq üçün məqam gözlənilirdi.
2008-ci il dekabr ayında Bənəniyarda Aşura mərasimləri keçirilərkən, polislə kənd sakinləri arasında qarşıdurma yaşandı. Yerli hakimiyyət bu cür kütləvi mərasimlərin keçirilməsinə də qadağa qoymuşdu. Polisin bir neçə bənəniyarlını həbs edib, işgəncə verməsi kənd sakinlərini qəzəbləndirməyə başladı. Bu səbəbdən kənddə fasiləsiz aksiyalar başladı. Bundan istifadə edən yerli hakimiyyət yanvarın 5-də kəndə qoşun yeritdi və nəticədə haqsızlığa boyun əyməyən sakinlərdən amansızlıqla qisas alındı.
Hadisə baş verən günün səhəri kənddəki bütün obyektlər, çayxanalar, kompyuter evləri və dükanlar ağır texnikalarla sökülüb, yerlə bir edildi.
Kənd sakinlərinə qarşı əməliyyatda yaxından iştirak etmiş, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən keçmiş yüksək vəzifəli polis zabiti deyir ki, Naxçıvan Ali Məclisiində kəndə basqın edilməsi planı üzərində hələ çoxdan müzakirə gedirmiş. Naxçıvan DİN-də işləmiş həmin şəxsin sözlərinə görə, aşura qarşıdurması bu planın həyata keçirilməsinə bəhanə olub. Keçmiş zabit basqın gününü belə xatırlayır:
" Bizi təcili evdən çağırdılar. Gedəcəyimiz yeri də deməmişdilər. Bu cür məsələləri əvvəldən demirlər. Əməliyyata şəxsən başçılıq edən Naxçıvanın o vaxtkı dxaili ilşər narziri Əhməd Əhmədov hücumdan bir neçə saat öncə özü bir neçə nəfərlə birlikdə kəndə getmişdi. Biz isə Bənəniyarın aşağısında, Saltaq kəndində hazır vəziyyətdə gözləyirdik. Əvvəlcədən iki qadın hazırlamışdılar ki, nazir kəndə gələnədə ona hücum edib, daşlasınlar. Əslində qurulmuş bir iş idi. Bu da kəndə hücum etməyə bəhanə yaradacaqdı. Nazir kənddə çıxış edəndə, həmin iki qadın ona daş atıb. Ondan sonra bizi aşağıdan çağırdılar, biz də qalxdıq. Kəndə müasir silahlarla, antiterror əməliyyatları üçün istifadə olunana gülləkeçirməz maşın olan Kobra, Ştormlarla basqın edildi. Göstəriş verdilər ki, qarşınıza çıxana aman vermədən dubinkayla vurun, beyni tökülsün yürə. Baxmayın ki, bu qonaqdı, yoxsa kənd sakini. Nazir şəxsən pistoletini çıxarıb, başımızın üstə tutdu və dedi ki, uşaqlara belə rəhm edən polisi şəxsən özüm güllələyəcəm. Əməliyyata DİN və Daxili qoşunlar cəlb olunmuşdu. Muxtar respublikadakı bütün rayonların polis idarə və şöbələrinin əməkdaşları Naxçıvan şəhərinə toplanmışdı ki, lazım olsa onlar da köməyə çağırılsın".
Keçmiş zabit deyir ki, kəndə basqın edən polis və daxili qoşun əməkdaşları iki hissəyə bölünmüşdü - axtarış və cəza dəstələri:
"Axtarış qruplarına siyahı vermişdilər. Bizə belə demişdilər ki, syahıda adı olanlar İran agentləridir və onlar dövlər çevrilişində günahlandırılırlar. Sonradan anladıq ki, öz cinayətlərinə haqq qazandırmaq üçün, bizi qəddarlığa psixoloji hazırlamaq üçün belə deyirmişlər. Hücum zamanı kənddə hamı bir-birinə qarışmışdı deyə, adamları siyahı ilə axtarırdıq. Mən axtarış dəstəsinə düşmüşdüm. Əliməzə uzun siyahı verilmişdi ki, qapı-qapı düşüb, adı olanları tapıb, çölə çıxaraq. Biz tapdıqdan sonra isə cəza dəstəsi gəlib, uşaq, böyük bilmədən amansızca döyüb, maşınlara basıb, Böyükdüz təcridxanasına aparırdı. Ağır xəstəni belə yatağından çıxarıb, huşu gedənə kimi döyüb, bir də atırdılar yatağına.
Kənddə qan su yerinə axırdı. Döyülənlərin qanı hər yeri bürümüşdü. Ananın yanında oğulu döyüb təhqir edirdilər, arvadın yanında əri. Döyəndən sonra camaatı minik maşınlarına doldurub aparırdılar təcridxanaya. Kiçik minik maşınlarına 10 nəfər, 15 nəfər basırdılar. Kibrit çöpü kimi".
Müsahibimiz deyir ki, hücum zamanı qarşılaşdığı bir hadisəni heç vaxt unutmayacaq:
" Biz bir həyətin yanından keçəndə, nazri Əhmədov da orada idi. Əlində pistolet durmuşdu ki, camaata rəhm edən polisləri vursun. Mənə ded ki, deyəsən bu həyətdən səs gəlir, gedib yoxlayım. İçəri girib, baxdım ki, səs həyətdəki tualetdən gəlir. Qapını açanda gördüm ki, gənc bir ana 6-8 yaş aralığında 3 uşağını da yanına alıb, burada gizlənib. Bu ailənin də adı siyahıda idi. Ələ keçsələr, uşaq, böyük bilmədən vəhşicəsinə döyəcəkdilər. Qapı açılan kimi qorxu içindəki ana və uşaqlar yalvarıcı baxışlarını mənə zillədilər. Təsəvvür edə bilməzsiz o səhnəni. Onların baxışlarını heç vaxt unutmayacağam. Həmin an özümü güllələmək istəyirdim. Dedim ki, səsinizi çıxarmayın, qalın yerinizdə, nə olar, olar. Həyətdən çölə çıxıb nazirə dedim ki, heç kimi tapa bilmədim, deyəsən qaçıblar. Oradan uzaqlaşdıq. Bir neçə ay sonra bu məsələnin üstü açılanda, uşaqları və ananı qorumaq üçün yalan dedidiyimə görə, nazir Əhmədov şəxsən mənə işgəncə verdi, daha sonra işdən qovdu".
Həmin gün yüzə yaxın kənd sakini kütləvi şəkildə saxlanılaraq, Böyükdüz təcridxanasına aparılıb. Müsahibimiz deyir ki, Əhməd Əhmədov saxlanılanlara şəxsən işgəncə verib, onları təhqir edirmiş:
"Nazir saxlananların barmaqlarını qapı arasına qoyub sıxırdı, dubinkayla döyürdü, söyüb, təhqir edirdi. Qadınlı-kişili soyunmağa məcbur edirdi. Məcbur edirdi ki, kəndlilər bir-birinin üzünə tüpürsün, şillə ilə bir-birlərini vursun. Bir sözlə, Talıbov hakimiyyəti Azərbaycan tarixinə yazılacaq utancverici, dəhşətli işgəncələrlə yadda qalan bir hadisəyə imza atdı. Əhməd Əhmədov burada bir icraçı idi. Qəddar bir icraçı. Hər şeyin planı isə, yuxarıda cızılmışdı. Məqsəd qisas alıb, digərlərini qorxutmaq idi".
Hadisə nəticəsində AXC yerli təşkilatının sdəri Rza Nuriyev də daxil olmaqla iki nəfər həyatını itirib. Saxlanılanlardan bir neçə şəxsə isə cinayət işi açılır.
Rəsmi məlumatlara görə, hadisəyə səbəb, kənd camaatının Culfa polis bölməsinə hücüm etməsi göstərilir. Kənd sakinləri isə deyilənləri təkzib edərək, bunu kəndə hücum etməklərinə haqq qazandırmaq üçün hakimiyyətin uydurması adlandırıb.
Bənəniyarda baş verənlər, beynəlxalq aləmdə də əks-səda doğurmuşdu. Hadisədən bir neçə gün sonra ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdi. Lakin onlar, Bənəniyar kəndində öyrədilmiş naməlum şəxslərin hücumuna məruz qalmışdı. Bundan sonra hər iki səfirlik bəyanat verərək hadisəni pislədi və hökumətdən öz diplomatlarının təhlükəsizliyinə təminat istədi. Bu bəyanat Azərbaycanla adı çəkilən iki ölkə arasında beynəlxalq qalmaqala səbəb olmuşdu.
O vaxt bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları da polisin Bənəniyar kəndinə hücumunu və davranışını pisləyən kəskin bəyanatlar vermişdi.
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.