Sərhəd toqquşmasının pərdəarxası: nə, niyə baş verir?

14-02-2024, 09:38           
Sərhəd toqquşmasının pərdəarxası:
Rusiya Brüssel formatının bərpa olunmasına reaksiya verdi...
Qarabağda keçirilmiş sonuncu anti-terror əməliyyatından sonra dünən ilk dəfə AzərbaycanErmənistan şərti sərhədində atəşkəs pozuldu.
Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, Zəngilan rayonu ərazisində
Ermənistanın ordusunun Qafan rayonunda yerləşən mövqelərindən açılan atəş zamanı hərbi
qulluqçu Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. DSX bəyan edib ki, bu növbəti təxribata görə
məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Yaralı hərbçi bu gün müalicə olunduğu hospitalda jurnalistlərə hadisəni belə təsvir edib: “Sərhəd
döyüş məntəqəmizdə iki nəfərlə vəzifəmizi yerinə yetirirdik. Qarşıdakı düşmən postlarının
müşahidəsini aparırdıq. Bu zaman tək bir atəş səsi eşitdim. Həmin an huşumu itirdim…”
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan
silahlı qüvvələri Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Qeyd edək ki, dünən Ermənistan Hərbi Prokurorluğu insidentin araşdırılacağını və günahkarların
cəzalandırılacağını vəd edib.
Amma görünür, bu vəd Azərbaycan tərəfində ciddiyə alınmayıb. DSX fevralın 13-də “Qisas”
əməliyyatı keçirildiyi barədə məlumat yayıb. Qeyd olunur ki, Qafan rayonunun Nerkin-And
yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri
susdurulub.
Ermənistan Müdafiə Nazirliyi isə əməliyyat nəticəsində 2 hərbçinin öldürüldüyünü bildirib. Bir
qədər sonra Ermənistan parlamentinin Müdafiə məsələləri daimi komitəsinin sədri Andranik
Koçaryan 4 hərbçinin öldürüldüyünü, birinin isə yaralandığını açıqlayıb.
Şərti sərhəddə atəşkəsin pozulması Azərbaycanda keçirilmiş növbədənkənar prezident
seçkilərindən dərhal sonra baş verməsi diqqət çəkir. Rəsmi Bakıdan Ermənistanla bağlı
normallaşma prosesi ilə bağlı yeni bir açıqlama olmayıb. Prezidentin köməkçisi Elçin Əmirbəyov
xarici mediaya müsahibəsində davamlı sülh üçün Ermənistanda Konstitusiya islahatların
aparılması, Azərbaycana qarşı ərazi iddialarından imtina olunması vacibdir.
Amma seçkidən sonra – fevralın 8-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişeldən İlham Əliyevə
təbrik zəngi gəldi. Mişel “Tvitter” hesabında yazdı ki, Əliyevlə Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşması istiqamətində ətraflı müzakirələr aparıb: “Biz Azərbaycanın
sabit və firavan Cənubi Qafqazı təşviq etmək üçün Brüssel Prosesinin üçtərəfli görüşünü
yeniləmək öhdəliyini alqışlayırıq”, – Mişel vurğulayıb.
Ekspertlərə görə, danışıqlar zamanı İlham Əliyev Brüssel formatında Ermənistanla danışıqların
bərpa olunmasına razılıq verib.
Fevralın 10-da isə Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə Bakı və
İrəvana mesajlarla dolu müsahibəsi yayınlandı. Qaluzin “Rusiyanın iştirakı və yardımı olmadan
Azərbaycan və Ermənistan arasında etibarlı sülh razılaşmasının əldə olunması mümkün deyil”
deməklə bərabər, Rusiyanın Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıtmasına şərait
yaratmağa hazır olduğunu açıqladı.
Nazir müavininin açıqlamalarında əsas diqqətçəkən məsələ, Rusiya sülhməramlılarına bölgədə
iş tapmaq və onun mandatını uzatmaqla bağlıdır: “Qarabağa qayıtmaq istəyən ermənilərin
hüquqlarını və təhlükəsizliyini lazımi qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması
vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən iştirakı böyük əhəmiyyət
kəsb edən Rusiya sülhməramlı kontingenti vasitəsilə”.
Qaluzin daha sonra 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı müəmmalı
şəkildə öldürülən 6 yüksək rütbəli rusiyalı hərbçinin məsələsini yada salır: “Azərbaycanın
hücumu zamanı Rusiyanın səyləri, o cümlədən altı sülhməramlımızın həyatı bahasına olmaqla,
mülki əhali arasında əhəmiyyətli itkilərinin qarşısı alınıb”.
Bu açıqlama Azərbaycana təzyiq, şantaj xarakteri daşıyır və rusiyalı diplomat Bakının Qarabağda
etnik təmizləmə aparmağa çalışdığını, lakin sülhməramlıların onun qarşısını alarkən itkilər
verdiyini iddia edir.

Qaluzindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokımov “İzvestiya” qəzetinə geniş
müsahibəsində nazir müavininin açıqlamalarındakı tezisləri inkişaf etdirir:
“Antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə
birlikdə ərazidə patrul həyata keçirir, binaları və mədəni obyektləri qoruyur”.
Rusiyalı diplomatlar yəqin ki, bilərəkdən Azərbaycanın bölgədəki suveren hüquqlarına etinasız
mövqe nümayiş etdirirlər. Ermənilər Qarabağa qayıdarsa, onların təhlükəsizliyi və hüquqları
Azərbaycan Konstitusiyası çərçivəsində dövlətin təhlükəsizlik qüvvələri və hüquq mühafizə
orqanları tərəfindən qorunacaq. Azərbaycan buna tam qabil ölkədir, onun xarici ölkənin hər
hansı yardımına ehtiyacı yoxdur. Eləcə də səfir Yevdokimovun açıqlamasında qeyd olunan tarixi
abidələrin və binaların qorunması məsələsi də Azərbaycanın dövlət qurumlarının vəzifəsidir.
Sülhməramlılar Azərbaycan ərazisində onu kimdən mühafizə edirlər?!
Nazir müavini və səfirin açıqlamaları Azərbaycanın Brüssel formatında danışıqları bərpa
olunmasına ilkin razılıq verməsi ilə bağlı ola bilər. Bu zaman kəsiyində atəşkəsin pozulması da
təsadüfi görünmür…
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Pressklub.az-a şərhində təxribatın arxasında dayanan
geosiyasi səbəblərə aydınlıq gətirib. O, qeyd edir ki, Azərbaycan hərbçisinin yaralanması ilə bağlı
hadisə təsadüfi də ola bilərdi: “Hesab edirəm ki, Azərbaycan-Ermənistan şərti sərhədində
gərginliyin artması gözlənilən idi. Məlumdur ki, bu münaqişə regionu idarə etmək vasitəsi kimi
yaranıb, o vaxtdan da bu şəkildə istifadə olunur. Uzun müddət idi, gərginlik, qarşıdurmalar
Qarabağ bölgəsində baş verirdi. Ötən ildən gərginlik mənbəyi olan Qarabağ Azərbaycanın tam
nəzarəti altındadır və münaqişə sərhədə keçib. Bu keçid prosesi əslində çoxdan başlayıb,
çünki bəyanatlarda, şərhlərdə sərhəd məsələsi qabardılır. Proseslər onu göstərir ki, kənar
oyunçular bölgədə bu və ya digər formada gərginliyin qalmasında maraqlıdırlar”.
Keçmiş nazir vurğulayır ki, coğrafi baxımdan gərginliyin Qarabağdan Azərbaycan – Ermənistan
sərhədinə keçməsi artıq yekunlaşıb. Onun sözlərinə görə, istənilən halda kənar oyunçular
burada öz iştiraklarını, nüfuz dairələrini yaradıb prosesləri idarə etməyə çalışırlar:
“Son dövrün əsas xəbərlərindən biri Rusiya sülhməramlılarının bölgədəki gələcəyi barədə
müzakirələrin başlamasıdır. Bəllidir, bunlar mandatları bitən kimi hazırki mövqelərini boşaldıb,
harasa getməlidirlər. Eyni zamanda, biz başa düşürük ki, Rusiya və başqa oyunçular
çalışacaqlar ki, bölgədə idarəetmə üsullarını bu və ya digər formada saxlasınlar. Avropa İttifaqı
öz müşahidə missiyasını Azərbaycanla sərhədə yerləşdirib. Digər tərəfdən, biz bilirik ki, 1992-
ci ildən Zəngəzur tərəfdə, Ermənistan-İran sərhədində rus sərhədçiləri var. Eyni zamanda, 44
günlük müharibədən dərhal sonra Rusiya orada 3 və ya 4 yeni nəzarət məntəqəsi yaradaraq
sərhədçilərdən ibarət olan hərbçiləri orada yerləşdirib. Amma onların yerləşdirilməsi heç bir
hüquqi sənədlə tənzimlənmir. Çünki biz Rusiya və Ermənistan arasında bağlanmış sazişə
baxanda görəcəyik ki, 1992-i ildə imzalanmış bu sənəd, sadəcə olaraq, MDB-nin xarici
sərhədlərinin qorunması üçün Rusiya sərhədçilərini yerləşdirilməsi ilə bağlıdır. Amma yeni
qurulmuş nəzarət məntəqələri MDB üzvləri arasında yaradılan yeni məntəqələrdir”.

T.Zülfüqarov hesab edir ki, Rusiya Qarabağdan hərbçilərini çıxarıb Azərbaycan-Ermənistan
sərhədlərində saxlamağa çalışacaq. “Söhbət təkcə sərhədçilərdən də getmir. Həm Rusiya, həm
də Qərb çalışacaqlar ki, sərhədlərlə bağlı gedən danışıqlarda iştirak etsinlər. Artıq dolayı olsa
da buna aid bəyanatlar verirlər. Baxın, son zamanlar SSRİ Baş Qərargahının xəritələri gündəmə
gətirilir. Onu gündəmə gətirən həm Lavrovdur, həm də Qranadada Makron. Əslində, qəribə
vəziyyət yaranıb, xəritələr kimə lazımdır? Bizim hamımızın cibindəki telefonda Google Map
proqramı var, orada sərhədlər xəritələrdən daha dəqiq göstərilir. Bəs nəyə görə bu fikri
səsləndirirlər? Lavrov deyir, SSRİ Baş Qərargahının xəritələri bizdədir, bizsiz danışıqlar
mümkün deyil, Makron da xəritələrdən danışır. Bu da Moskvaya bir mesajdır ki, həmin
xəritələrin əsasında Fransa da danışıqlarda iştirak etmək istəyir. Bunu təmin etmək üçün onlar
xüsusi bir missiya da göndəriblər. Ukrayna və başqa qaynar bölgələrdə qarşıdurma içərisində
olsalar da, bizim regionda çalışırlar ki, mövqelərini uzlaşdırıb, gücləndirsinlər”, – keçmiş nazir
vurğulayıb.
T.Zülfüqarov deyir ki, məhz ona görə Azərbaycan ikitərəfli danışıqlar formatı təklif edir: “Deyirik
ki, gəlin birbaşa müzakirə edək, hansısa nəticələr əldə edək. Biz görürük, eləcə də Ermənistan
siyasi elitasının bir hissəsi başa düşürlər ki, vasitəçilər çoxlu sayda vədlər verə bilərlər, amma
onların kimin tərəfində oynaması təminat vermir ki, Ermənistanın maraqları müdafiə
olunacaq…”
Turqut
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.