Ölkə gəlirləri azalıb, xərclər artıb... "Vergi yükü istehsalın artımını üstələdikcə, biznes müflisləşəcək"

6-01-2024, 11:08           
Ölkə gəlirləri azalıb, xərclər artıb... "Vergi yükü istehsalın artımını üstələdikcə, biznes müflisləşəcək"
İl ölkə iqtisadiyyatı üçün heç də uğurla başa çatmadı. Məhz 2023-cü ildə məlum oldu ki, daha neftə böyük ümidlər bəsləməyə dəyməz. Hasilat onsuz da çox azalmışdı. Gələn ildən neft gəlirləri ilə yanaşı, bu istiqamətdə vergi daxilolmalarının da xeyli azalacağı dəqiqləşdi. Ən azı hökumət səviyyəsində vəziyyətin yaxşı olmadığı etiraf olundu.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank 2024-cü il üçün pul-kredit siyasəti ilə bağlı mövqeyini açılayıb. Bank risklərdən söz açıb. Əsas narahatlıq odur ki, məcmu tələb ölkənin istehsal potensialından daha yüksək artıma göz dikib. İstehsalatda açıq-aşkar durğunluq yaşanır. İqtisadiyyatda böyümə dayanıb. Buna baxmayaraq, investisiya qoyuluşları, büdcə xərcləmələri əvvəlki sürətlə davam edir.
Əslində, situasiyanı ən bəsit ifadələrlə izah etmək lazımdır. İstehsalat yoxdur. Hökumət böyük əziyyət çəkmədən əldə olunan gəlirlərə alışıb. Ortaya hər hansı iqtisadi model qoymayıb. Bütün inzibati tədbirlərə baxmayaraq, ölkədən xeyli valyuta çıxır. Başa çatan ildə iqtisadi böyümə cəmi 0,8 faiz olub. Əvəzində büdcə xərclərində 15, kreditləşmədə 18, investisiya qoyuluşlarında 17, bu genişlənməni maliyyələşdirmək üçün manatla pul bazasında 10 faiz artım müşahidə edilib. Əmtəə və xidmət idxalında da eyni tendensiya nəzərə çarpır.
İqtisadçı Rövşən Ağayev də vəziyyətin çox pis olduğunu düşünür: “Yüksək təbii resurs qiymətləri hesabına izafi qazanclarla iqtisadiyyata pul pompalamaqla məcmu tələbi süni genişləndirməyin yaratdığı mənzərədir bu. Amma çox dayanıqsız, riskli və qeyri-məhsuldar iqtisadi tablodur. Mərkəzi Bank sənəddə orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artmasını da uzunmüddətli dövrdə inflyasiya riskləri baxımından təhlükə sayır. Bu da o vəziyyətdir ki, biznesin əməkhaqqı xərcləri istehsalın bir işçiyə düşən həcminin artım tempindən daha sürətlə artır. Məsələn, bir işçiyə düşən istehsal həcmi 2 faiz artır, amma maaş fondu 10 faiz. Bu vəziyyət təkcə inflyasiyanı tətikləmir, uzunmüddətli dövrdə biznesi də çökdürür. Amma bu təkcə maaş-əmək məhsuldarlığı məsələsi deyil: biznesin vergi yükünün ağırlaşması da onun istehsal potensialının, əmək məhsuldarlığının artımına adekavat olmalıdır. Əgər qiymət amilinin təsiri nəzərə alınmazsa, vergi yükü istehsalın artımını əhəmiyyətli dərəcədə üstələyirsə, çox keçməz biznes müflisləşər”.
Rövşən Ağayev də çox maraqlı məqamlara toxunub. Bir sözlə, iqtisadi tabloda xoş mənzərə əks olunmayıb. Gəlirlərin çox azalmasına baxmayaraq, xərclərin yüksək tempi narahatlıq yaradır. Ölkəyə illərlə böyük neft pulları gəlsə də, istehsal sahələri yaradılmadı. Əvəzində yalnız biznes istiqamətlərinin vergi yükünü artırmağı bacarırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.