"Hələ də anlamıram ki, Mədəniyyət Nazirliyi, doktoru bu nə xəbər kirliliyi idi yaratdılar?" - Baş redaktordan ağır sual...

7-01-2024, 11:08           
"Hələ də anlamıram ki, Mədəniyyət Nazirliyi, doktoru bu nə xəbər kirliliyi idi yaratdılar?" - Baş redaktordan ağır sual...
Aygün Bəylərin səhhətindən saatbasaat xəbərdar idim. Sragagün qara ciyəri tam dayandı. Dünən konsilium oldu, “artıq hər şey üçün gecdir” qərarı verildi. Bu səhər vəziyyətin son dərəcə ağır olduğu, ailəsilə vidalaşması üçün Bakıya gətiriləcəyi deyildi. Amma son saatları idi, çatmırdı. Axşama doğru komaya girdiyi xəbərini aldım. Onu heç bir cihaza bağlamamışdılar. Mənası yox idi. Bakıdan ardınca uçaq göndərildiyi bildirildi 8-də - dostları vəfa borcu bilmişdilər.
Aygün xətri istənəcək gözəl insan, təpədən-dırnağa bir təranə idi. Qazancını bölən, sevgisini, sevincini paylaşmaqdan dünyanın xoşbəxti olan yuxa ürəkli birisiydi. Bu sətirləri çox böyük kədərlə yazıram. Bu dünyada gün görmədi, Allah o dünyasını gözəl eləsin.
Amma hələ də anlamıram ki, Mədəniyyət Nazirliyi, doktoru bu nə xəbər kirliliyi idi yaratdılar? Çox ağır şəkildə qaçaraq Ankaraya aparılan ağır xəstə üçün “gəzməyə gedib” deməyin adını qoya bilmirəm. Günortadan can verdiyi bilinən sənətçi haqqında “yaşayır, ölüm xəbəri yalandır” deməkdə məqsəd nə idi? 2-3 saat sonra ortaya çıxacaq gerçəyi ucuz yalanın arxasında gizlətmək kimin hansı dərdinə yarayırdı? Yalansız yaşaya bilmirsiz?
Bu gün ulduzu axıb getsə də Aygün Bəylər Azərbaycan incəsənətinin hər zaman parlayacaq ulduzu kimi tarixə keçdi. Nadir səsi və oxu tərzi ilə öz yolunu yaratdı. Şirvan muğam məktəbinin son 20 ildə ən parlaq simalarından biri idi Aygün Bəylər. Çox bəstəkarı məşhurlaşdırdı. Xalq artisti adı ona qıyılmasa da millətin könlündə taxt qura bildi. Onlarla mahnı məhz onun “xalları”, onun boğazları ilə dillərdə əzbərdir. Sevgilərin, ayrılıqların, vüsalların bənzərsiz tərcümanı idi o.
Bu dəqiqələrdə nəşinin ölkəyə gətirilməsi üçün sənədləşmə işləri aparılır bildiyim qədərilə. Mədəniyyət Nazirliyi gün boyu etdiklərini heç olmasa, Aygün Bəylərin Azərbaycan incəsənətinə xidmətinə adekvat vida mərasimi düzənləməklə örtə kaş. Dövlət Filarmoniyasında, ya da Mahnı Teatrında… Haqqıdır…
Yeri cənnət olsun sənətkarın.
Allah bütün əzizlərinə səbr versin.
Aygün Muradxanlı
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.