Sülhməramlı sualı

6-01-2024, 11:14           
Sülhməramlı sualı
Rusiya qoşunlarını Qarabağdan çıxardacaq, yoxsa hərbi baza yaradacaq?
Qarabağ məsələsi həll olunub, Azərbaycan öz sərhədləri daxilində bütün prosesləri
yekunlaşdırıb və bütün ərazilərində öz suverenliyini bərpa edib. Burada Azərbaycana qarşı çıxa
biləcək qüvvə də qalmayıb. Ermənilər kütləvi şəkildə Qarabağı tərk edib və qalan bir neçə erməni
sakin isə Azərbaycan vətəndaşlığını qəbul edərək qanunlar çərçivəsində burada yaşamağa
davam edir. Bəs, belə olduğu təqdirdə, Rusiya “sülhməramlıları” torpaqlarımızda nə edir? Bu
hərbi kontingentin Azərbaycan ərazisində yerləşdirilməsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli
bəyanatda belə əsaslandırılmışdı ki, Qarabağda azərbaycanlılarla ermənilərin kompakt
yaşadıqları ərazilərdə sülhün təmin olunmasına xidmət edəcəklər. Ermənilər Qarabağda artıq
yaşamırlar, bəs rus hərbçilərinin yeni təyinatı nədən ibarətdir?
Bəziləri lokal anti-terror əməliyyatından sonra sülhməramlıların öz funksiyalarını tamamladığına
görə buranı tərk etmələrini istəyir, bəziləri isə iddia edir ki, sülhməramlıların Azərbaycanda
olması onların daim burda qalması deməkdir və Rusiyanın əsas məqsədi Azərbaycanda böyük
bir hərbi baza yaratmaqdır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ötən ilin yekunlarına dair
keçirilmiş mətbuat konfransında deyib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyət müddəti
sənəd əsasında tənzimlənir və onların fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.
Ceyhun Bayramov bu sözlərindən hansı nəticə çıxır? Həqiqətənmi, Rusiya hərbi kontingentinin
ölkəmizdə mövcudluğu göstərilən müddətdə başa çatacaq? Həmin müddət başa çatdıqdan
sonra Rusiyanın Azərbaycanda hərbi baza yaradacağı barədə iddialar nə qədər əsaslıdır?
“Sülhməramlı qüvvələrin Qarabağ ərazisindən çıxarılması ancaq iki dövlət arasındakı razılıq ilə
həyata keçirilə bilər”.
Bu sözləri saytımıza açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.
Deputat deyir ki, bu razılıq Azərbaycan və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr
sazişinə uyğun olmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələri Qarabağ ərazisinə məhz həmin
sazişə uyğun olaraq yerləşdirilib.
Deputat əlavə edir ki, sülhməramlı qüvvələrin əsas missiyası münaqişə tərəfləri arasında olmaq,
heç bir tərəfə birmənalı şəkildə yardım göstərməmək, problem yaranarsa bu münaqişəni
tənzimləməkdir. Lokal xarakterli anti-terror əməliyyatından sonra Qarabağ ərazisindəki separatçı
ordu qovulub və orada ciddi təhlükə yoxdur. “Sülhməramlı qüvvələrin də burada qalma müddəti
2025-ci ilin noyabr ayına qədərdir. Onların ərazidən çıxma müddətinə 6 ay qalmış artıq
sülhməramlıların orada qalıb-qalmaması tənzimlənməlidir. Münaqişə yoxdursa, ümumiyyətlə,
bu problem kökündən həll olunmalı və onlar Azərbaycan ərazisini tərk etməldirlər. Artıq
Ermənistan bu məsələdə söz sahibi deyil, odur ki, məsələnin də həlli birmənalı şəkildə
Azərbaycanın tərəfindən həyata keçirilə bilər”.
Arzu Nağıyev sonda bildirdi ki, Ermənistanın hansısa bir iddia qaldırmaq səlahiyyəti yoxdur, bu,
mümkün deyil. Məhz Azərbaycan özü sülhməramlı qüvvələrin qalıb-qalmaması problemini həll
edir. Bu qüvvələr, mandatlarına uyğun olaraq, həmin ərazidə qalmayacaqlar və vaxtında, bəlkə
vaxtından da tez həmin ərazini tərk edəcəklər.
“Ceyhun Bayramovun da dediyi kimi, Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti 10
noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat əsasında tənzimlənir”.

Politoloq Şahin Cəfərli Pressklub.az-a açıqlamasında belə deyib.
O, bildirib ki, hazırda bu sənəd sadəcə formal olaraq qüvvədə qalır. Müsahibimiz bu sənədin
qüvvədən düşdüyünü hesab edir: “Sonuncu lokal xarakterli anti-terror əməliyyatı nəticəsində
Azərbaycanın Qarabağdakı əraziləri tamamilə öz nəzarətinə götürməsindən, eləcə də yerli
erməni əhalinin həmin bölgəni tərk etməsindən sonra faktiki olaraq, bu üçtərəfli sənədin
qüvvədən düşdüyünü hesab edirəm. Üçtərəfəli sənədin 2 tərəfi, yəni, Azərbaycan və Rusiya
hələ ki, bu sənədə sadiqliklərini davam etdirirlər. Bu baxımdan, Ceyhun Bayramovun da dediyi
kimi, böyük ehtimalla, Rusiya sülhməramlı qüvvələri həmin sənəddə nəzərdə tutulan müddətin
sonuna qədər bu ərazidə qalmağa davam edəcəklər”.
Şahin Cəfərli hesab edir ki, Rusiya Azərbaycanı öz xoşu ilə tərk etmək istəməz. Bu baxımdan,
Rusiya hərbi kontingentinin Azərbaycanda qalıb-qalmaması məsələsi hazırda iki tərəf arasında
da müzakirə olunur. Bunu Rusiya tərəfinin açıqlamalarına əsasən öyrənirik. Rusiya hərbi
kontingentinin bundan sonrakı fəaliyyəti və status məsələləri hazırda Bakı və Moskva arasında
müzakirə mövzusudur. Böyük ehtimalla Rusiya Azərbaycanı tərk etmək istəməyəcək və öz
sülhməramlı adlanan hərbi kontingentinə hərbi baza statusunun verilməsini istəyəcək.
Rusiyanın marağı budur.
“Rusiya, əlbəttə, Azərbaycanda uzunmüddətli hərbi baza yaratmaq istəyir. Yəqin ki,
müzakirələrdə Rusiya tərəfi bunu gündəmə gətirir. Təbii ki, Azərbaycan tərəfinin mövqeyini və
buna reaksiyasını hələ bilmirik. Çünki danışıqlar qapalı gedir. Əslində isə Rusiyanın
Azərbaycanda öz maraqlarını təmin etməsi üçün hansısa sayda hərbi kontingent saxlaması
məcburi deyil. Yəni, o, burada hərbi kontingent saxlamadan da Azərbaycanda öz maraqlarını
təmin edə bilər və edir də”.
Politoloq qeyd edir ki, hazırda Rusiya Azərbaycan münasibətləri öz intibah dövrünü yaşayır. Yəni,
müstəqillik dövründə Azərbaycanın Rusiya ilə münasibətlərinin ən yaxşı dövrü məhz bu dövrdür.
Bu münasibətlər hüquqi bir çərçivəyə əsaslanır. Həmin çərçivə 2022-ci il fevralın 22-də
imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyətinə dair bəyannamədən ibarətdir: “Azərbaycanda
Rusiya ilə imzalanmış müttəfiqlik sənədinə ictimai səviyyədə çox da əhəmiyyət verilmir, bu
sənəd gündəmə gəlmir və sənədə qarşı qəribə münasibət bəslənilir. Amma biz görürük ki, bu
müttəfiqlik sənədi işlək bir sənəddir və Azərbaycan Rusiya münasibətlərini ən yüksək
səviyyəyə çıxarıb”.
Şahin Cəfərli deyir ki, hazırkı mərhələdə Azərbaycan hakimiyyətinin yeritdiyi ənənəvi balans
siyasətini Rusiyanın lehinə pozduğunu müşahidə edirik. Azərbaycan hazırkı mərhələdə Rusiyaya
daha çox yaxınlaşıb və qərbdən də müəyyən mənada uzaqlaşıb. Əlavə olaraq, Azərbaycanın hər
hansı bir qərb dövləti ilə bu cür, bu səviyyədə bir tərəfdaşlığı və müttəfiqliyi yoxdur. Yəni,
Azərbaycan nə Amerika ilə, nə Avropa İttifaqı ilə, nə də Avropanın digər dövlətləri ilə Rusiya ilə
imzaladığı sənədin bir bənzəri və analoqu olan bir sənəd imzalamayıb.
“Bu gün Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik xarakteri daşıyır. Azərbaycan-Qərb
münasibətləri isə tərəfdaşlıq xarakteri daşıyır. Rusiya hazırda Azərbaycan vasitəsi ilə Cənubi
Qafqazda öz maraqlarını təmin edə bilir. Gələcəkdə vəziyyət necə olacaq? Hansı istiqamətdə
dəyişəcək? Azərbaycanın bu gün Rusiyaya yaxınlaşması uzunmüddətli strateji seçimdirmi? Bu
suallar hələ ki, cavabsız qalır. Buna hazırkı mərhələdə qəti cavab vermək mümkün deyil.
Amma onu deyə bilərəm ki, bu gün üçün Azərbaycanın uzun illər həyata keçirdiyi ənənəvi
balans siyasəti Rusiyanın xeyrinə pozulub” – deyə, politoloq sonda bildirdi.
Mədinə Useynova
/pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.